12px14px16px18px

“Ermənistanın bütün siyasətində Rusiya izi var”

VAQİF ARZUMANLI: “HAZIRKİ QEYRİ-DEMOKRATİK PROSESLƏR ORADAKI SEÇKİLƏRDƏ QARŞIDURMANIN OLMASINI QAÇILMAZ EDİR”

00:49 / 03.04.2012
Ermənistandakı parlament seçkilərinin qeyri-şəffaf keçiriləcəyi barədə məlumatlar indidən yayılmaqdadır. Seçki ilə bağlı atılan addımları nəzərə alan Ermənistan mediası, eləcə də bu ölkənin müxalifət partiyaları parlament seçkisinin qeyri-demokratik keçəcəyini bəyan edirlər. Seçkilərin saxtalaşdırılacağı, hakimiyyətdə təmsil edilən partiyanın təmsilçilərinin və ya onların istədikləri şəxslərin parlamentə yerləşdiriləcəyi barədə məlumatlar yüksək səslə eşidilməkdədir. Bu ölkənin media orqanları da seçki prosesinin indiki mərhələdən başlayaraq saxtalaşdırıldığını yazır və sözügedən məqamın Ermənistan demokratiyasına ciddi zərbə vuracağını bildirirlər. Ermənistanın aparıcı partiyaları seçicilərə hakim partiyanın maraqlarını təmin etmək üçün pul paylanıldığını, eləcə də digər yollara əl atıldığını qeyd edirlər. Artıq bir neçə partiya təmsilçiləri sekilərin saxtalaşdırılacağını bəyan edərək, bunun qarşısının alınmasının zəruri olduğunu qeyd edib. Onlar hakimiyyətin əlində olan bütün resurslardan istifadə edərək seçkiləri qeyri-şəffaf keçirməyə çalışdığını, digər partiyalar üçün isə əngəllərin yaradıldığını bəyan edirlər.
Ermənistanın aparıcı müxalifət partiyasının rəhbəri Levon Ter-Petrosyan S.Sərkisyanın bu ölkədə birmənalı parlament formalaşdırmaq fikrində olduğunu bildirib. O, hakimiyyət tərəfindən “Seçki Məcələsi”nin kobud şəkildə pozulduğunu dilə gətirərək, bunun nəticəsi olaraq insanların hüquq və azadlıqlardan məhrum edildiyini söyləyib.
Hazırki proseslərə kəskin etirazını bəyan edən Erməni Milli Konqresinin əlaqələndiricisi Zurabyan hakimiyyətin xalqı və beynəlxalq aləmi aldada bilməyəcəyini qeyd eidb. Gənc nəslin öz hüquq və azadlıqlarını bildiyini deyən Zurabyan onların bütün ədalətsizliyə qarşı olduğunu və öz hüquqlarını bərpa edəcəyini deyib.
Həqiqətən də aparıcı müxalifət partiyalarının funksionerlərinin çıxışları Ermənistandakı seçkilərin son dərəcə gərgin və qeyri-demokratik keçəcəyini labüdləşdirir.
Düşmən ölkənin aparıcı KİV-ləri də məsələyə geniş yer verərək, diqqətçəkici məqamlara toxunurlar. Ermənistan mediası ilə bağlı xarici KİV-lərdə də seçki prosesinin saxtalaşdırılacağı barədə məlumatlar yayılmaqdadır.
Burada müxtəlif ölkələrin maraqlarından danışan politoloqlar isə seçkidə bir neçə ssenari üzrə mübarizənin aparıldığını bildirirlər.
Politoloq Vaqif Arzumanlının fikrincə, hazırki proseslərin Ermənistanda keçiriləcək parlament seçkilərinin qeyri-demokratik olmasını deməyə əsas verir. O, cərəyan edən proseslərin seçkinin gərgin keçəcəyinə işarə olduğunu qeyd edib: “Hesab edirəm ki, ilk olaraq seçki ərəfəsində Ermənistandakı ictimai-siyasi duruma diqqət yetirmək lazımdır. Oradakı reallıq bundan ibarətdir ki, bu ölkədə hazırda Ermənistan erməniləri ilə, Dağlıq Qarabağ erməniləri arasında çox böyük qarşıdurmalar cərəyan edir. Təbii ki, hakimiyyətdə Dağlıq Qarabağ erməniləri olduğu üçün bu, indiki proseslərdə onların üstünlüyünü ortaya çıxarır. Bir çox partiyalar hakimiyyətdə Qarabağ ermənilərinin qalmasına, onların hakimiyyətdə təmsil edilməsinə meyillidirlər. Fikrimcə, Levon Ter-Petrosyanla Serj Sərkisyan arasında olan münaqişələr, toqquşmalar qarşıdakı seçkilərə öz təsirin göstərəcək. Ter-Petrosyanın tərəfdarları seçkilərin daha demokratik keçirlməsinə səy göstərərək, əvvəlki parlament seçkilərində olan saxtakarlığın bu dəfədə təkrarlanmamasına çalışırlar. Təbii ki, hakimiyyətdə Sərkisyanın tərəfdarları olduğu üçün seçkilərdə onların müəyyən üstünlükləri nəzərə çarpır. Bu isə parlament seçkilərində onların qələbə qazanmasına indidən söyləməyə əsas verir. Amma bu nəticəyə müəyyən qarşıdurmaların, saxtakarlıqların təsir göstərəcəyi qaçılmazdır”.
V.Arzumanlının sözlərinə görə, bir sıra məsələlər Ter-Petrosyanın keçirəcəyi mitinqlərdən də asılı olacaq. O, müxalif partiyanın keçirəcəyi aksiyalarda seçkinin nəticələrinə təsir edən məqamların ortaya çıxacağını istisna etməyib: “Yəni Ter-Petrosyan, eləcə də digər müxalifət partiyalarının tərəfdarları ilə Sərkisyanın tərəfdarları arasında toqquşmaların olması labüddür. Güc nazirliklərinin Serj Sərkisyanın əlində tabeliyində olduğunu nəzərə alsaq, o zaman qarqıdurmanın daha şiddətli olduğunu söyləyə bilərik. Hətta bu toqquşmalar parlament seçkisinin pozulmasına da gətirib çıxara bilər. Bu seçkilərdə üçüncü qüvvənin – Rusiyanın da mövqeyini nəzərə almaq lazımdır. Fikrimcə, rəsmi Moskva da hələ ki, hakimiyyətdə Serj Sərkisyanın qalıb və ya getməsini dəqiqləşdirməyib. Bununla yanaşı Rusiya Levon Ter-Petrosyana da nə dərəcədə yardım əlini uzadıb-uzatmamasını müəyyənləşdirməyib. Əgər Serj Sərkisyanın tərəfdarları parlamentdə çoxluq qanarlarsa, o zaman parlementin legitimliyi geniş kütlə tərəfindən qəbul edilməyəcək. Hazırki proseslərin, eləcə də qeyri-demokratik addımların Ermənistanda özünü biruzə verməsi də qaçılmazdır”.
Poiltoloq Ermənistan dövlətinin öz siyasətini yürütmək iqtidarında olmadığı üçün seçiləcək parlamentin regionda aparılacaq diplomatiyaya hansısa formada təsir edəcəyinin mümkünsüz olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan bütün addımlarını Rusiyanın imkanları daxilində atır: “Ermənistanın yürütdüyü bütün siyasətə nəzər salsaq, orada yalnız Moskvanın izini görə bilərik. Məhz buna görə də Ermənistan yalnız Rusiyanın onlara tövsiyə etdiyi addımları atırlar”.
Aqil LƏTİFOV




Bu yazı ( 94 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar