12px14px16px18px

“Onlar ağ yalanı doğru yerinə sırımağa cəhd edirlər”

MÜBARİZ ƏHMƏDOĞLU: “ƏRDƏBİL İMAMCÜMƏSİ AMİLİ AZƏRBAYCANI ŞƏRLƏMƏK FUNKSİYASINI DAVAM ETDİRİR”

00:15 / 12.04.2012
Siyasi İnnovasiya və Texnologiya mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu “525”ə açıqlamasında İranla Azərbaycan arasındakı münasibətləri şərh edib. Politoloq İranın dini rəhbərlərinin Azərbaycana qarşı təbliğat aparmasına toxunaraq, bu dini şəxslərin Azərbaycanı şərlədiyini bildirib: “İran taxıl yetişdirə bilmədiyi, əhalisi üçün lazım olan buğdanı Amerikadan aldığı, digər zəruri mallarının istehsalını özündə qura bilmədiyi halda, çox gözəl təbliğatçılar yetişdirib. Onlar ağ yalanı doğru yerinə sırımağa cəhd edirlər. Amma fikirlərində məntiq, konseptuallıq, ardıcıllıq yoxdur. Təki həmin anda qarşılarında oturmuş adamların mövqeyini özlərinə lazım olan istiqamətə yönəltsinlər. Belə təbliğatçılardan ən mühümü Ərdəbilin imamcüməsi Amilidir. İran İslam Respublikasının azərbaycanlı dini lideri Xamneyinin evinə gəl-get edən Amili həm də Azərbaycan Respublikası ilə həmsərhəd olan, Azərbaycanın işğal olunmuş əraziləri ilə işğal olunmamış ərazilərini birləşdirən Ərdəbil Ostanlığının ən birinci şəxsidir. Keçmiş sovet terminləri ilə ifadə etsək, Amili Ərdəbil Vilayət Partiya Komitəsinin birinci katibidir. Dini moizələri ədalət naminə, adama ləzzət edir. Bəzi neqativ məsələləri tez-tez qabartmasını isə ziyanlı hesab edirəm, çünki camaata nəyi qadağan edərsən, onun dalınca da qaçar. Təbliğatçı kimi Amilinin əsas funksiyalarından biri də hər moizədə Azərbaycan Respublikasının əleyhinə nə isə deməklə təbliğat aparmaqdır. Çünki Ərdəbil Ostanlığı Azərbaycan Respublikası ilə həmsərhəddir. İran İslam Respublikası ərazisindəki əksər azərbaycanlılar kimi Ərdəbil Ostanlığının əhalisinin Azərbaycan Respublikasına və onun rəhbərliyinin apardığı siyasətə rəğbəti artır. Təlimatı da birbaşa “o kişidən” alır. Tez-tez səhvlərə yol verir. Qarabağ gedib, Amerika 20 ildir ki, Qarabağı Azərbaycana qayıtmağa qoymur, bir azdan Qarabağ tam müstəqil olacaq”. Onun bu fikri arqumentləşdirməsi də maraqlıdır. Azərbaycan Respublikasının müdafiə naziri İranda səfərdə olarkən Qarabağın müharibə ilə azad olunmasından danışdı və dərhal ABŞ Dövlət Departamentinin sözçüsü bəyanat verdi ki, Dağlıq Qarabağ münaqişəsi regionunda heç kim müharibə edə bilməz. Amilinin siyasi konspektlərini hazırlayanlar ona qətiyyən hörmət etmirlər. Əslində, belə bəyanat Amilini nüfuzdan salır.
Əvvəla, Amili ABŞ-ın hər yerdə, o cümlədən İranın qulağının dibində də güclü olduğunu etiraf edir. İran kimi ambisiyalı dövlətin təbliğatçısına bu yaraşan hal deyil.
Politoloq daha sonra bunları söyləyib: “Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev tez-tez Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə həlli ilə bağlı bəyanatlar verir; hətta ildə üç-dörd dəfə ABŞ-ın siyasi və hərbi rəsmiləri onun qəbuluna gəlirlər və bizim müdafiə nazirimiz onların birbaşa üzünə deyir ki, “siz Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyəcəksinizsə, biz bunu müharibə vasitəsilə həll edəcəyik”. Ona görə də Səfər Əbiyevin müharibə ilə bağlı dediklərində ABŞ üçün yeni bir şey yoxdur. İranda Səfər Əbiyevin görüşü zamanı ABŞ üçün gözlənilməz hadisə baş verdi. Belə ki, İran prezidenti Mahmud Əhmədinecad Azərbaycan Respublikası müdafiə naziri Səfər Əbiyevi qəbul edərkən bildirdi ki, İran Azərbaycana hərbi yardım edə bilər. ABŞ Dövlət Departamenti İran prezidentinin bu sözündən xoflandı və xofunu bəyanatla izhar etdi. İran İslam Respublikasının gücü budur: səsi çıxan kimi cavab reaksiyası verdilər. Amili bunu bilmirsə, niyə danışır? Yox, əgər məsələyə bu kontekstdən şərh verirsə, İranın gücünü azaltmaqda məqsədi nədir?
Bu hadisədə diqqət çəkən ən mühüm kontekst ondan ibarətdir ki, bütün parametrlər üzrə İranı inkar edən ABŞ İrana qarşı münasibətində zəif yerini(zədəli qabırğasını) nümayiş etdirdi. ABŞ-ın bu zəif yerindən tutub onu vurub-vurmayacağı isə İrana aid bir məsələdir.
Amilinin maraqlı iki bənzətməsi də oldu: balaca dovşanın şiri aldatması da ayrı yozumlar yarada bilər. Kiçik dövlətlər iri dövlətləri aldadıb quyuya sala bilər. İkinci bənzətmə: Amili hesab etdi ki, Qərbin Orta Şərqdəki siyasəti iri dövlətlərin kiçik dövlətlərə parçalamasından ibarətdir və belə siyasi kurs, başqa sözlə, birləşdirmək yox, dağıtmaq kursu götürmüş Qərb Qarabağı Azərbaycana qaytarmayacaq. Buradan daha dolğun məzmun ortalığa çıxır: Azərbaycan Respublikası, o cümlədən Yaxın Şərqin digər dövlətləri parçalanırsa, İran da parçalana bilərmi? Bəlkə gec-tez Qərb Qarabağı Azərbaycana birləşdirib digər parçalanmalarla məşğul olacaqdır?! Amilinin fikirlərindən aydın olmur ki, ABŞ niyə dostu Azərbaycan Respublikasını ( İranda bizi ABŞ-ın dostu hesab edirlər) parçalayır ,amma İranı parçalamır. ABŞ üçün İran elə güclü dövlət deyil”.
M.Əhmədoğlunun sözlərinə görə, Amilin Azərbaycan Respublikası ilə bağlı qarşısına qoyulan siyasi konspektlərə fikir verməsə, dinimizin tələblərinə riayət etsə daha yaxşı olar: “Azərbaycan Respublikası haqqında özgə şeylər də danışır, amma Azərbaycanda, eləcə də Rusiya ərazisində yaşayan elə azərbaycanlılar var ki, Amilinin İranın daxilində və kənarda hansı mülk və maliyyə imkanlarına malik olduğunu sadalaya bilərlər. İstəsə, bu sadalamalar onun saytından başlana bilər. Haramın, özününkü olmayan maldan istifadənin bir tikəsi ilə min tikəsi arasında bizim dinimizə görə fərq yoxdur”.
AQİL




Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar