12px14px16px18px

Qəlblərdə və fotolorda yaşayacaq xatirə

01:00 / 03.04.2012
Bu gün “Azadlıq” qəzetinin fotomüxbiri Əjdər Cəfər oğlu Nağıyev vəfat edib. O, cəmi 57 il yaşadı, yaradıcılığının daha da çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdi.
Ə.Nağıyev 1955-ci ildə İsmayıllı rayonunun füsunkar Qoydan kəndində dünyaya göz açmışdı. Uşaqlıqdan mehrini foto sənətinə bağlayan Əjdərin müxtəlif mətbu orqanlara ünvanladığı təsvirlərdə əsasən təbiət gözəlliklərinin əks olunması da bu vurğunluqdan qaynaqlanırdı. Lakin mövzu dairəsi get-gedə genişləndi. 1988-ci ildə isə xalqımız azadlıq mücadiləsinə qalxanda təqdim etdiyi nümunələrdə dövrün gerçəklikləri canlandı.
Səmimi insan, peşəkar fotoqraf imicini qazanan Əjdərin duyum dünyası yüksək zövqündən, hadisələrə həssaslıqla yanaşma manerasından xəbər verirdi. Əsas iş yeri “Azadlıq” qəzeti olsa da onun foto şəkilləri ölkəmizin bir çox mətbu nəşrlərinin səhifələrini bəzəyirdi. Yüksək zövqün, məsuliyyət hissinin nəticəsi idi ki, müxtəlif jurnallar onu həvəslə əməkdaşlığa dəvət edirdilər.
Əjdərin peşəkarlığı iştirakçısı olduğu bütün müsabiqələrdə bir qayda olaraq dəyərləndirilirdi. Onun layiq görüldüyü diplomlar və digər mükafatların zəngin çeşidi yaradıcılıq axtarışlarının uğurlu bəhrələri kimi xatirələrdə qalıb.
O, qısa, lakin mənalı ömür yolu yaşadı. Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Azərbaycan Mətbuat Şurası



Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar