12px14px16px18px

Sabiq notarius müdirinin qanunsuz əməlləri niyə cəzasız qalır?

“NOTARİAT İDARƏSİNİN RƏİSİ MEHMAN SOLTANOVUN MƏSƏLƏYƏ ƏHƏMİYYƏT VERMƏMƏSİNDƏN NARAHATAM”

01:17 / 05.04.2012
Bu günlərdə redaksiyamıza Cəbrayılov Tofiq İslam oğlu tərəfindən şikayət məktubu daxil olub. Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, ev 2a, mənzil 15-də yaşayan T. Cəbrayılov müraciətdə üzləşdiyi özbaşınalıqlardan söz açıb. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi notariat idarəsinin rəisi Mehman Soltanov, 14 saylı Dövlət Notariat Kontorunun sabiq müdiri Taryel Əzizli, eləcə də Nəsimi Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı Sərraf Cəfərov tərəfindən törədilən əməllərdən danışan şikayətçi aidiyyati qurumların məsələyə diqqət ayırmasını xahiş edib. 2007-ci ilin mart ayında qarşılıqlı razılığa əsasən və girov qoyduğu mənzilin müqabilində Tağıyev Samir Məmmədağa oğluna 40 min ABŞ dolları borc pul verdiyini deyən şikayətçi tərəflər arasında olan münasibət həmin ilin mart ayının 30-da Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 14 saylı Notariat Kontorunda ipoteka formasında dövlət notariusu Əzizli Taryel Yusif oğlu tərəfindən rəsmiləşdirildiyini qeyd edib: “Razılığa əsasən o, 6 ay ərzində borcumu qaytarmalı idi. Bu müddət keçdikdə mən pulu geri tələb edən zaman Tağıyev Samir Məmmədağa oğlu müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayındı. Qanuna əsasən ipotekanın şərtləri pozulduğuna görə, dövlət notariusu icra olunması üçün icra qeydini Binəqədi Rayon Məhkəməsinin icraçılarına göndərdi. Girov qoyulan mənzil icraçılar tərəfindən hərraca çıxarılan zaman aydın oldu ki, həmin mənzil Tağıyev Samir Məmmədağa oğlu tərəfindən girov qoyularkən dövlət notariusu Əzizli Taryel Yusif oğlu onunla qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək və bütün qanunlara məhəl qoymadan mənzildə rəsmi qeydiyyatda olan Samirin ailə üzvlərinin razılığı olmadan müqavilə bağlayıb”.
Şikayətçi üzləşdiyi bu problemlə əlaqədar 2010-cu ilin mart ayında Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini bildirib. O, proseslə məşğul olan təhqiqatçının işi düzgün aparmadığını deyib: “Ərizəmin araşdırılması ilə Nəsimi Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı Cəfərov Sərraf Rəfayıl oğlu məşğul oldu. Notarius Taryel Əzizlinin əməlində cinayət tərkibi olmasına baxmayaraq, təhqiqatçı Sərraf Cəfərov 28 aprel 2010-cu il tarixdə əsassız və qanunsuz olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etdi. O, öz qərarında dövlət notariusu Taryel Əzizlinin əməlində Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinin tərkiblərinin olmasının təhqiqat zamanı sübuta yetirilməsini qeyd etməsinə baxmayaraq, Nəsimi Rayon Prokurorluğunun cinayət tərkibinin olmaması fikrilə razılaşaraq, qeyd edilən qərarı qəbul etdi. Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmişəm ki, o, notariusun cinayət əməlini ört-basdır edib”.
Məsələ ilə bağlı 27.07.2011-ci il tarixdə baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olduğunu və ona şikayət ərizəsilə müraciət etdiyini deyən T.Cəbrayılovun sözlərinə görə, onun göstərişinə əsasən həmin fakt üzrə Nəsimi Rayon Prokurorluğunda yenidən araşdırma aparılıb: “Araşdırma zamanı sabiq dövlət notariusu Taryel Əzizlinin hərəkətlərində Cinayət Məcəlləsinin 313-cü maddəsinin tərkibinin olması bir daha təsdiq edildi. Lakin şəraitin dəyişməsilə əlaqədar olaraq, yəni Taryel Əzizlinin bu gün ədliyyə orqanlarında işləməməsi əsas götürülərək onun haqqında cinayət işinin başlanması rədd olundu”.
Bu qərarla razılaşmadığını deyən şikayətçi qeyd edir ki, 14 saylı Dövlət Notariat Kontorunun sabiq müdiri T.Əzizlinin cinayət əməli nəticəsində ozünə külli miqdarda maddi ziyan dəyib və bugünkü reallığa əsasən T.Əzizlidən başqa ona dəymiş ziyanın ödənilməsini başqa bir şəxsdən tələb etməyi mümkün deyil: “Taryel Əzizli “Notarius haqqında” Qanunun 11-ci maddəsinə əsasən sənə dəymiş maddi ziyanı tam həcmdə ödəməlidir. Odur ki, sabiq dövlət notariusu Taryel Əzizlinin əməlinə düzgün və qanuni qiymət verilməli, eyni zamanda onun tərəfindən mənə dəymiş ziyanın ödənilməsilə bağlı yenidən araşdırma aparılmalıdır. Məsələ burasındadır ki, S.Tağıyev eyni mənzili – Biləcəri qəsəbəsi, Hərbi şəhərcik ev 5, mənzil 4 ünvanında olan mülkünü girov qoyaraq bir neçə şəxsdən, təxminən, eyni üsulla müxtəlif məbləğdə borc pul alıb. Bunu Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi notariat idarəsinin rəisi Mehman Soltanov da T.Cəbrayılovun müraciətinə öz imzası ilə təsdiq etdiyi cavabında aydın şəkildə göstərib. Belə ki, həmin sənəddə qeyd olunur ki, 13.01.2006-cı il tarixdə S.Tağıyev 6 ay müddətinə qaytarmaq şərtilə S.Seyidovadan 10 min ABŞ dolları məbləğində borc alıb, borcun təmini üsulu kimi S.Tağıyev özünə məxsus olan Biləcəri qəsəbəsi, Hərbi şəhərcikdə yerləşən 5 saylı evin 4 nömrəli mənzilini 14 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş ipoteka müqaviləsinə əsasən S.Seyidovaya ipoteka qoyub. Bundan sonra S.Tağıyev N.Həsənovadan 6 ay müddətinə 20 min dollar borc alıb, qeyd olunan mənzili bu dəfə N.Həsənovaya ipoteka qoyub və bu barədə müqavilə 17.08.2006-cı ildə 14 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilib. Lakin bütün bunlara baxmayaraq, notariat idarəsinin rəisi Mehman Soltanov tabeçiliyində çalışan şəxsin – 14 saylı Dövlət Notariat Kontorunun sabiq dövlət notariusu T.Əzizli və onun qanundankənar əməlləri barəsində müvafiq ölçü götürülməsi haqda göstəriş verməyib. Onun bu məsələyə biganə yanaşması çox düşündürücüdür. Mən bu cür kadrların cəzasız qalacağına heç cür inanmıram. Çünki cənab nazir peşəkar və işinə məsuliyyətlə yanaşan şəxs olduğundan, rəhbərlik etdiyi sahədə bu kimi halların qarşısı tez bir zamanda alınmaqla yanaşı, müxtəlif yollarla vətəndaşları incidən ədliyyə orqanları əməkdaşları da daim lazımi səviyyədə cəzalandırılır. Ümid edirəm ki, aidiyyatı qurumlar və şəxslər mənə dəymiş ziyanın ödənilməsində əlindən gələni əsirgəməyəcək”.
Üzləşdiyi problemlərin əsas günahkarının 14 saylı Dövlət Notariat Kontorunun sabiq dövlət notariusu Taryel Əzizlinin olduğunu deyən Tofiq Cəbrayılovun Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi notariat idarəsinin rəisi Mehman Soltanovun məsələyə əhəmiyyət verməməsindən narahat olduğunu söyləyib.
Aqil LƏTİFOV



Bu yazı ( 114 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar