12px14px16px18px

Almaniya böhran girdabında boğulur

MÜTƏXƏSSİSLƏR İQTİSADİ BÖHRANIN ÖLKƏDƏ BİR ÇOX SAHƏLƏRDƏ GERİLƏMƏYƏ GƏTİRİB ÇIXARACAĞINI PROQRNOZLAŞDIRIR

13:31 / 07.04.2012
Dünya ölkələrində mövcud olan iqtisadi böhranlar bu dövltələrin ictimai-siyasi həyatına təsirsiz ötüşməyə bilmir. Bir çox ölkələrdəki iqtisadi böhran həmin ölkələrin daxili siyasətinə, sosial vəziyyətinə də ciddi zərbə vuraraq, etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olub.
Nüfuzlu kütləvi informasiya vasitələri Avrozonanın iqtisadiyyatının ən böyük ölkələrindən olan Almaniyanın məhz belə bir böhran girdabında boğulduğunu yazırlar. Elə mövcud iqtisadi böhranla əlaqədar olaraq Almaniya Federativ Respublikasında (AFR) vəziyyətin xeyli ağır olduğu bildirilir. Məsələ ilə bağlı kütləvi informasiya vasitələrində dərc edilən silsilə yazılar, şərhlər, analitik icmallar da Almaniyadakı vəziyyətin nə dərəcədə ağır olmasından xəbər verir.
“www.lenta.ru” Almaniyanın gündəlik “Suddeutsche Zeitung” qəzetinə istinadən yer verdiyi məqalədə Avropa Komissiyasının yenidən AFR-dən telekommunikasiya məlumatlarının qorunması haqqında qanunun qəbul olunmasını tələb etdiyini yazır. Sayt əks halda, ölkənin külli miqdarda cərimə olunacağını bildirir. Məlumatda qeyd edilir ki, Almaniya dövləti bir ay ərzində telekommunikasiya qanununu qəbul etməsə, Avropa İttifaqı məhkəməsinə veriləcək. Qeyd olunur ki, bu qanun hələ ötən ilin dekabrında qəbul edilməli idi. Lakin hakim koalisiya partiyaları məsələnin həllində razılığa gələ bilməyib. Telekommunikasiya qanununun qəbul olunmasına etiraz edənlər bunu vətəndaşların şəxsi həyatına təhdid kimi qiymətləndirirlər. Yeni qanuna əsasən, telekommunikasiya məlumatları telefon və internet şəbəkəsi provayderləri tərəfindən 6 aydan 2 ilədək saxlanmalıdır. Buraya danışığın vaxtı, yeri və danışan şəxslərin kimliyi, həmçinin internetə qoşulan an istifadə edilən İP ünvanların və istifadə müddəti məlumatları daxildir.
Bununla yanaşı, son vaxtlar Almaniyada iqtisadi böhran, işsizlik və digər sosial problemlərlə bağlı etiraz aksiyalarının sayı da artmaqdadır. “www.reuters.com” saytının məlumatına görə, Almaniyanın Frankfurt aeroportunda yerli əhali və xidməti heyətin iştirakı ilə aksiya keçirilib. Aksiyada iştirak edən minlərlə insan aviadaşınmalara tətbiq edilən rüsumun artmasına, həmçinin yeni uçuş-enmə zolağının tikintisində ekoloji standartlara əməl edilməməsinə qarşı narazılığını bildirib. Tikinti zamanı inşaat normalarına riayət olunmadığını deyən aksiya iştirakçıları bu amilin ətrafda yaşayan insanlarda narahatlıq yaratdığını söyləyiblər. Aksiya keçirən aeroport işçiləri isə əmək haqlarının artırılmasını tələb edirlər. Ekspertlər Frankfurt aeroportunda keçirilən aksiyanı bundan əvvəl həmkarlar ittifaqlarının 9 günlük tətilinin davamı kimi qiymətləndirirlər.
“www.reuters.com” saytı yazır ki, Almaniyanın DBB və KOMBA Həmkarlar İttifaqları qurumlarının təşkilatçılığı ilə ölkənin ən iri aeroportlarında tətillər keçirilir. Düsseldorf, Frankfurt, Köln, Münxen, Ştutqart, həmçinin Berlin aeroportları işçilərinin keçirdikləri tətilin ölkədə 400-ə yaxın reysin təxirə salınması ilə nəticələndiyi qeyd edilir. Onların əsas tələbi əmək haqlarının artırılması ilə bağlıdır. Xatırladaq ki, bir müddət əvvəl Həmkarlar İittifaqları və işəgötürənlər arasında danışıqlar baş tutmuşdu. Lakin tətil iştirakçılarının əmək haqlarının 6,5 faiz artırmaq istəyi qarşılığında işəgötürənlər cəmi 3,3 faiz artım təklif etməsi danışıqların nəticəsiz qalmasına səbəb oldu. Məlumatda bildirilir ki, Həmkarlar İttifaqları ölkə üzrə iki milyona yaxın dövlət qulluqçusu və xidmət sahəsi əməkdaşlarının hüququnu tələb edir. Həmkarlar ittifaqlarının nümayəndələri bildirib ki, işəgötürənlər onların tələblərini yerinə yetirməyəcəyi təqdirdə, ölkəni daha genişmiqyaslı tətillər gözləyir.
“www.euronews.net” internet portalında verilmiş yazıda isə Almaniyanın Schlecker şirkətinə aid olan kosmetik mağazalar şəbəkəsi 11 min qadın əməkdaşını işdən azad edildiyi qeyd edilib. Bu qərar federal torpaqların rəhbərliyi ilə aparılan danışıqların iflasından sonra verilib. Belə ki, Saksoniya, Aşağı Saksoniya və Bavariya hakimiyyətləri 70 milyon avro kredit üçün təminat verməkdən imtina edib. İmtinanın əsas səbəbkarı kimi Almaniya Azad Demokratlar Partiyası göstərilib. Lideri Almaniyanın hazırkı maliyyə naziri olan bu partiya kansler Angela Merkelin də təmsil olunduğu hakim Xristian Demokratlar Partiyası ilə koalisiyaya daxildir. İmtinanı şərh edən rəsmilər bildirir ki, işdən azad olunan qadınlar başqa sahələrdə asanlıqla iş tapa biləcəklər. Ancaq Həmkarlar İttifaqlarında bu fikirlə razılaşmırlar. Onlar hesab edirlər ki, indiki vəziyyətdə qadınlara yeni iş yeri tapmaq asan olmayacaq. Almaniyada bu markaya daxil olan mağazaların böyük əksəriyyətinin bağlanacağı gözlənilir.
Bütün bunların fonunda Almaniyada pərakəndə satışların və alıcılıq qabiliyyətinin azalması müşahidə olunur. Bu barədə məlumat yayan “www.bbc.com” saytı müşahidə olunan azalmanın səbəbi kimi 2012-ci ilin əvvəlində istehlakçı xərclərinin iqtisadiyyata gözlənilən dəstəyi vermədiyini göstərir. Ötən aylarda Almaniyada keçirilən sorğu nəticəsində sənaye müəsisələrinin birjalara olan etimadını doğrultduğunu göstərsə də, mütəxəssislər iqtisadi böhranın bundan sonrakı mərhələlərdə ölkədə bir çox sahələrdə geriləməyə gətirib çıxaracağını proqrnozlaşdırırlar. Onlar bu qənaətə ötən ilin nəticələrinə əsasən gəliblər. Çünki 2011-ci ilin son rübündə Almaniya iqtisadiyyatı 0,2 faiz gerilib. Bu göstərici Avrozona iqtisadiyyatının ən böyük ölkələrindən olan Almaniyanın böhran içərisində olduğunu sübut edir.
Aqil LƏTİFOV



Bu yazı ( 157 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar