12px14px16px18px

Gəncə: Yerində olanlar və yerində olmayanlar...

GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ELMAR VƏLİYEVƏ AÇIQ MƏKTUB

01:14 / 05.04.2012
Doğru söyləməyə vardırsa imkan,
Neçin gəlməlidir ortaya yalan?
Qiymətdən salmışdır sözü yalanlar,
Doğrunu danışan möhtəşəm olar.
NİZAMİ


Hörmətli Elmar müəllim!
Gəncəyə təyinatınız bahar fəsli ərəfəsinə təsadüf etdi. Amma deyəsən, bu təsadüf gəlişinizin epiqrafı idi. Təsadüf yox, zərurət idi. Sən demə, qədim və ulu Gəncə bu gəlişlə ömrünün əbədi bahar fəslinə qədəm qoyacaqmış...
Ətalət, süstlük, vecsizlik, biganəlik, insanların mənəvi-əxlaqi dəyərlərdən uzaqlaşaraq bir-birini gözdən salmaq cəhdləri, daha çox varlanmaq tabeliyində olanları daha çox əzmək ehtirasları, dünyanı mədəsinin gözüylə seyr edənlərin saxta vətənpərvərliyi, qanunların kobudcasına pozulması və bunların doğurduğu fəsadlardan, ağrı-acılardan yorulan, bezən, usanan və dərin düşüncələr içində yuxuya gedən qocaman şəhəri sanki silkələdilər: “Oyan, oyan, bəxtinə gün doğub”. Dalğın-dalğın gözlərini açdı, sevindi Gəncə, şadlandı Gəncə...
Gəncənin gözəlliyinə xələl gətirən, adına, şərəfli tarixinə yaraşmayan, arxitekturasını pozan hər nə varsa, qınına çəkildi, bayquş kimi xarabalığa, yarasa kimi zülmətə üz tutdu... Lakin sərraf gözündən yayınmadı, yayına bilmədi...
Bəli, təbiətin doğum fəsli yaz ötən il başqa biçimdə gəldi Gəncəyə... Gəncənin qəlbi, gözü, üzü, daşı, torpağı da sanki gülür, dil açıb danışmaq istəyirdi: “Sinəmə ağırlıq edən bu yüklərdən, mənəvi sıxıntılardan xilas et məni!” Sanki bu ağrıları duyaraq gəldiniz. Sanki naşı dərzilər əlində doğranan, fəryad edən doğma şəhərə özünə yaraşan bir libas tikdirmək, yeni bir mənəvi dünya yaratmaq, bu dünyanın sevinc və məmnunluq payını bərabər bölüşmək üçün gəldiniz. Bu, faktdır. Bu, qürur doğuran bir gerçəklikdir. Və bu gərçəkliyi sadə insanlar daha çox dəyərləndirir. Vəzifə borcu ilə insani borc vəhdət təşkil edirsə, bu, müsbət emosiyalar doğurur.
Bu gün Gəncənin siması dəyişir, yeniləşir, gözəlləşir desək, azdır. Bu gün sığala, qayğıya, ehtirama uzun illər möhtac qalan Gəncə yenidən doğulur, görülən işlər əzəmət və cazibəsi ilə göz oxşayır. Gözəlliyə möhtac gözlərə, könüllərə nur ələnir bu gözəllikdən.
Adi şeylər insanda heç bir duyğu oyatmır. Qeyri-adilik insanı heyrətləndirir, heyrət isə insanı həmişə düşündürür. Bu gün Gəncəmiz gözəllik adlı sirli-sehrli bir ünvanın yolçusudur, yolu açıq olsun həmişə. Bizlərə də tanrım bu gözəlliklərdən zövq almaq, onu qorumaq, qiymətləndirmək bacarığı, duyğusu nəsib etsin...
Deyirlər hər kəsin öz işinə münasibəti onun vətəndaşlıq mövqeyinin göstəricisidir. Əzm, qətiyyət və prinsipiallığınız bunun ən bariz nümunəsidir. Dünya praktikası artıq çoxdan sübut edib ki, miqyasından asılı olmayaraq, bütün sahələrdə problemlərin uğurlu həlli məhz düzgün kadr siyasətindən asılıdır. Ötən dərs ilinin sonunda Gəncə şəhər 22 saylı orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyinat alan gənc mütəxəssis də belə bir uğurlu seçimin nəticəsidir. “Elnur müəllim direktor olsa, hər şey çox yaxşı olar, eləmi, müəllimə, siz necə düşünürsünüz?” – deyə soruşan şagirdlərimin sualını cavabsız qoysam da, intizar dolu baxışlarını böyük əksəriyyət kimi mən də təbəssümlə qarşıladım. Bizlərdən asılı olmasa belə...
Görəsən, təhsil sisteminin də bəlalardan qurtulacağına inanmaq sadəlövhlük olmaz ki? Məhz qanunlara hörmətlə yanaşdığına görə təqib edilən bir və bəlkə də yüzlərlə müəllimin sındırılmış inamı bərpa oluna bilərmi?!...
Bu gün gənc kadrlara göstərilən qayğı alqışlara layiqdir. Lakin bütün gənc kadrlar etibara layiqdirmi?! Elə gənc kadrlar var ki, onların etdiklərini 50 illik təcrübəsi olanların çox az sayı edə bilərdi.Ümumi yox, konkret demək daha yaxşıdır. Məsələn, Gəncə Şəhər Elmi-Metodik Mərkəzin müdiri Afaq Əliyeva. Bu gənc kadr 22 saylı məktəbin ibtidai sinif müəllimliyindən irəli çəkildi. Vəzifəsindən sui-istifadə “qabiliyyəti”, kimlərinsə himayəsindən faydalanmaq “bacarığı” ilə özünün “böyük” adam olduğunu “sübut etdi”. Müdir təyin olunduğu gündən hər şey dəyişdi. Ədası, danışığı, insanlara münasibəti. Özünü o qədər “qeyri-adi” sandı ki, bu düşüncələr onu qanunları belə saymamaq həddinə gətirib çıxardı. Tribunalardan pafoslu çıxışlar edən, özünü müəllimlərin müəllimi simasında görən, buna birmənalı olaraq, mənəvi haqqı çatmayan Afaq Əliyevaya bu imtiyazları kim verib?! Kimlərinsə himayəsində gözü ayağının altını seçmirsə, saxtakarlıqlarına başqalarını da qoşursa, Allah bu milləti, bu dövləti belə üzdəniraq gənc kadrlardan qorusun! Belələri kimə və ya nəyə xidmət edirlər? Xalqa, dövlətə, ya düşmənə? Xalqa, dövlətə boş sözlərlə yox, əməli işlə xidmət edərlər. Axı hüquq pozuntuları, haqsız və qanunsuz işlər insanların inamını sarsıdır.
Qısa bir arayış: Afaq Əliyeva müdir təyin olunan kimi hələ 8 və 9-cu siniflərdə oxuyan uşaqlarını məktəbdən ayırıb “Araz” kursunun səhər növbəsinə yazdırdı. Bu uşaqlara “əla” və “yaxşı” qiymətlər yazmaq isə müəllimlərə “şərəfli” bir vəzifə olaraq tapşırıldı. Bir müəllimə isə onun oğluna “qaib” yazdığı üçün cəzası ağır oldu. Məktəbdə həmin müəlliməyə qarşı elə bir şou təşkil olundu ki, bunları yazmaqla qurtarmaz. Sinif jurnalının məqsədli olaraq itirilməsi, şagirdlərin yalana dəvət olunmaları. Varislik prinsiplərinin kobudcasına pozularaq, müəllimin sinfinin zorla, təzyiqlərlə əlindən alınması. Afaq Əliyeva müdir təyin olunduqdan sonra da məktəbdə adına əmək haqqı yazılır, dərslərini isə qanunsuz olaraq Uşaq Birliyi rəhbəri aparır, pulunu A.Əliyeva özü alırdı. Əvəzində Uşaq Birliyi rəhbərinin müəllim keçirilməsini təşkil edəcəkmiş. Bu oyunları ört- basdır etmək üçün həmin sinifin jurnalı 2 dəfə dəyişdirilir. Bu siyahını artırmaq da olardı, amma başağrısı vermək istəmədim.
Hörmətli Elmar müəllim!
Məktubun ikinci hissəsi nisbətən giley xarakterli görünsə də, əslində belə deyil. Olmuşların axarında gələcəyə güzgü tutmaq istəyidir. Dünən olan olub, bəs sabah necə? İlk baxışdan çox adi, çox kiçik görünən bir məsələ – qanunlara və daşıdığı “müəllim” adına hörmətlə yanaşdığına görə mənəvi hücumla, cismani və mənəvi ağrılarla baş-başa qalan müəllimənin başına gətirilənlərin təkrar edilməyəcəyinə kim zəmanət verə bilər? Tribunalardan eşitdiklərimizəmi, dövlətin təhsil siyasətinin əsas prinsiplərinəmi, Təhsil Qanununda yazılanlaramı söykənərək işləyək, ya yerində olmayanların yaratdıqları qeyri-sağlam gerçəkliyəmi?!...
İnsan təbiətən nurlu olanlara güvənir həmişə. Çünki təbiətən nurlu olanlar qatı zülmətdə belə içlərindəki işığın köməyi ilə doğrunu yalandan seçə, nə qədər rənglənsə belə, nə qədər parlaq boyalarla örtülsə belə, qaranın qara olduğunu bəsirət gözü ilə görə bilirlər. Yalanın ayaq tutub yeridiyi məqamda belə, bu saxtakarlığın önünə keçə bilirlər. Ümid edirik ki, gözəl Gəncəmizdə bu problemlər də öz həllini tapacaq. Çünki bacarıqlı və zövqlü bir rəhbərin şəhərimizdə yaratdığı, yaradacağı gözəllik bizdə həm də haqqın, ədalətin qələbəsinə inam yaradır.
Tamam HƏSƏNOVA,
Gəncə şəhər 22 saylı
orta məktəbin müəllimi




Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar