12px14px16px18px

“907-ci düzəliş ləğv oluna bilər”

12:12 / 06.04.2012
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAm) “Vətəndaş cəmiyyəti: reallıq və perspektivlər” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycanlı ekspertlər, Bakıda səfərdə olan ABŞ senatorlarının və konqresmenlərinin köməkçilərindən ibarət nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib. İlk 15 dəqiqəsi jurnalistlərin iştirakı ilə keçirilən tədbir daha sonra mətbuata qapalı davam etdirilib.
Tədbirdə vətəndaş cəmiyyətinin reallıqları və perspektivləri, onun inkişafına təkan verən amillər, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının (QHT) qarşısında duran vəzifələr və digər məsələlər müzakirə olunub.
Tədbirdə açılış nitqini söyləyən SAM direktorunun müavini Gülşən Paşayeva ABŞ-ın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu bildirib. Onun sözlərinə görə, bu gün iki ölkə arasında imzalanmış 100-dən artıq ikitərəfli saziş Azərbaycanla ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın əsasını təşkil edir.
Daha sonra bir sıra QHT-lərin rəhbərləri ABŞ nümayəndə heyətini öz təşkilatlarının fəaliyyəti ilə tanış ediblər. Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov ölkədə 3 mindən artıq QHT qeydiyyatdan keçsə də, onlardan yalnız 250-dən çoxu aktiv fəaliyyət göstərir.
ABŞ nümayəndə heyətinin üzvləri bu ölkənin Dağlıq Qarabağdakı separatçı quruma maliyyə yardımı ayırmasına münasibət bildirərək qeyd ediblər ki, ABŞ Konqresi bu məsələyə yenidən baxmalı, Azərbaycan isə problemə yenidən baxılması üçün daha aktiv fəaliyyət göstərməlidir.
“Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin ləğvinə mane olan səbəbləri şərh edən ABŞ təmsilçiləri qeyd edib ki, ölkədə qanunverici və icraedici hakimiyyətin bölünməsi bəzi qanunvericilik proseslərinin ləng inkişafına səbəb olur: “Hazırda bu məsələyə yenidən baxılır, 907-ci düzəliş ləğv edilə bilər, lakin bunun üçün vaxt lazımdır”.
Qeyd edək ki, ABŞ senator və konqresmenlərinin köməkçilərindən ibarət nümayəndə heyətinin Bakıya səfərinin məqsədi Azərbaycandakı vətəndaş cəmiyyətinin mövcud vəziyyəti ilə tanış olmaqdır. Səfər çərçivəsində amerikalı ekspertlər ölkənin regionları ilə də tanış olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparmış, ata-baba torpaqlarından didərgin düşən qaçqın və köçkünlərlə görüşüblər.
AQİL




Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar