12px14px16px18px

Milli BMT Modeli konfransı başa çatıb

04:07 / 10.04.2012
Dünən Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası (ABMTKTA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı British Council təşkilatının Fəal Vətəndaşlar Proqramı və BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) ilə əməkdaşlıq çərçivəsində keçirilmiş 2 günlük Milli BMT Modeli konfransı başa çatıb.
Tədbirin açılışı Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyasının Vitse-prezidenti Zümrüd İsmayılova, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, British Council-ın Azərbaycandakı direktoru Pol Klementson, BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Envera Selimoviç və Hindistan və Pakistan səfirliklərindən yüksək rütbəli qonağların iştirakı ilə Dövlət İdarəçilik Akademiyasında baş tutub. Konfransın mövzusu “Daha Təhlükəsiz Ətraf Mühit naminə Atom Elektrik Stansiyalarının Azaldılması” olub.
BMT Modeli gənclərin effektiv danışıqlar aparmaq, qlobalizasiya və diplomatiya sahəsində biliklərini artırmaq məqsədini daşıyan Birləşmiş Millətlər Təşkilatının simulyasiya oyunudur. Standart BMT Modelində tələbələr diplomat qismində çıxış edirlər və BMT-nin simulyasiya sessiyasında iştirak edirlər. Başqa sözlə, tələbələr hər hansı bir ölkə üzrə tədqiqat aparırlar, diplomat rolunda çıxış edirlər, beynəlxalq məsələləri araşdırırlar, müzakirələr aparırlar və sonda yekun qətnamə qəbul edərkən qlobal problemlərə həll tapmağa çalışırlar.
Bu dəfə Bakı, Sumqayıt, İsmayıllı, Gədəbəy və Azərbaycanın digər şəhər və regionlarından olan və 10-dan artıq ali məktəbi təmsil edən 25 Azərbaycanlı gənc BMT Təhlükəsizlik Şurasının simulyasiyasında iştirak edib. Konfrans zamanı tələbələr ABŞ, Britaniya Krallığı, Fransa, Çin, Rusiya, Azərbaycan, Hindistan, Cənubi Afrika, Kolumbiya, Mərakeş, Toqo, Almaniya, Pakistan, Qvatemola və Portuqaliya kimi ölkələri təmsil ediblər. Bütün tələbələr öncə BMT Modeli təlimlərini keçiblər. Konfrans Təhlükəsizlik Şurası qətnaməsinin qəbulu ilə və müxtəlif ali məktəblərin akademik müəllim heyətinin, diplomatik nümayəndiklərinin və mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirakı ilə mədəniyyət proqramı ilə başa çatıb. Konfransın rəsmi dili ingilis dili olub.
Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası 2008-ci ildə BMT-nin Azərbaycan nümayəndəliyinin bütün keçmiş və hazırkı təcrübəçilərini birləşdirən təşkilat kimi yaradılıb. Təşkilatın əsas məqsədləri BMT-nin missiyasına dəstək olmaq, BMT və cəmiyyət arasında körpü rolunda çıxış etmək, eləcə də yerli gənclərin BMT-nin Azərbaycan üçün nəzərdə tutulmuş proqramlarında iştirak imkanı ilə təmin etməkdir.
British Councilin “Fəal Vətəndaşlar” Proqramı bütün dünyada ictimai təşəbbüsləri dəstəkləyən, qeyri-kommersiya xarakterli proqramıdır. Proqram könüllülük və vətəndaş təşəbbüskarlığı vasitəsilə cəmiyyətdə birliyi təbliğ edir.
AQİL




Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar