12px14px16px18px

“Fransanın həmsədrliyinin dəyişdirilməsindən söhbət gedə bilməz”

ŞTEFAN FÜLE: “VƏZİFƏMİZ SADƏ İNSANLAR SƏVİYYƏSİNDƏ TƏMASLAR QURMAQDIR”

07:37 / 04.04.2012
Azərbaycan prezidenti İlham Əliyev dünən Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların və əldə olunan iqtisadi inkişafın önəmi vurğulanıb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Ş.Füle xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Görüşdə Azərbaycanla AB arasında münasibətlərin inkişafı, regional məsələlər (Suriya, İran), Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, nizamlanma prosesinə dəstək vermək üçün Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılmasına dair AB-nin təklifləri müzakirə olunub. Ş.Füle Azərbaycana axırıncı səfərindən sonra bəzi sahələrdə tərəqqinin müşahidə edildiyini bildirib. O, Bakıda Avronest Parlament Assambleyasının 2-ci plenar sessiyasının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Ş.Füle “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla AB arasında münasibətləri inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Komissar “Eurovision” müsabiqəsinin dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldəcəyini qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Ş.Füle iki il əvvəl Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə baş çəkdiyini hələ də xatırladığını söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu diqqətə çatdırıb. Komissar keçirdiyi brifinqdə bir sıra maraqlı məqamlara da toxunub. O, Avropa Birliyinin ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini söyləyərək, bu məqamın birliyin son bəyanatlarında da öz əksini tapdığını bildirib: “Ona görə də ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın dəyişdirilməsindən söhbət gedə bilməz”. O, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə etimad mühitinin formalaşdırılmasına dair yeni təkliflər paketinin müzakirəsini davam etdirdiyini söyləyib. Ş.Füle hazırda təkliflər paketinin detallarının açıqlamağa hazır olmadığını diqqətə çatdırıb: “Lakin qeyd edə bilərəm ki, birincisi, bizim bu məsələdə kifayət qədər təcrübəmiz var. İkincisi, bizim vəzifəmiz bu təkliflər əsasında münaqişəni həll etmək deyil, sadə insanlar səviyyəsində təmaslar qurmaqdır”. Aqil LƏTİFOV


Bu yazı ( 105 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar