12px14px16px18px

Yaxşı ki, həyatımızdan siz keçdiniz

BU GÜN UNUDULMAZ İNSAN, KAMIL PEDAQOQ FİRUZƏ RZAYEVANIN BU GÜN İLDÖNÜMÜDÜR

04:01 / 10.04.2012
Həqiqətən də, Allah-Təalanın insana bəxş etdiyi ən böyük nemətlərdən biri ömür payıdır. Uca Yaradanın insana nəsib etdiyi ömür yolunu kimsə müsbət dəyərləndirərək, xeyirli əməllərlə məşğul olur və özünə nüfuz, hörmət qazanmaqla yanaşı, o biri dünyasına xoş əməllərlə yollanır. Kimisi isə bu ömür payını dəyərləndirə bilmir və dünyasını dəyişərək, tamamilə unudulur. Təbii ki, xoşbəxt o kəslərdir ki, öz ağlı, əməli, zəhməti, ədəb-ərkanı ilə ona verilmiş həyatı daha da gözəlləşdirir, onu nəinki özü, həm də əhatəsində olduğu insanlar, doğmaları, yaxınları üçün sevinc mənbəyinə, səadət çeşməsinə çevirirlər. Mənalı yaşanan belə ömürdən onun sahibi də, ailəsi, doğmaları da, ətrafdakılar da həmişə iftixar və fəxarət hissi keçirir, qürur duyurlar. Məhz bu şəxslər dünyasını dəyişsə belə, onlar heç zaman unudulmur, daim yaşayırlar. Başqa sözlə desək, bu şəxslər cismən aramızda olmasalar da, ruhən daima ətrafımızda, onların gücünü hər zaman arxamızda hiss edirik. Belə şəxsiyyətlərdən biri də ömrünün 60 ilini təhsilimizə, gənclərimizin təlim-tərbiyəsinə həsr edən və bu yolda böyük xidmətlər, fədakarlıq göstərən Bakı Dövlət Universitetinin baş müəllimi Firuzə Rzayevadır.
Bu gün onun əbədiyyata qovuşmasının bir ili tamam olur. Firuzə xanımın bir ildir ki, cismən aramızdan ayrılmasına baxmayaraq, sağlığındakı xoş niyyətli əməlləri, qazandığı nüfuz, hörmət onun qəlblərdə taxt qurmasını təmin edərək, unudulmazlığını əbədi edib.
F.Rzayeva Allah-Təalanın ona bəxş etdiyi ömrü ən yüksək səviyyədə yaşayaraq, bir şəxsiyyətin fəth edə biləcəyi ən uca zirvələri fəth edərək, ləyaqəti, şərəfi, xoş əməlləri, analıq qayğısı, nənəlik məhəbbəti eləcə də müqəddəs müəllim adı ilə özünün ölməzliyini təmin edib.
Sözün həqiqi mənasında o, tələbələri üçün təkcə müəllim deyil, həm də ana, dostları üçün təkcə dost deyil, həm də arxa, dayaq, övladları üçün təkcə ana deyil, həm də bir dost, nəvələri üçün isə yalnız nənə deyil, eyni zamanda böyük bir dünya, sevgi-məhəbbət dühası idi. Buna görə də onun dünyasını dəyişməsindən sadalanan bu şəxslərin hər biri, xüsusən nəvələri çox üzülür. Lakin onun ətrafında olan hər bir şəxs belə bir insanı itirdikləri üçün üzülməməli, əksinə bu cür şəxsiyyətlə bir arada olduqları üçün fərəh hissi keçirməlidirlər.
Əsl Azərbaycan qadını olan Firuzə xanıma Vətəninə, dövlətinə, millətinə bağlı belə tərbiyəli, əxlaqlı övladlar yetişdirdiyi üçün daim minnətdar olmalıyıq. Firuzə xanımı fərqləndirən məhz bu keyfiyyətləri idi.
Qeyd edək ki, Firuzə Butay qızı Rzayeva 1930-cu ildə qulluqçu ailəsində anadan olub. Bakıdakı 189 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Xarici Dillər İnstitutunun fransız-alman dili fakültəsində ali təhsil alıb. İnstitutu başa vurduqdan sonra isə vaxtilə bitirdiyi 189 nömrəli orta məktəbdə sinif rəhbəri və eyni zamanda Azərbaycan Dövlət Universitetinin xarici dillər kafedrasında saat hesabı müəllim işləməyə başlayıb. 1961-ci ildə universitetdə tam ştata keçən F.Rzayeva o vaxtdan ömrünün sonunadək burada çalışaraq, sözügedən universitetin alman və fransız dilləri kafedrasının baş müəllimi olub.
Təcrübəli müəllimin peşəkarlığını səciyyələndirən əsas cəhətlər fənnini, habelə tədris etdiyi fransız dilini dərindən və yaxşı bilməsi, yüksək metodik hazırlığa malik olmasıdır.
Öz fəaliyyətində müəllim-tələbə münasibətlərinə xüsusi diqqət yetirən F.Rzayeva onlarla münasibəti pedaqoji əməkdaşlıq, qarşılıqlı hörmət və tələbkarlıq zəminində quraraq, tələbələrinə böyük hörmət və qayğı göstərir. Tələbələr və həmkarları onu həm də yüksək əxlaqi keyfiyyətlərə malik, sadə, təvazökar, alicənab, olduqca ədalətli, kristal, təmənnadan, neqativ hallardan uzaq, qayğıkeş bir insan və müəllim kimi tanıyır və onun sevgisini qəlblərində yaşadırlar. Məhz onun böyük hörmətinin və qayğısının nəticəsidir ki, tələbələri onu heç vaxt unutmurlar.
Tələbələri arasında olan professorlar, akademiklər “Firuzə xanım bizim müəllimimiz olub” sözünü hər zaman böyük iftixar hissi ilə dilə gətirirlər. Bu, Firuzə xanım üçün ən böyük həddiyyə idi. O, hər zaman tələbələrinin uğurlarını görüb sevinər, bunu öz uğuru kimi qəbul edər və daim onların yanında olardı.
Bütün bunlarla yanaşı, Firuzə xanım öz təcrübəsini gənc müəllimlərə öyrətmək üçün mətbuatda təcrübi və metodik yazılarla da çıxış edib. 2009-cu ildə BDU-nun 90 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın materiallarına həsr olunmuş kitabda onun iri həcmli məqaləsi dərc olunub.
F.Rzayevanın təhsilimiz qarşısındakı xidmətləri, qüsursuz pedaqoji fəaliyyəti dəfələrlə yüksək qiymətləndirilib. O, müxtəlif illərdə “Əmək veteranı” medalı və fəxri fərmanlarla təltif olunub. 2009-cu ildə ona Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə” Fəxri fərman verilib.
Firuzə müəllim böyük hərflə yazılan müəllim olduğu kimi həm də mehriban ana, nümunəvi ailə başçısı olub. 4 qız övladına mükəmməl ali təhsil verib.
Qızı Yeganə xanım, anasının təkcə onların deyil eyni zamanda dərs dediyi tələbələrin anası olduğunu bildirir. Onun sözlərinə görə, tələbələri indinin özündə də Firuzə xanımı unutmur və hər zaman onu yad edirlər: “Bəzən görürdük ki, anam işə gedən zaman bizim paltarlarımızdan bəzisini götürüb aparır. Bunun səbəbini soruşan zaman o, hansısa tələbəsinin havanın soyuq olmasına baxmayraq nazik paltarla dərsə gəlməsini göstərir və bu paltarı ona verəcəyini deyirdi. Yəni anam təkcə bizə deyil, eyni zamanda tələbələrinə də ana kimi qayğı göstərirdi. Onun mobil telefonunu hələ də işlədirəm. Tələbələrinin indinin özündə də onun nömrəsinə ismarıclar göndərməsi məni çox sevindirir. Deməli tələbələri onu ruhən yanlarında hiss edirlər və zəhmətini heç zaman unutmayacaqlar. O, çox xeyirxah insan idi. Anam xeyir əməl görməkdən zövq alırdı. O, biz övladlarına təkcə ana deyil, eyni zamanda arxa, dayaq, dost idi”.
Firuzə xanımın müəllim dostları enerjisinin çox olmasını sənətinə, tələbələrinə sonsuz məhəbbətlə bağlı olduğu ilə izah edirdilər.
Müəllimlik müqəddəs peşədir. Bu peşəyə mükəmməl yiyələnmək, onun sayəsində ucalmaq, hörmət-izzət sahibi olmaq üçün pedaqoji təhsil almaq, müəllimlik fəaliyyətinə əsas verən diploma yiyələnmək azdır. Bunun üçün həm də sənətə, şagirdlərlə, tələbələrlə işə böyük məhəbbətin olmalıdır, onları sevməyi, öz fənnini onlara sevdirməyi bacarmalısan. Firuzə müəllim uzun illik pedaqoji fəaliyyəti dövründə məhz bu keyfiyyətləri ilə seçilən, müəllim adını tam mənası ilə doğruldan, bu sənətə şərəf gətirən pedaqoqlardan idi. Məhz onun bu müqəddəs müəllim adını iftixarla daşıması, əsl müəllim nümunəsi olması tələbələrinin də çox xoşuna gəlirdi. Buna görə də, neçə-neçə yetirməsi onu özü üçün ideal seçir, ona bənzəməyə, onun kimi yaşamağa, fəaliyyət göstərməyə, cəmiyyətdə hörmət və nüfuz qazanmağa, sevilməyə can atır.
İndi onun bütün yaxınlarının bir şüarı var: yaxşı ki, həyatımızdan Siz keçdiniz Firuzə xanım! Allah ruhunu şad etsin.
Aqil LƏTİFOV





Bu yazı ( 74 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar