12px14px16px18px

Kəlbəcərin işğal günü Moskvada anılıb

12:20 / 06.04.2012
Aprelin 3-də Moskvada Dünya Azərbaycanlıları Konqresinin Moskva təmsilçiliyinin təşkilatçılığı ilə, Kəlbəcər rayonunun işğalının 19-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirildi. Anım mərasimində Moskvada yaşayan ziyalılar, şairlər, ictimai xadimlər, iş adamları, eləcə də Moskvada yaşayan kəlbəcərlilər iştirak edirdilər. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra çıxış üçün ilk söz Rusiya paytaxtında səfərdə olan, Azərbaycanın Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlıya verildi. Sabir Rüstəmxanlı qeyd etdi ki, 1984-cü ildə Kəlbəcərdə olub,Kəlbəcəri kənd-kənd gəzib, İstisuda olub, oradan da Göyçəyə gedib. O dedi ki, zəngin sərvətlərə, füsunkar təbiətə, əvəzsiz nemətlərə malik olan Kəlbəcərin işğalı xalqımız üçün ən ağır zərbələrdən biridir. Bu gün hər bir mütərəqqi düşüncəli azərbaycanlı yaşından, tutduğu vəzifədən, yaşadığı ölkədən asılı olmayaraq təcavüzkar siyasətə qarşı mübarizəyə qalxmalıdır. Biz əsrlər boyu işğalçı siyasətlərin dəhşətlərinə sinə gərmişik, təcavüzün, qəddarlığın nə olduğunu bilirik. Şair doğma torpaqlarımızın azadlığı naminə hamını birliyə çağırdı.
AYB-nin Moskva bölməsinin katibi şair Nəsib Nəbioğlu vurğuladı ki, 19 ildir, Kəlbəcərimiz əsarətdədir, müqəddəs torpaqlarımız, yurd-yuvalarımız xarabalığa çevrilib: “Qaçqınlarımızın, köçkünlərimizin gözləri yoldadır. Doğma yurdlarına qayıtmaq arzusuyla yaşayırlar. Amma artıq səbrimiz tükənir, torpaqlarımızın azad edilməsi gecikir və ümidlərimiz azalır. ATƏT-in Minsk qrupu heç zaman Qarabağ münaşiqəsini həll etməyəcək. Onlar sadəcə olaraq vaxtı uzadırlar. Biz buna qarşı öz etiraz səsimizi ucaltmalı və tezliklə torpaqlarımızı işğalçılardan azad etməliyik. Torpaqlarımızın azadlığı Kəlbəcərdən başlamalıdır. Kəlbəcərdə və digər işğal olmuş ərazilərimizdə ermənilərin məskunlaşması bu münaqişənin sülh yoluyla həll edilməyəcəyini göstərir və məsələnin həll olunmasını çətinləşdirir”. Nəsib Nəbioğlu bu ağır ildönümü günündə dostlarının onu tənha qoymadığını, onun dərdinə şərik olduqlarını vurğuladı, mərasim iştirakçılarına kəlbəcərlilər adından dərin minnətdarlığını bildirdi.
Tədbirdə iştirak edən DAK üzvü, xeyriyyəçi Mirəşrəf Fətiyev Kəlbəcərin işğalından ürək ağrısıyla danışdı. Nəyin bahasına olursa-olsun, torpaqlarımızın işğaldan azad edilməsinin vacibliyini vurğuladı.
Tədbirə İsveçdən qatılan DAK-ın keçmiş sədri Cavad Derəxti, tanınmış hüquqşünas, DAK idarə heyətinin üzvü Adil Minbaşıyev, DAK Moskva təmsilçisi Hacı Tahir, qurumun üzvü, iş adamı Oktay Orucov da tədbirdə çıxış etdilər, fikirlərini bölüşdülər. Aktyor Şirzad Pirallahı Nəsib Nəbioğlunun və Mirsəyyaf Zamanlının Kəlbəcər həsrətiylə bağlı şeirlərini oxudu.
Tədbir iştirakçılarına Kəlbəcərdə çəkilən son fotolar və videogörüntülər nümayiş etdirildi, Kəlbəcərdə və ümumən Qarabağ uğrunda döyüşlərdə şəhid olanlarımızın ruhuna dualar oxundu, ehsan verildi.
Nəbi VERDİYEV




Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar