12px14px16px18px

“Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

AZƏRBAYCANIN KİŞİNYOVDAKI SƏFİRİ MOLDOVA PREZİDENTİ İLƏ GÖRÜŞÜB

12:21 / 06.04.2012
Azərbaycan Respublikasının Kişinyovdakı səfiri Namiq Əliyev Moldova Respublikasının prezidenti Nikolaye Timofti ilə görüşüb. Bu barədə AzərTAc məlumat verir. Nikolaye Timofti səfiri səmimi salamlayaraq Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını razılıq hissi ilə qeyd edib və xüsusi vurğulayıb ki, Moldova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tamamilə dəstəkləyir. Prezident deyib ki, Moldova ilə Azərbaycan arasında ikitərəfli əlaqələr qarşılıqlı anlaşma prinsiplərinə əsaslanır və strateji xarakter daşıyır. O,vurğulayıb ki, iki ölkənin əsas dövlət strukturları arasında əlaqələr yaxşı tənzimlənib. Moldova prezidenti iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin vacibliyini bildirib. O, həmçinin vurğulayıb ki, bu ilin əvvəlindən iki ölkə arasında siyasi sahədə əməkdaşlıq daha da möhkəmlənib. Nikolaye Timofti Moldova Respublikasının prezidenti seçilməsi münasibətilə onu təbrik etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü çatdırmağı xahiş edib.
Səfir Namiq Əliyev qeyd edib ki, o, öz ölkəsinin təmsilçisi kimi, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və Azərbaycanla Moldova arasında əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni edəcək, əldə edilmiş razılaşmaların həyata keçirilməsində ən fəal mövqe tutacaq. Diplomat əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnun olduğunu bildirib. O deyib ki, Azərbaycan Respublikası Moldova ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. İki ölkə arasında əlaqələrin uğurla inkişaf etməsini vurğulayan səfir bu əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Azərbaycanın Kişinyovdakı diplomatik nümayəndəliyinin başçısı görüşdə Moldova Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında, habelə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri” keçirilməsinin Ermənistan tərəfindən növbəti təhrikçilik və mövcud status-kvonu saxlamaq cəhdi olması barədə məlumat verib. Qeyd edilib ki, bu “seçkilər” qanunsuzdur və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.
Görüşün sonunda Azərbaycan səfiri Moldova prezidentinə Qrehem Vilsonun “İLHAM. Prezidentin portreti” kitabını hədiyyə edib.



Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar