12px14px16px18px

Ağcabədidə azərbaycanlıların soyqırımı günü qeyd olunub

00:47 / 03.04.2012
Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialında azərbaycanlıların 31 Mart soyqırımına həsr olunmuş yığıncaq keçirilib. Rayon icra hakimiyyəti ilə birgə təşkil olunan tədbirə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllim və tələbələr, media mənsubları qatılıb. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yığıncağı giriş sözü ilə sözügedən filialın direktoru, tarix elmləri doktoru, professor Xaqani Məmmədov açaraq qeyd edib ki, 31 Mart 1918-ci ildə özlərini “məzlum xalq” kimi qələmə verən ermənilər tərəfindən xalqımızın başına olmazın müsibətlər açılıb, əsil soyqırımı, genosid aktı həyata keçirilib: “Biz bura göz yaşı tökmək, ermənilər qarşısında aciz qaldığımızı göstərmək üçün toplaşmamışıq. Əksinə, bu gün bizi yüksək təmkin, birlik, mübarizə əzmi nümayiş etdirməyə sövq edir. Məqsədimiz qanlı faciəni, qətliamı sizinlə birlikdə xatırlamaq, soyqırım qurbanlarının xatirəsini anmaq, yad etməkdir. Xalqımız heç vaxt düşmən qarşısında aciz qalmayıb, ona ağır və sarsıdıcı zərbələr vurub, varlığını, torpaqlarını qoruyub saxlamağı bacarıb. Ermənilərə qarşı kifayət qədər tutarlı cavablar verilib. Sultan bəyin Zabux dərəsində Andronikin ordusunu məhv etməsi, Mübariz İbrahimov kimi oğullarımızın misilsiz qəhrəmanlığı ermənilər üçün ən acı dərslərdir. Çox təəssüf ki, uzun illər sovet dərsliklərində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktları sinfi mübarizə adı ilə ört-basdır edilərək saxtalaşdırılıb, onun etnik-milli münaqişə olduğu gizlədilib. Odur ki, gənclərimiz erməni vəhşiliklərini unutmamalı, yaddan çıxarmamalıdırlar”.
Filialın kafedra müdiri , tarix üzrə fəlsəfə doktoru Məhəmməd Hüseynov “31 Mart soyqırımı xalqımıza qarşı yönəlmiş tarixi cinayətdir” mövzusunda məruzə edib. Natiq soyqırımından qabaq Qafqazda və Azərbaycanda mövcud ictimai-siyasi şəraiti ətraflı təhlil edib. Qeyd olunub ki, Rusiyada sovet hakimiyyətinin qurulması ilə əlaqədar Qafqazda milli münaqişələr genişlənib. Azərbaycanda yaşayan ermənilər də belə münaqişələrə cəlb edilib: “S.Şaumyan və onun əlaltıları vəziyyətdən istifadə edərək düşmənçilik əhval-ruhiyyəsini daha da qızışdırıblar. Daşnaqüstyun partiyası bundan, guya, çox narahat olub. Tez bir zamanda əhaliyə divan tutmaq üçün rus və malkanlardan ibarət silahlı qüvvələr təşkil olunub. Şaumyanın başçılığı altında inqilabi müdafiə komitəsi və daşnaqüstyun partiyası ölkəmizdə milli qüvvələri dağıtmaq, musavatın bazasını məhv etmək üçün hücuma keçmək qərarına gəlib. Bütün qüvvələr azərbaycanlılara qarşı birləşdirilib. Əvvəlcədən planlaşdırılmış soyqırımına “Evelina” təxribatı bəhanə olub. Z.Tağıyevin Lənkəranda rus və ermənilər tərəfindən qətlə yetirilmiş oğlu Məhəmmədin dəfnində iştirak etmək üçün gəlmiş “Evelina” gəmisinin əsgərləri Bakıda Şaumyanın göstərişi ilə tərksilah olunub. 1918-ci il martın 30-da onların müdafiəsinə qalxan əhaliyə ilk atəşlər açılıb. Ertəsi gün silahlanmış ermənilər azərbaycanlıların yaşadıqları məhəllələrə hücum edərək əhalini kütləvi surətdə qırmağa başlayıb. Heç kimə rəhm edilmədən törədilən soyqırımı aktı zamanı Bakı şəhərində 20 min nəfərdən çox soydaşımız qətlə yetirilib. Evlərə od vurulub, talan və qarətlər baş alıb gedib. Məşhur İsmailiyyə binası yandırılıb. Soyqırımı Şamaxı, Quba, Lənkəran və Kürdəmir qəzalarında da davam etdirilib. Nəticədə minlərlə azərbaycanlı amansızlıqlarla məhv edilib, kəndlər xarabazarlığa çevrilib. Ermənilərin məqsədi öz bolşevik, ingilis havadarlarına arxalanaraq bütün Azərbaycanı işğal etmək idi. Lakin 1918-ci ilin mayında Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması və qüdrətli türk ordusunun xilaskar əməliyyətları onların bu planlarına son qoydu. M.Hüseynov göstərib ki, 31 Mart soyqırımı xalqımıza, bütövlükdə insanlığa qarşı yönəldilmiş ən dəhşətli cinayətdir. Bu müdhiş cinayətdə ermənilərlə bərabər rus bolşevikləri də məsuliyyət daşıyır. 31 Mart soyqırımı yalnız müstəqillikdən sonra öz hüququi qiymətini alıb. Ümumilli liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edilib”.
Məruzə ətrafında pedoqoqika üzrə fəlsəfə doktoru Tahir Kərimli, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev, Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov və III kurs tələbəsi Məryəm Mürsəlova çıxış edərək göstəriblər ki, ermənilər öz mənfur niyyətlərindən bu gün də əl çəkməyiblər. Onların əməlləri nəticəsində dünya ictimaiyyətinin gözü qarşısında başqa bir soyqırımı, Xocalı faciəsi törədilib, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız yurd yuvalarından didərgin salınıb. Atəşkəsin pozulması nəticəsində hazırda əsgərlərimiz şəhid olur, mülki vətəndaşlarımızın qanı axıdılır. Odur ki, biz bütün qüvvə və imkanlarımızı səfərbərliyə alıb öz doğma torpaqlarımızı azad etməyə hər an hazır olmalıyıq. Sonra professor X.Məmmədov yığıncağa yekun vurub.
Yəhya PAŞAZADƏ




Bu yazı ( 86 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar