12px14px16px18px

“Uzaq və yaxın Koreya” kitabının təqdimatı keçirilib

KOREYA SƏFİRİ Lİ Cİ HAN: “KİTAB İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN MÖHKƏMLƏNMƏSİNƏ MÜHÜM TÖHFƏ VERƏCƏK”

12:09 / 06.04.2012
Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən iki ölkə arasında əlaqələrin qurulmasının 20-ci il dönümü münasibətilə “Uzaq və yaxın Koreya” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəlifləri Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlının və Azərbaycan Dövlət pedoqoji Universitetinin dosenti, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Oqtay Alxasovdur.
İki ölkə arasındakı əlaqələrin 20 illiyinin olduğunu diqqətə çatdıran Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Han bununla bağlı müxtəlif tədbirlər keçirdiklərini deyib. O, 1992-ci ildən başlayaraq ölkələr arasında əlaqələrin qurulduğunu qeyd edərək, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri nəticəsində bu münasibətlərin daha da inkişaf etdirildiyini dilə gətirib. Onun sözlərinə görə, ikitərəfli əlaqələrin daha güclənməsində prezidentlərin qarşılıqlı səfərlərinin də mühüm təsiri olub.
Daha sonra nəşr edilən kitabdan danışan səfir bu ölkəyə aid çoxlu kitabların mövcudluğuna baxmayaraq bunun Azərbaycan dilində yazılmış ilk kitab olduğunu bildirib. “Kitabın vacibliyi də ondadır. Bu kitab Azərbaycana bizim ölkəmiz barədə daha çox öyrənməyə, ikitərəfli əlaqələrin möhkəmlənməsinə yardım edəcək. Bununla insanlar Koreya haqda daha müfəssəl məlumata yiyələnə biləcəklər”.
Li Ci Han xatırladıb ki, bu ilin martında Azərbaycan və Koreya diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd ediblər: “Bu illər ərzində iki ölkənin əməkdaşlığı fəal surətdə inkişaf edib. Ümid edirəm ki, bu tendensiya gələcəkdə də davam edəcək”.
Səfir vurğulayıb ki, mədəni əməkdaşlığın inkişafı çərçivəsində iyunun ilk ongünlüyündə Azərbaycanda Koreya Milli musiqisi konserti keçiriləcək, oktyabrda isə Azərbaycanda Koreya günləri olacaq.
Kitabın həmmüəllifi Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlının kitabın Azərbaycanla bir çox ümumi cəhətlərə malik olan Koreyaya səfər nəticəsində ərsəyə gəldiyini deyib. O, Azərbaycanla Koreya arasında oxşar problemlərin olduğunu bildirib: “Bu iktabı Koreya səfirliyinin fəaliyyətinin nəticəsi kimi qiymətləndirirəm. Ümumi cəhətlər arasında böyüklərə hörmət və ərazi problemlərinin mövcudluğunu göstərmək olar. Bizim Qarabağ, onların Dokdo adası problemi var. Hər iki ölkə eyni dil qrupuna mənsubdur”. O, kitabda Koreya ilə bağlı ilkin məlumatların yer aldığını söyləyib. F.Şahbazlı 9-cu sinfin tarix, eləcə də coğrafiya kitablarına Koreya haqda məlumat daxil etdiklərin də deyib.
Kitabın digər həmmüəllifi Azərbaycan Dövlət pedoqoji Universitetinin dosenti, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Oqtay Alxasov nəşrin geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu və onun artıq bir sıra məktəblərin kitabxanalarına göndəriləcəyini qeyd edib.
“Uzaq və yaxın Koreya” kitabı 2500 nüsxə çap olunub. Bundan əlavə Koreyanın Azərbaycandakı səfirliyinin saytında kitabın elektron versiyası ilə tanış olmaq mümkündür.
Aqil LƏTİFOV



Bu yazı ( 89 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar