12px14px16px18px

“Rusiya Ermənistanı silahlandıran ölkədir”

QLEN HOVARD: “DANIŞIQLAR PROSESİNDƏ BALANSI QORUMAQ VACİBDİR”

12:59 / 07.04.2012
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması təkcə Azərbaycan deyil, eyni zamanda bütün region üçün böyük problem yaradır. Məhz buna görə də sözügedən münaqişə nə qədər tez həll edilərsə, bu, regionun daha da inkişafına bir o qədər də təkan verər. Bununla bərabər danışıqlar prosesində balansın qorunması da vacibdir. Danışıqlar prosesində Rusiyaya birinci dərəcəli yer ayrılıb. Lakin Rusiya danışıqlarda iştirak edən, eyni zamanda Ermənistanı silahlandıran ölkədir. Unutmaq lazım deyil ki, danışıqlar prosesində balans lazımdır. Bir tərəfdən Rusiya danışıqları həyata keçirir, digər tərəfdən isə Azərbaycan və Ermənistanı silahlandıran əsas ölkə rolunu oynayır. Bu amil isə situasiyanı stabilləşdirməyə müsbət təsir etmir”.
Bu fikirləri jurnalistlərə açıqlamasında ABŞ-ın qeyri-hökumət tədqiqat mərkəzinin – Ceymstaun Fondunun prezidenti Qlen Hovard dilə gətirib.
Daha sonra regiondakı vəziyyətə toxunan Q.Hovard Moskvanın İrana qarşı müharibə şayiələrindən istifadə edərək Cənubi Qafqazdakı mövqelərinin möhkəmləndirdiyini bildirb. ABŞ İsraili İrana hücum etməməyə çağırdığını deyən Fond rəhbəri belə bir addımın atılmayacağını qeyd edib: “Mütləq şəkildə bu məqamın kimə sərf etdiyi sualına cavab tapmaq lazımdır. Yəni, bu bəyanatların kimə sərf etməsini aydınlaşdırmaq zəruridir. Şimaldakı hansı ölkə mümkün hücumlar barədə danışaraq cənuba öz qoşunlarını yığa bilər? Sualı belə qoymaq lazımdır – belə şayiələr kimə sərf edir?”
ABŞ-ın Azərbaycana səfir təyinatının ləngiməsini şərh edən Q.Hovard bunları söyləyib: “Fikrimcə, ABŞ-ın Azərbaycana səfir təyinatının ləngiməsi iki ölkə arasında münasibətlərə təsir göstərmir. Lakin heç şübhə yox ki, bu kimi ləngimələr Azərbaycanın regionda ABŞ-ın siyasəti üçün o qədər böyük əhəmiyət kəsb etməməsi təəssüratı yarada bilər. Buna görə də düşünürəm ki, ölkənizə səfir təyinatının gecikməsi müəyyən çətinliklər yaradır, çünki Azərbaycan bu faktı pozitiv dəyərləndirə bilməz. Azərbaycan bu məsələnin ən yaxın vaxtlarda həll olunacağını gözləyir. Lakin bu həm də ABŞ-ın regiona strateji baxışlarında kiçik bir anlaşılmazlıqların olmasının göstəricisidir”.
Aqil LƏTİFOV




Bu yazı ( 158 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar