12px14px16px18px

Çaylarda daşqın və sellər gözlənilir

RESPUBLIKA ÇAYLARINDA YAZ-YAY GURSULULUQ DÖVRÜNÜN VƏ DAŞQIN HADISƏLƏRININ AXIM PROQNOZU HAZIRLANIB

13:52 / 31.03.2012
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarındakı qar örtüyündə su ehtiyatlarının müəyyən edilməsi məqsədilə apardığı qarölçmə işlərinin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qarölçmə işləri Böyük Qafqazda 580-2920 metr yüksəklikləri əhatə etməklə 16, Kiçik Qafqazda 900-3000 metr yüksəklikləri əhatə etməklə 7, Naxçıvan MR-da isə 5 marşrut üzrə həyata keçirilib. Aparılan ölçmə işləri nəticəsində məlum olub ki, Kiçik Qafqazın yüksək dağlıq çay hövzələrində qar örtüyü 2011-ci illə müqayisədə az olsa da çoxillik normadan çox, Böyük Qafqazın yüksək dağlıq çay hövzələrində isə qar su ehtiyatı həm çoxillik norma, həm də 2011-ci illə müqayisədə daha çox olub.
Departament tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış ekspedisiya, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublikanın çaylarında bu ilin aprel-iyun ayları üçün yaz gursululuğunun, iri su anbarlarına gələn axımın, yüksək dağ çaylarının, transsərhəd çayların və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.
Kür çayından Şəmkir su anbarına axım normanın 108-126, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 124-158, Araz çayından Araz su anbarına axım isə normanın 101-121 faizini təşkil edəcəyi gözlənilir. Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuq normanın 125-165, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında sululuq normanın 100-120, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 100-110, Naxçıvan MR çaylarında 105-115, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 90-100 faizini təşkil edəcəyi gözlənilir.
Gursululuq dövrünün xüsusən də aprel və may aylarının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Göyçay, Girdimançay, Ağsuçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-ın (Naxçıvançay, Cəhriçay, Gilançay, Əlincəçay) və Lənkəran-Astara bölgəsinin (Lənkərançay, Viləşçay, Vəşəruçay, Astaraçay) çaylarından daşqın və sellərin keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin proqnozlarına əsasən aprel ayında temperaturların normadan yuxarı olması və Böyük Qafqazın cənub-qərb ərazilərinə normadan çox yağan qarın ərimə dinamikasının artması, aprel-may aylarının bəzi günlərində intensiv yağışların yağması aprel və may aylarında Kürün aşağı axınında səviyyələrin artmasına və bəzi ərazilərdə su basma hallarının baş verməsinə səbəb ola bilər.




Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar