12px14px16px18px

Almaniya ciddi təhlükənin bir addımlığında

BÖHRAN İÇƏRİSİNDƏ ÇABALAYAN ÖLKƏDƏ ETİRAZLAR ARTIR

00:13 / 11.04.2012
Ötən saylarımızda Almaniya Federativ Respublikası ciddi problemlə qarşı-qarşıya olduğunu xəbər vermişdik. Artıq ölkədəki iqtisadi böhran Almaniyanın daxili siyasətinə, sosial vəziyyətinə də ciddi zərbə vuraraq, etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olub. Nüfuzlu kütləvi informasiya vasitələri Avrozonanın iqtisadiyyatının ən böyük ölkələrindən olan Almaniyanın məhz belə bir böhran girdabında boğulduğunu yazırlar. Elə mövcud iqtisadi böhranla əlaqədar olaraq Almaniya Federativ Respublikasında vəziyyətin xeyli ağır olduğu bildirilir. Məsələ ilə bağlı kütləvi informasiya vasitələrində dərc edilən silsilə yazılar, şərhlər, analitik icmallar da Almaniyadakı vəziyyətin nə dərəcədə ağır olmasından xəbər verir.
“www.reuters.com”un yazdığına görə, Almaniyada Avropa İttifaqının iqtisadi böhranın aradan qaldırılması siyasətinə qarşı etiraz aksiyaları keçirilib. Franfurktda təşkil olunan nümayişdə üç mindən çox insan iştirak etdiyi bildirilir. Aksiya iştirakçıları daha sonra Mərkəzi Avropa Bankının binasına yürüş edib. Etirazçılar mağaza və dükanların vitrinlərini sındıraraq, kütləvi talanlar törədiblər. Aksiyanı dağıdan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında güclü qarşıdurma yaranıb. Kütləni dağıtmaq üçün polis yüksək təzyiqli su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Bundan qəzəblənən nümayişçilər asayiş keşişçilərinə daş və içərisi boya ilə doldurulmuş şüşə qablar atıb. Toqquşmalarda onlarca insan yaralanmış, 200-dən çox etirazçı həbs edilib.
“www.spiegel.de” internet resursu yazır ki, Avropa Şurası Almaniyanı korrupsiya ilə zəif mübarizə aparmaqda ittiham edib. Məlumatda deyilir ki, “Greco” qurumunun Almaniyada son üç ildə apardığı araşdırmalarının nəticələrinə görə, ölkədə bu müddət ərzində korrupsiya ilə mübarizə artmaq əvəzinə, əksinə, azalıb. Bildirilir ki, 2009-cu ildə Avropa Şurası Almaniyada korrupsiya ilə mübarizəyə dair 20 bəndlik hesabat hazırlayıb. Ekspertlərin müşahidələrinə görə, həmin 20 bəndin yalnız 4-nə əməl edilib. “Greco” qurumu Merkel hökumətini korrupsiya ilə bağlı tədbirləri sərtləşdirən qanunun hələ də qəbul edilməməsində günahlandırıb. Onların sözlərinə görə, qəbul edilməli olan qanun deputat və digər dövlət məmurlarının korrupsiya ilə əlaqəli olduğu müəyyənləşdikdə, sərt cəza tədbirlərini özündə ehtiva etməlidir. Bu barədə ilkin razılıq hələ 1999-cu ildə əldə olunsa da hakim qüvvələr hələ onu qanun şəklinə salmayıb.
İsveçrənin “Credit Suisse” bankında Almaniyanın vergidən yayınan vətəndaşlarının məlumatlarını qeyri-qanuni olaraq toplayan, başqa sözlə, casusluq edən üç alman məmurunun həbsi üçün order verilib. Bu barədə “www.lenta.ru” yazır. Qeyd edilir ki, məmurların adları hələlik açıqlanmasa da onların Şimali Reyn-Vestfaliyanın vergi xidmətinin işçiləri olduğu bildirilir. İsveçrə Prokurorluğu Almaniya hökumətinə həmin məmurların həbsinə kömək göstərməsi üçün müraciət edib. Almaniyanın keçmiş maliyyə naziri Per Ştaynbryuk məsələyə münasibətində bildirmişdir ki, həmin hadisə İsveçrə bank sisteminin alman vətəndaşlara vergidən yayınmaq üçün imkanlar yaratmasının nəticəsidir və öz növbəsində, Almaniya da İsveçrə banklarına qarşı ittiham irəli sürə bilər. Almaniyanın hazırki maliyyə naziri Volfqanq Şiyble isə İsveçrənin bu addımının normal hal olduğunu bildirib. Onun sözlərinə görə, İsveçrənin öz hüquq sistemi var və bank sirrini yayan şəxslərə qarşı hər hansı cəza tədbirinin görülməsində dövlət azaddır. Qeyri-rəsmi məlumatlara görə, İsveçrə banklarında vəsaitləri olan 1500-dən artıq alman vergi ödəyicisi vergidən yayınır.
Almaniyanın ictimai-siyasi həyatında daha bir qalmaqal internetdən istifadə ilə bağlıdır. “www.lenta.ru” “Handelsblatt” qəzetinə istinadən yazır ki, Almaniyanın hakim Xristian Demokratlar İttifaqı Partiyasının Şimali Reyndə seçkiqabağı kampaniyada domen adların qanunsuz istifadəsi ifşa edilib. Partiyanın üzvləri Ratingen dairəsində Pirat Partiyasının domen adlarından istifadə etməklə qeydiyyatdan keçiblər. Pirat Partiyası adından internetdə üç səhifə açan Xristian Demokratlar İttifaqının üzvləri bu addımla həmin sayta daxil olanların avtomatik surətdə hakim partiyanın nümayəndəsi Vilhelm Drostenin namizədliyinə səs vermə çağırışlarını görməsinə zəmin yaradıb. Almaniyada domen adların verilməsi ilə məşğul olan DENİC şirkətinin nümayəndələri bildirib ki, həmin saytlar Xristian Demokratlar İttifaqının Ratingen üzrə keçmiş sədri Udo Şekermannın adına qeydə alınıb. Sabiq sədr isə bu barədə məlumatlı olmadığını deyib. Ratingen merinin müavini, Xristian Demokratlar Partiyasının üzvü David Lüngen buna münasibət bildirərək deyib ki, bu addım Pirat Partiyasının internet məkanında qeyri-leqal işlərinin nəticəsidir.
Aqil LƏTİFOV




Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar