12px14px16px18px

Mübariz Qurbanlı: “Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlər mövcuddur”

12:22 / 06.04.2012
“Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətində Rusiya ilə münasibətlər önəmli yer tutur. Rusiya bölgənin böyük dövlətidir, həm iqtisadi, həm də siyasi baxımdan onun nəinki regionumuzda, bütövlükdə Avrasiya məkanında təsir imkanları var ”. Bu fikirləri mətbuata açıqlamasında millət vəkili Mübariz Qurbanlı dilə gətirib. Onun dediyinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cənubi Qafqazın iki dövlətinə səfər etməsi bu bölgədə gedən proseslərlə bağlıdır və eyni zamanda ikitərəfli əlaqələri özündə əks etdirir. M.Qurbanlı bildirib ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlər mövcuddur. Millət vəkilinin sözlərinə görə, münasibətlərimiz iqtisadi, humanitar, digər sahələrdə daim inkişaf edir və bundan sonra da inkişaf edəcək. “Azərbaycan bölgənin aparıcı dövlətidir. Ölkəmiz burada həyata keçirilən layihələrdə fəal iştirak edir və onun razılığı, iştirakı olmadan hansısa layihəni reallaşdırmaq mümkün deyil. Lavrovun səfəri çərçivəsində aparılan danışıqlar göstərir ki, Rusiya – Azərbaycan münasibətləri inkişaf edir. Xüsusilə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaşiəsinin sülh yolu ilə aradan qaldırılması barədə müzakirələr diqqəti cəlb edir. Bizim üçün önəmli məsələ Dağlıq Qarabağ problemi ilə bağlı Rusiyanın mövqeyində olan yeniliklərdir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, Lavrovun həm Yerevanda, həm də Bakıda verdiyi bəyanatlar onu göstərir ki, Rusiya sülh prosesini bundan sonra da dəstəkləyəcək və danışıqların intensivləşməsinin tərəfdarıdır. Bu gün Rusiyada prezident seçkilərindən sonra hakimiyyəti yeni dövlət başçısına təhvil vermək prosesi gedir. Vladimir Putin öz vəzifəsinə başladıqda təbii ki, Cənubi Qafqazda bu münaqişə ilə əlaqədar Rusiyanın siyasətində daha böyük və intensiv dəyişikliklər müşahidə edə biləcəyik”- deyə,o, vurğulayıb. M.Qurbanlı onu da qeyd edib ki, S.Lavrovun səfəri Rusiyanın bu bölgədəki siyasətinin növbəti mərhələdəki cizgilərini özündə əks etdirir. Millət vəkilinin fikrincə, səfər çərçivəsində Rusiya xarici işlər nazirinin Azərbaycan Prezidenti ilə apardığı danışıqlar və digər görüşləri zamanı müzakirə olunan məsələlər münasibətlərimizin keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğuna işarədir. O, Azərbaycanla Rusiya arasında Xəzər dənizinin statusu, enerji məsələləri, Qəbələ RLS-in istifadəsi ilə əlaqədar müzakirələrin getdiyini xatırladıb. M.Qurbanlı hesab edir ki, bu baxımdan S.Lavrovun ölkəmizə səfəri zamanı aparılan danışıqlar əhəmiyyətlidir.
VAHAB



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar