12px14px16px18px

“Mən Bəxtiyar Sadıqovun fikirlərini bölüşürəm”

NUŞİRƏVAN MƏHƏRRƏMLİ: “MƏN İSTƏRDİM Kİ, TELEVİZİYA KANALLARININ RƏHBƏRLƏRİ BU CÜR HADİSƏLƏRƏ BİGANƏ QALMASINLAR”

07:38 / 04.04.2012
Milli Televiziya və Radio Şurası (MTRŞ) milli teleserialların çəkilməsi ilə bağlı telekanalların hər birinə 500 min manat vəsait ayıracaq. Bu barədə APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, aprelin 6-da MTRŞ-nın iclası keçiriləcək. İclasda televiziya kanallarına yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələyə baxılacaq: “Mayın 1-dən Azərbaycanda əcnəbi serialların yayımı birmənalı olaraq dayandırılacaq. Burada başqa problem ola bilməz. Bəzi televiziya kanalları söhbət yayır ki, bu müddət uzadılsın. Amma belə şey olmayacaq”. Şura sədri bəzi telekanalların yeni serialların dublyajına başlamasını onların hüququ adlandırıb: “Telekanalların hər biri hüquq çərçivəsində fəaliyyət göstərir. Bu gün onlara bu hüquq verilib. Amma mayın 1-dən həmin hüquq onlara verilməyəcək. Görüm, ondan sonra həmin kanallar o serialları efirə verə biləcəklərmi? Çox yaxşı olardı ki, telekanallar əhalini nəzərə alsın, yəni serialı başlayıb sonra yarımçıq kəsməsin. Çalışsınlar ki, mayın 1-nə kimi serialları tam göstərsinlər. Biz hələ ötən ildən televiziya rəhbərlərinə bununla bağlı bildirmişik ki, mayın 1-dək bu məsələ tam həll olunsun. Onlar bunu etmək istəmirlərsə, fikirləşirlərsə ki, bu müddət uzanacaq, yanılırlar”. N.Məhərrəmli onu da deyib ki, Azərbaycan xalqının tarixində mühüm rol oynayan 20 yanvar, 26 fevral, 31 mart kimi günlərdə telekanalların verilişləri efirə necə verməsi ilə bağlı xüsusi qaydalar işlənib hazırlanmalıdır. Onun sözlərinə görə, hazırda ölkə qanunvericiliyində telekanalların Azərbaycan tarixi ilə bağlı xüsusi günlərdə verilişlərin efirə necə verməsi barədə müəyyən olunmuş bir qayda yoxdur: “Belə qaydaların işlənib hazırlanmasına ehtiyac var. Biz bu məsələni müzakirə etməliyik. Söhbət bu cür hadisələrin televiziya kanallarında necə işıqlandırılmasından gedir. Dünən (srağagün – red.) Kəlbəcərin işğalı günü idi, qarşıda Şuşanın, Laçının işğalı günləri gəlir. Televiziya kanalları həmin günlərlə bağlı təbii ki, verilişlər verəcəklər. Amma bütün efiri bununla doldurmaq mümkün deyil. Ona görə də burada bir mexanizm yaradılmalıdır. Hesab edirəm ki, telekanallarda fərdi qaydada bu məsələyə yanaşmaq yox, ümumi baxış olmalıdır. Hökumət tərəfindən bu məsələ ilə bağlı bir qayda yaradılmalıdır. Soyqırımı və işğal günlərində Azərbaycan efir məkanında əyləncə xarakterli verilişlərin sayı azaldılmalı, minimuma endirilməli və ya heç olmamalıdır”. MTRŞ sədri “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun 31 mart – Azərbaycanlıların Soyqırımı Günü “Ay Zaur” verilişini efirə verən “Xəzər” telekanalının rəhbərliyinin Azərbaycan xalqından üzr istəməsi, MTRŞ-nı həmin tipli verilişlərə qiymət verməsi və efirdən çıxarması ilə bağlı çağırışına da münasibət bildirib: “Bir vətəndaş, millət vəkili, jurnalist və ziyalı kimi Bəxtiyar Sadıqovun fikirlərini bölüşürəm. Ona minnətdaram ki, telekanallarda baş verən proseslərə belə operativ reaksiya verir. Mən istərdim ki, televiziya kanallarının rəhbərləri bu cür hadisələrə biganə qalmasınlar. Azərbaycanın tarixi ilə bağlı faciə yaşanan günlərdə verilən verilişlər bu günə uyğun, daha çox məlumat xarakterli olsun. Həmin gün ərzində “Xəzər“ televiziyası soyqırım günü ilə bağlı çoxsaylı verilişlər verib, yalnız günün sonunda “Ay Zaur”adlı verilişi veriblər. Əlbəttə, çox istəyərdik ki, bu veriliş bir gün sonra verilsin. İnşallah, gələcək fəaliyyətlərində onlar bunu nəzərə alarlar”.


Bu yazı ( 129 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar