12px14px16px18px

“Cənubi Qafqaz 2021: Neft, Demokratiya və Geosiyasət” kitabının təqdimatı olub

00:17 / 11.04.2012
Aprelin 9 –da Bakıda Cənubi Qafqaz ölkələrinin müstəqillikdən sonrakı 20 ildə geopolitik inkişafı və qarşıdakı 10 il ərzindəki perspektivlərinə həsr olunmuş“Cənubi Qafqaz 2021: Neft, Demokratiya və Geosiyasət” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitab Ceymstaun Fondu və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə ingilis dilində nəşr olunub. Kitabın ön sözünün müəllifləri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Con Hopkins Universitetinin rektoru Fredrik Startdır. Tədbirdə millət vəkilləri, beynəlxalq qurumların üzvləri, səfirlik nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Təqdimat mərasimində SAM-ın direktor müavini Gülşən Paşayeva çıxış edərək bildirib ki, hələlik 500 tirajla çap olunsa da, Ceymstaun Fondu kitabın ikinci nəşrini hazırlayır: “Kitab 4 mövzu üzrə 13 müəllif məqaləsindən ibarətdir. Kitabda müxtəlif fikirli insanların məqalələri yer alır. Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrin ekspertlərinin enerji marşrutları, regional münaqişələr, demoqrafik dəyişikliklər və miqrasiya məsələlərinə dair məqalələrinin oxucular tərəfindən maraqla qarşılanacağını nəzərə alaraq kitabları kitab mərkəzlərinə, kitabxanalara paylayırıq”.
Azərbaycan Diplomatiya Akademiyasının prorektoru, kitabın redaktou Fariz İsmayılzadə kitabın nəşrinin keçən il üçün nəzərdə tutulduğunu bildirib. “ABŞ-da kitabın çap edilməsi prosesi çox çətindir, mütləq ekspertlərin rəyi olmalıdır. Azərbaycanın dünyaya tanıdılmasında bu kitabın əhəmiyyəti böyükdür. Kitabın əsas özəlliyi müəllif və mövqe müxtəlifliyidir. Lakin bu o demək deyil ki, biz yazılan bütün fikirləri dəstəkləyirik və ya məqalələrin hamısı Azərbaycanın maraqlarına cavab verir. Erməni Jerar Lebardyanın Türkiyə-Ermənistan sərhədlərinin açılması və Dağlıq Qarabağ münaqişəsi haqqında fikirləriylə razılaşmaq mümkün deyil. Bu fikirləri çatdırmaqda məqsədimiz budur ki, onları öyrənib cavab verməyə çalışaq. Kitabda alimlərlə yanaşı, siyasətçilərin də fikirlərinin yer almasına çalışmışıq.” F.İsmayılzadə kitabın ABŞ-da beyin mərkəzlərində, universitetlərdə, kitabxanalarda paylanılacağını əlavə edib.
Ceymstaun Fondunun prezidenti Qlen Hovard da bu kitabın regionda baş verən proseslər haqqında məlumat almaq üçün əvəzsiz mənbə olduğunu söyləyib. “Bu kitabda olan müxtəlif baxışlar imkan verir ki, onun obyektiv bir sənəd kimi qəbul edilməsinə zəmin yaratsın. Azərbaycan reallıqlarının faktlarla birgə təqdim olunması dünya oxucusu tərəfindən də maraqla qarşılanacaq. Azərbaycan dünyada önəmli rol oynayan ölkələrdəndir, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatında mühüm rolu var. Cənubi Qafqazın iqtisadiyyatının 2/3 hissəsini əhatə etməsi onu deməyə əsas verir ki, Azərbaycan Qafqazın inkişafının mühərrikidir. Nəinki Qafqaz, eləcə də Xəzər regionunda baş verən geoplotik prosesləri bu kitab vasitəsilə daha dəqiq təhlil etmək mümkün olacaq”.
Millət vəkili Səməd Seyidov da bu kitabın nəşrini təqdirəlayiq hal kimi qiymətləndirib. “Cənubi Qafqaz 2021: Neft, Demokratiya və Geosiyasət” kitabı siyasətçilərimiz və beynəlxalq arenada tez-tez çıxış edən mütəxəsislər üçün əhəmiyyətli mənbəyə çevriləcək”.
“SSRİ dövründə ABŞ-da Azərbaycanla bağlı cəmi iki kitabda məlumat var idi, indi isə bu say ciddi şəkildə artıb” – deyən millət vəkili Asim Mollazadə kitabın əhəmiyyəti haqqında fikirləri bildirib.
Pərviz SADIQOV



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar