12px14px16px18px

Mübariz Əhmədoğlu: “İran-Azərbaycan münasibətlərinə digər dövlətlərin qarışmasının əsas səbəbkarı İrandır”

07:29 / 04.04.2012
İsraillə bağlı mətbu orqanlarının Azərbaycanla İran arasında gərginlik yaratması istiqamətində atdığı addımlar seyrəlmir, əksinə, getdikcə güclənir, yayılan məlumatlara ciddi siyasi məzmun verməyə çalışırlar”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluya məxsusdur. O bildirib ki, son dövrlərin təbliğat materiallarını hazırlayanların əsas ünvanı İrandakı beyinlərdir: “O beyinlər ki, bu vaxtadək adicə bir qəzet yazısından ötrü heç nədən çəkinmədən Azərbaycan Respublikasının İrandakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz bildirməklə bağlı qərar qəbul ediblər. Son mətbuat tullantısını hazırlayanlar İranın davranışının məntiqi davamına hesablayıblar: İran bəlkə də Azərbaycana qarşı daha ciddi addım atdı. Həmin qüvvələr üçün iranlının və ya azərbaycanlının ölməsi, əziyyət çəkməsi qətiyyən əhəmiyyət kəsb etmir; təki BMT Təhlükəsizlik Şurasının İrana qarşı müharibəyə icazə verən qətnaməsi üçün əsas yaransın. Müxtəlif dövlətlərin birincili və ya ikincili iştirakda adlarını hallandırmaqla ciddilik yaradan məqalə müəllifləri İsrail təyyarələrinin Azərbaycan Respublikasına haradan gələcəyini yazmağı tamamilə unudublar. Ərəb dövlətləri tərəfindən gələn İsrail təyyarələri Türkiyənin ərazisini necə keçəcək? Türkiyə, hətta İsrailin təlim uçuşu keçirən hərbi təyyarələrinə öz səmasını qapayıb. Həm də Ərəb dövlətləri istiqamətindən gələn İsrail təyyarələri niyə o dövlətlərdən İranı vurmur? Gərək hökmən Azərbaycanın ərazisinə gələ və buradan yenidən İranın ərəb dövlətləri ilə sərhədlərinə tərəf uça. Bu sağ qulağın sol əllə tutulması kimi məşhur misala bənzəyir. Gürcüstan ərazisindən gələn gəmilər və ya hərbi təyyarələr yenə əlavə bir neçə dövlətdən icazə almalıdır, o cümlədən çox böyük ehtimalla Türkiyə tərəfi burada da ciddi maneə ola bilər. İsrailin Azərbaycan Respublikasından İranı vurmaq potensialı həm də ona görə absurddur ki, bu halda İsrail təyyarələri dağıtmaq istədikləri obyektə çatmaq üçün İran ərazisilə təxminən 500-600 km məsafə qət etməlidirlər. Heç bəlkə də 50-60 kilometr uça bilməzlər. İranın Hava Hücumundan Müdafiə sistemi İsrailin təyyarələrini qeydə alıb vuracaqdır. ABŞ-ın və ya İsrailin İranın HHM sistemini çaşdırmaq üçün olan qurğuları Azərbaycan ərazisində yox, İranın ərəb dövlətlərilə qonşuluğundadır. Məsələ tam aydındır ki, bu yazılanlar İrandakı beyinləri qıcıqlandırmaq üçündür”. Politoloq bildirib ki, Azərbaycan Respublikasının belə şantajları dönə-dönə təkzib etməsinə baxmayaraq, bu cür şantajların arası kəsilmir: “İran İslam Respublikası Azərbaycan Respublikasına qarşı münasibətini elə formalaşdırıb ki, bunu tədqiq edən xarici ölkə ekspertləri bu təqdimatda ancaq düşmənçilik görürlər. Bu dəfələrlə deyilib. Biz and-aman etsək də, bu şantajla məşğul olanlar bizə inanmır. Bu vaxtadək İran isə Azərbaycan Respublikası ilə münasibətlərində ortalığa fərqli bir şey qoymayıb. Son illərdə bu məsələ ilə əlaqədar gündəliyə gətirdiyi yenilik ermənilərin iştirakıdır. Erməni ekspertlərini Tehranda və Ermənistanda tez-tez qəbul edən İran siyasiləri nə danışıblarsa, ermənilər o danışıqlardan İranın Azərbaycana əzəli, əbədi düşmənçiliyini görüblər və bu məlumatları dünyaya yaymaqla məşğuldurlar. İran Azərbaycan Respublikasının adı hallanmaqla quraşdırılan şantajları qısa müddət ərzində aradan qaldıra bilər: Azərbaycan Respublikasına dair mövqeyini dəyişsin, dövlətinin adına və konstitusiyasına uyğun siyasət aparsın. Yox, əgər bunu etmək istəmirsə, hesab etmək olar ki, İran da Azərbaycan Respublikasına qarşı şantajlarının təşkilində iştirak edir”.


Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar