12px14px16px18px

Almaniya böhranla üz-üzə

12:11 / 06.04.2012
Avropa ölkələrində baş verən iqtisadi böhran bu dövlətlərin ictimai-siyasi həyatında etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olub. Bu baxımdan Almaniyada da vəziyyət son zamanlar xeyli gərginləşib. Bununla bağlı kütləvi informasiya vasitələrində silsilə yazılar, şərhlər, analitik icmallar verilir.
“Spiegel” jurnalının internet saytında dərc olunmuş məqalədə bildirilir ki, Almaniya Federativ Respublikasında ultra sağçılar və onların siyasi partiyası ekoloji mövzular ilə sosial bazalarını genişləndirməyə çalışırlar. Ultra sağçılar Almaniyada milliyyətçi çıxışları ilə seçilirlər. Onların “Ətraf mühit və aktiv” adlı jurnallarında dərc olunmuş məqalədə yenidən bu mövzuya toxunulur. Ekologiya mövzularından bəhs edilməsi gözlənilən jurnalda aşağıdakı fikirlər yer alır: “Alman xalqı başqa millətlərin nümayəndələri ilə nikaha girərsə, ölüb gedəcək”; “Müsəlman və yəhudilərin heyvanların başını narkozsuz kəsməsi barbarlıqdır”; “Almaniyada miqrantlar özlərini yaxşı hiss etsinlər deyə, Şərq dini adətləri də qəbul olunmalıdır: daşlama, əlin kəsilməsi və”s.
Qeyd edək ki, ultra sağçılar əyalətlərdə seçki kampaniyası da keçirirlər. Meklenburq-Forpommen torpağında onların seçki kampaniyası “Ətraf mühitin qorunması – Vətənin qorunmasıdır” devizi altında keçirilir. “Spiegel” araşdırıb ki, “Ətraf mühit və aktiv” jurnalını maliyyələşdirən şəxslər və onun redaktorları partiya ilə birbaşa bağlı olan adamlardır. Xatırladaq ki, son illər Almaniyada bir neçə sağçı radikal təşkilatın fəaliyyətinə qadağa qoyulub. Hüquq mühafizə orqanlarının məlumatına əsasən, ötən il ölkə üzrə neonasist qruplaşmalarının üzvlərinin ümumi sayı təxminən 5600 nəfər olub.
“www.lenta.ru”da verilmiş məlumatda isə deyilir ki, Almaniya Konstitusiyasının Federal Mühafizə Xidməti katoliklərə məxsus “kreuz.net” saytını ekstremizmdə ittiham edib. Bu sayt Avropanın katolik məzhəbinə aid bütün məlumatları toplayan portal kimi tanınır. Lakin mütəxəssislərin qeyd etdiyinə görə, bu, anonim bloqdur. Almaniyanın xüsusi xidmət orqanları portalda yerləşdirilən xəbərlər arasında müsəlman və yəhudilərə qarşı dözümsüzlük ifadə edən yazılar aşkar ediblər. Xüsusi xidmət orqanlarının apardığı araşdırmalar nəticəsində sayta xəbər yerləşdirənlərin bəzilərinin kimliyi bəlli olub. Belə ki, buraya Köln Şəhər Şurasının üzvü olan ultra sağçı mövqeyə malik vətəndaşlar, həmçinin “Müqəddəs Piya” adlı mühafizəkar katolik cərəyanının üzvləri daxildirlər.
Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti Almaniyanın kansleri Angela Merkelin partiyası ilə sıx əməkdaşlıq edən qeyri-hökumət təşkilatı olan Konrad Adenauer Fondunun bu ölkədəki ofisinin bağlanmasına qərar verib. Bu barədə də “www.lenta.ru” məlumat yayıb. Məlumatda deyilir ki, Angela Merkel Berlində çıxış edərkən Birləşmiş Ərəb Əmirliklərinin bu addımından təəssüfləndiyini bildirib. Konrad Adenauer Fondunun rəhbəri, Avroparlamentin keçmiş prezidenti Hans-Hert Pyotterinq ofislərinin bağlanması xəbərini təsdiqləyib. Onun bildirdiyinə görə, Almaniyanın Abu-Dabidəki səfiri xarici işlər nazirliyinə çağırılıb və ona Fondun bu ölkədəki ofisinin təcili bağlanmasını tələb ediblər. Konrad Adenauer Fondu Birləşmiş Ərəb Əmirliklərində ofisini 2009-cu ildə açıb. Xatırladaq ki, 2011-ci ildə Fondun Qahirə ofisinin əməkdaşları Misir ərazisində qanunsuz fəaliyyətdə günahlandırılıb. Bu fakt üzrə cinayət işi açılıb.
AQİL




Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar