12px14px16px18px

KİV-ə Dövlət Dəstəyi Fondu Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə konfrans keçirdi

12:17 / 06.04.2012
Aprelin 5-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Qaradağ rayonunun, onun idarə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin 200-dək nümayəndəsi, eləcə də respublikanın 40-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçıları salamlayaraq konfransın mahiyyəti barədə məlumat verib.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun 3 illik fəaliyyətindən söz açaraq bildirib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr icra edib. Vüqar Səfərli vurğulayıb ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. O bildirib ki, belə tədbirlər mətbuat nümayəndələri ilə yerli icra strukturlarının əməkdaşları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məruzəsində ölkə mətbuatının hazırkı mənzərəsinə nəzər salıb, habelə bu sahədə mövcud problemlərə toxunub. 3 il əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını ölkə mediasının problemlərinin həllində və inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirən Əflatun Amaşov qurumun həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyətindən söz açıb. Mətbuat Şurasının sədri əmin olduğunu bildirib ki, Fondun təşəbbüsü ilə Qaradağ İcra Hakimiyyətində keçirilən konfrans ölkə jurnalistlərinin rayonun ictimai həyatının bütün sahələri üzrə obyektiv informasiya almaq imkanlarını genişləndirəcək.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov öz növbəsində Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyətini xüsusi qeyd edib. O vurğulayıb ki, rəhbərlik etdiyi rayon ölkədəki dinamik sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq işlərini öz nümunəsində qabarıq şəkildə əks etdirir. İcra başçısı Qaradağ rayonunun 11 qəsəbəsində mühüm sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb. Süleyman Mikayılov eyni zamanda, hazırda Qaradağ rayonunda ölkə əhəmiyyətli Beynəlxalq Dəniz Limanının, Gəmiqayırma zavodunun, yeni sement zavodunun inşa olunduğunu, yolların əsaslı təmir edildiyini, işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qaldırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rayonda müəyyən problemlərin də mövcudluğunu səmimi qeyd edən icra başçısı ölkə jurnalistlərini bu problemlərin işıqlandırılması zamanı obyektiv və qərəzsiz olmağa, həqiqəti yazmağa çağırıb.
Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib. Konfrans iştirakçıları da icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Konfransda, eyni zamanda, kütləvi informasiya vasitələri ilə yerli icra strukturları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında “Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan edib. Eyni zamanda, belə bir konfransın keçirilməsinə verdiyi dəstəyə görə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, o cümlədən rayon ictimaiyyətinin nümayəndələrinə minnətdarlığını bildirib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sonda tədbirin jurnalistlərlə icra strukturları əməkdaşları arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bir daha önə çəkərək faydalı təşəbbüsə görə Fondun icraçı direktoruna və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə təşəkkürünü bildirib.






Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar