12px14px16px18px

Nuh erməni dilində danışıbmı?

ƏFSANƏLƏR, UYDURMALAR VƏ HƏQİQƏT

01:15 / 05.04.2012
2011-ci ildə “Priroda i svet” jurnalının avqust sayında yazıçı-jurnalist Vera Beqiçevanın “Ararat” başlığı altında məqaləsi nəşr olunmuşdur. İlk baxışda qədim tarix və arxeologiya ilə maraqlanan qeyri-mütəxəssislər üçün nəzərdə tutulan belə məqalənin yazılmasında heç bir qəbahət yoxdur. Adətən belə məqalələri müəllif daha sadə, qeyri-mütəxəssislərin də asan başa düşdüyü dildə yazır. Bu təbiidir. Məqalənin məzmunundan görünür ki, müəllif onu yazarkən “Bibliya” və Qədim Şərq tarixi ilə əlaqədar bəzi ədəbiyyatla tanış olmuşdur. Məqalədə müəllif Qədim Şərq tarixi üzrə dünya şöhrətli alim İqor Mixayloviç Dyakanov və çox tanınmış arxeoloq Vadim Mixayloviç Masson kimi rus alimlərinin adlarını çəkir və onların bəzi fikirlərini yada salır.
Mən bu böyük rus alimlərini təkcə əsərlərinə görə deyil, şəxsən də yaxşı tanıyırdım. Belə ki, 1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsinin aspirantı olarkən və sonralar elmi konfranslarda onlarla tez-tez görüşmüşəm.
Məqalə müəllifinin mövzu ilə əlaqədar belə alimlərin bəzi əsərləri və “Bibliya” ilə tanışlığı çox təqdirəlayiq haldır.
Lakin yaxşı olardı ki, hətta populyar məqalələr yazarkən belə mənbələrə ciddi yanaşılsın, tarixi faktlar saxtalaşdırılmasın. Təəssüf ki, məqalədə tarixi faktlara deyil, yanlış, subyektiv uydurmalara əsaslanan fikirlər də vardır.
İ.M.Dyakonov və bütün digər tədqiqatçılar Yaxın Şərq ölkələrində ilk mədəniyyət mərkəzlərinin yaranmasını qeyd etmişlər. Bu zaman tədqiqatçılar hazırkı dövrdə bu ərazidə yerləşən ölkələrin adlarını sadalayırlar (Suriya, İraq, Fələstin, İran və s.). Lakin hamıya məlumdur ki, həmin ərazidə ən qədim sivilizasiyanın yaradıcıları Mesopotamiyada şumerlər olmuşlar. Təkərin, dulus çarxının, mixi yazının yaranması onların adı ilə əlaqədardır. Bu kəşflər gələcək elmi nailiyyətlərə də böyük təkan vermişdir. Qədim şumerlərin təsiri Qafqazın maddi mədəniyyətində də özünü göstərir. Belə ki, hazırda Azərbaycanda Leylatəpə və Şimali Qafqazda Maykop arxeoloji mədəniyyətlərini tədqiqatçılar haqlı olaraq e.ə. IV-III minilliklərdə Qədim Mesopotamiyadan bu əraziyə köçən şumer tayfaları ilə əlaqələndirirlər.1 O dövrdən az əvvəl insanlar metaldan istifadə etməyə başlamışdılar. Metalın kəşfi məhsuldar qüvvələrin inkişafına çox güclü təkan verdi.
Əmək alətləri və silahlar indi daş, sümük və ağacdan deyil, metaldan (mis, tunc) hazırlanmağa başlanmışdır. Metal tədricən insanların həyatında geniş yer tuturdu. Mesopotamiyada yaşayan şumerlər metal yataqları olan yerləri axtarırdılar. Güman edilir ki, 5 min il bundan əvvəl bəzi şumer tayfalarının Qafqaza köçü metal yataqlarının axtarışı ilə əlaqədar olmuşdur. Azərbaycanda Leylatəpə arxeoloji mədəniyyətinə aid abidələr, Qarabağda, Qərbi Azərbaycanda, 2011-ci ildə isə Qəbələ rayonunda aşkar olunmuşdur.
Qədim şumerlər gələcək sivilizasiyaların yaranıb inkişaf etməsinə, qədim dünyada geniş ərazilərdə yaşayan xalqların mədəniyyətinə güclü təsir göstərmişlər. Bu ərazilərdə şumerlərdən çox sonralar ermənilər də yaşamışlar. Ancaq qədim Mesopotamiyada yaşayan şumer və akkad tayfalarının nə etnik, nə də dil cəhətdən ermənilərə heç bir yaxınlığı yoxdur.
Müəllif V.M.Massona istinad edərək – alətlərin vulkanik şüşə-obsidianından hazırlanmasına toxunur. Doğrudur, metalın kəşfi və onun məişətdə geniş yayılmasına qədər qədim insanlar alət və silahları sümük və ağacla yanaşı, çaxmaq daşı və obsidiandan hazırlayırdılar. Obsidian bəzən öz yataqlarından uzaq məsafələrə aparılırdı. Məsələn, V.M.Masson əsərlərinin birində çox qədim zamanlarda Avropada tapılmış obsidianın öz yatağından bəzən 900 km. məsafəyə aparıldığını göstərir. Lakin görünür, bu obsidian Dağlıq Ermənistandan deyil, daha yaxın mənbələrdən gətirilmişdir. Obsidian yataqları bir çox yerlərdə vardır. Belə yataqlar Azərbaycan və indiki Ermənistanda da mövcuddur. Biz Azərbaycanda bütün qədim arxeoloji abidələrin qazıntıları zamanı obsidiana çox rast gəlirik. Onlar bir çox hallarda yüz km-lərlə məsafədə yerləşən yataqlardan gətirilmişdir. Əsasən Ukrayna ərazisini əhatə edən IV-III minilliklərə aid Tripoliye mədəniyyəti abidələrində rast gəlinən obsidian da çox güman ki, Dağlıq Ermənistandan deyil, daha yaxın yataqlardan gətirilmişdir.
E.ə. IX əsrdə Van gölü ətrafında yaranan Urartu dövləti padşah Argiştinin (e.ə. 786-764-cü illər) hakimiyyəti dövründə çox gücləndi və Araz çayından şimalda xeyli əraziləri tutdu. E.ə. 782-ci ildə Argişti yerli qəbilələri əsarətdə saxlamaq üçün indiki Yerevan şəhərinin yerində Erebuni qalasını tikdi. Bu ərazidə Argiştixnili şəhəri salındı. Daha çox Urartu abidələri indiki Türkiyə, şimali-qərbi İranda (Cənubi Azərbaycanda) yerləşir. Urartu haqqında bir sıra əsərlərin müəllifi, çox məşhur alim, akademik B.B.Piotrovski haqlı olaraq yazmışdır ki, urartuların varisi təkcə ermənilər deyil, bu qədim dövlətin yerləşdiyi ərazidə yaşayan bütün xalqlardır.2 Etnik və dil cəhətdən ermənilərin urartularla yaxınlığı yoxdur.
Kür-Araz arxeoloji mədəniyyəti e.ə. IV-minilliyin 2-ci yarısında bu çayların arasında yaranmış, e.ə. III minillikdə bütün Cənubi Qafqazı, Şimali Qafqazın bir hissəsini, şimali-qərbi İranı, Şərqi Anadolunu əhatə etmişdir.3 Ermənilərin dil cəhətdən qədim xuritlərlə də yaxınlığı yoxdur. Erməni dili Hind-Avropa dil ailəsinə daxil olmaqla, bir qədər yunan dilinə yaxındır.4 Məqalədə Günəş allahı hind-avropalıların allahı kimi göstərilir. Lakin Günəşə qədim dövrlərdə dünyanın əksər ölkələrində yaşayan insanlar sitayiş edirdilər. Hətta Kolumba qədərki Amerika hinduları da Günəşi allah sayırdılar. Qədim Misirdə isə Günəş baş allah sayılırdı. Məlum olduğu kimi misirlilər hind-avropa xalqlarının dil ailəsinə daxil deyildilər.
Misirlilərin dili sami dilləri ailəsinə daxil idi. Deməli, onların ermənilərlə də qohumluğu olmayıb. Azərbaycanın qədim dövləti olan Albaniyada da Günəş 2 min il əvvəl Strabonun yazdığına görə, allahlardan biri sayılır və ona sitayiş olunurdu. Azərbaycan albanlarının da ermənilərlə heç bir qohumluğu olmayıb. Bütün bu məsələlərə aid çoxsaylı tədqiqat əsərləri mövcuddur. Məncə, onlar bütün tədqiqatçılara məlumdur.
İndiyə kimi e.ə. II minilliyin ortalarında Kiçik Asiyada öz dövlətlərini yaradan mitanilərin də ermənilərlə hər hansı qohumluğunun olduğunu heç kəs sübut etməmişdir. İ.M.Dyakanov haqlı olaraq yazır ki, ən qədim erməni daşıyıcıları Kiçik Asiyaya e.ə. II minilliyin axırlarında gəlmişlər. Yazılı mənbələrdə ermənilərin adı ilk dəfə e.ə. VI əsrdə çəkilmişdir.
Məqalədə Kiçik Asiya ilə Misir arasında əlaqələrin olması göstərilir. Əlbəttə ki, buna şübhə edən yoxdur. Bu fakt hətta tarix dərsliklərində öz əksini tapmışdır. Misir fironları, xüsusilə e.ə. XIV-XIII əsrlərdə XIX sülalənin hakimiyyəti dövründə Kiçik Asiyada yerləşən Xett dövləti ilə əlaqə saxlayırdılar. E.ə. XIV əsrin ortalarında yaşamış firon Tutanxamonun məqbərəsindən tapılan dəmir xəncərin də bu əlaqələr nəticəsində Misirə gətirildiyi güman olunur.5 Misirlilərin özləri dəmirin emalını çox sonralar mənimsəmişlər.
Burada Misir fironu II Ramzesin (e.ə. 1301-1235) XIII əsrin əvvəlində xetlərə qarşı hərbi yürüşünü də yada salmaq olar. Ancaq bu əlaqələrin ermənilərlə heç bir bağlılığı olmamışdır.
Məqalədə Nuhla əlaqədar “Dünya tufanından” danışılır və göstərilir ki, Nuh gəmisindən qurunu görərkən ermənicə “Erevas-görünür” deyib. Bu uydurma ancaq gülüş doğura bilər. Nuhla əlaqədar “Ümumdünya tufanı” haqqında əfsanəni kim bilmir?! Hətta az savadlı adamlar da “Bibliyanın” “Əsari ətiq” hissəsinin “Varlıq” bölməsini oxuyublar. Orada bu barədə geniş yazılıb (6-8 fəs.). Məlumdur ki, bu tufan haqqında məlumat təkcə əfsanə deyil. Bu fəlakət haqqında mixi yazı mənbələrində də məlumatlara rast gəlinir. Arxeoloji qazıntılar nəticəsində müəyyən olunmuşdur ki, bu fəlakət əfsanədə olduğu kimi bütün dünyada deyil, yalnız Mesopotamiyada (Dəclə və Fərat çayları arasında) təxminən e.ə. IV minilliyin 2-ci yarısında, beş min il bundan əvvəl Ubeyd arxeoloji mədəniyyətindən sonra baş verib.
Məlum olduğu kimi Mesopotamiya ən qədim mədəniyyətin beşiyi sayılır. Misirdə hər il eyni vaxtda daşan Nil çayından fərqli olaraq, Mesopotamiyada Dəclə və Fərat çayları bəzi hallarda daşırdı. Nadir hallarda daşqınlar çox güclü olmuş və hətta iki çay birləşərək böyük əraziləri su altında qoymuşdur.
“Bibliya”dakı “Ümumdünya tufanı” haqqındakı əfsanə mixi yazı lövhəsində də öz əksini tapmışdır. 1850-ci ildə arxeoloq Henri Layyard qədim Assuriyanın paytaxtı Nineviyada Assuriya hökmdarı Sinaxxeribin kitabxanasını aşkar etdi. Orada 2 otağın içərisində üstündə mixi yazılar olan minlərlə gil lövhələr var idi. Bu hadisədən 3 il sonra Layyardın köməkçisi Rassamda Assuriya hökmdarı Aşşurbanapalın tikdirdiyi sarayda yeni belə tapıntıya rast gəldi. Ümumilikdə bu lövhələrin sayı 25 mindən çox idi. 15 il sonra qədim tapıntıların mühafizəçisinin köməkçisi Corc Smit bu lövhələri diqqətlə gözdən keçirərkən bir lövhə parçasının üstündə “Gəmi dağın zirvəsində oturdu” sözlərini oxudu. Bu, qeyri-adi kəşf idi. O başa düşdü ki, bu “Bibliya”dakı “Ümumdünya tufanı” ilə əlaqədar məlumatdır. “Deyli Teleqraf” qəzeti Smitə min funt sterlinq vəsait ayırdı ki, o, Nineviyaya gedib tufanla əlaqədar mixi kitabənin qalan parçalarını axtarsın. Nəticədə Smit gil lövhələrdə tufanla əlaqədar məlumatın çox hissəsini bərpa edə bildi. Lövhədə Fərat çayı üstündəki Şuruppak şəhərində yaşayan Utanpiştim adlı bir nəslin başçısı haqqında yazılmışdı. Bibliyadakı məlumatda Nuhun yanına gəldiyi kimi Ea allahı Utnapiştimin yanına gələrək böyük daşğın olacağı haqqında ona məlumat verərək əmr etdi ki, böyük bir gəmi düzəldib daşqın başlayanda bütün ailə üzvlərini, heyvan və quşların hərəsindən bir cüt gəmiyə mindirsin. Utnapiştim belə də etdi. Sonra hadisələr “Varlıq”dakı kimi cərəyan edir. 6 Təbii ki, bu “Ümumdünya” daşqını yalnız Mesopotamiyda baş vermişdi. O zaman yerli əhalinin gözündə dünya elə oradan ibarət idi.
1929-cu ildə bu daşqınla əlaqədar İngiltərə arxeoloqu Leonard Vulli qədim Ur şəhərində qazıntı apararkən 2,5 m. qalınlığında lil qatını aşkar etdi.7 Mesopotamiyanın o dövrki mədəniyyəti şumerlərə məxsus idi. Şumerlərin ermənilərlə heç bir əlaqəsi yox idi. Ona görə də məqalədə yazıldığı kimi Nuh ermənicə “Erevas görünür” sözünü işlədə bilməzdi. Məqalədə Erevan toponimii də bu sözlə əlaqələndirilir. Bu isə ermənilərin uydurmasıdır.
“Varlıq”da (fəs. 8, 4) Nuhun gəmisi dayanan dağ Ararat adlanır. Məqalə müəllifi yazır ki, “Əsari ətiqdə” əvvəllər “Ararat” adı yazılmamışdı. Mixi yazılı lövhədə isə “Nisir” dağı yazılmışdır. Hazırda bu adın hansı yüksəkliklə əlaqədar olduğunu müəyyənləşdirmək çətindir.
Uruk hökmdarı Qilqameşin poemasını da ermənilərlə əlaqələndirmək mümkün deyil.
Yaxşı olardı məqalədə ermənilər verən məlumatların çoxunun tarixi həqiqətləri əks etdirmədiyi, onların çoxunun uydurma olduğu göstəriləydi. Bir qayda olaraq əfsanələrdə tarixi hadisələr çox şişirdilmiş və bəzək-düzəkli verilir. Onların əsasında uydurmalar yaranır. Ayrı-ayrı rəvayətlər nəsildən- nəslə ötürülərkən böyük dəyişikliklərə uğrayır. Tədqiqatçılar da əfsanələrdən istifadə edərkən bu xüsusiyyətləri nəzərə alaraq rəvayətləri faktiki dəlillərlə müqayisə etməli və uydurmaların necə yarandığını şərh etməlidirlər.
İlyas BABAYEV,
AMEA-nın müxbir üzvü,
professor
Məqalə “Elm və həyat” jurnalının 2011-ci ilin 4-cü sayından götürülmüşdür.







Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar