12px14px16px18px

“Serj Sərkisyan parlament seçkisi adı altında şou həyata keçirmək istəyir”

MÜBARİZ ƏHMƏDOĞLU: “ORADAKI SEÇKİ İLƏ BAĞLI BİR NEÇƏ SAXTAKARLIQ SSENARİSİ VAR”

13:39 / 31.03.2012
Ermənistanda keçiriləcək parlament sekiləri ilə bağlı diqqətçəkici məqamlar bir-birini əvəzləməkdədir. Artıq indidən bu seçkilərin saxtalaşdırılacağı, hakimiyyətdə təmsil edilən partiyanın təmsilçilərinin və ya onların istədikləri şəxslərin parlamentə yerləşdiriləcəyi barədə məlumatlar yayılmaqdadır. Bu ölkənin media orqanları da seçki prosesinin indiki proseslərdən başlayaraq saxtalaşdırıldığını yazır və sözügedən məqamın Ermənistan demokratiyasına ciddi zərbə vuracağını bildirirlər. Ermənistanın aparıcı partiyaları seçicilərə hakim partiyanın maraqlarını təmin etmək üçün pul paylanıldığını, eləcə də digər yollara əl atıldığını qeyd edirlər. Artıq bir neçə partiya təmsilçiləri seçkilərin saxtalaşdırılacağını bəyan edərək, bunun qarşısının alınmasının zəruri olduğunu qeyd edib. Onlar hakimiyyətin əlində olan bütün resurslardan istifadə edərək seçkiləri qeyri-şəffaf keçirməyə çalışdığını, digər partiyalar üçün isə əngəllərin yaradıldığını bəyan edirlər. Düşmən ölkənin aparıcı KİV-ləri də məsələ ilə bağlı diqqətçəkici məqamlara yer verirlər. Ermənistan mediası ilə bağlı xarici KİV-lərdə də seçki prosesinin saxtalaşdırılacağı barədə məlumatlar yayılmaqdadır.
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da bizimlə söhbətdə Ermənistanda keçiriləcək parlament seçkilərin son dərəcə qəliz və mürəkkəb keçəcəyini bildirib. Onun sözlərinə görə, Ermənistanda keçiriləcək parlament seçkilərinin saxtalaşdırılmasına artıq indidən başlanılıb. Politoloq seçkilərin qeyri-demokratik keçirilməsinə görə, Ermənistan hakimiyyətinin ən müxtəlif yollara əl atdığını qeyd edib: “Düşmən ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı ən azı üç ssenari var. İlk ssenari prezident Serj Sərkisyanın öz ssenarisidir. O, parlament seçkisi adı altında bir şou həyata keçirmək istəyir. Sərkisyan bu yolla özünə lazım olan şəxslərin deputat mandatı qazanmasına çalışır. Ermənistan prezidenti belə bir saxtakarlığa əl atmasına baxmayaraq, bu sekiləri demokratik, ədalətli, şəffaf seçki kimi həm öz xalqına, həm də beynəlxalq aləmə qəbul etdirmək niyyətindədir. İkinci ssenari Qərbin – Amerika Birləşmiş Ştatlarının ssenarisidir. ABŞ Ermənistanda öz maraqlarına uyğun seçki keçirmək üçün bir neçə aydır ki, aşkar şəkildə addımlar atır. Bu supergücün ssenarisi ondan ibarətdir ki, demokratik seçkiyə bənzər bir seçki keçirməklə Serj Sərkisyanın qələbəsinə nail olsun. Lakin ABŞ bunu aşkar qanun pozuntuları ilə deyil, mümkün qədər demokratiyaya yaxın bir yolla etməyə səy göstərir. Üçüncü isə Rusiyanın ssenarisidir. Şimal qonşumuzun ssenarisi isə parlament seçkilərində Serj Sərkisyanı sıradan çıxarmaqdan ibarətdir. Rusiyanın parlament seçkilərində dəstəkləyəcəyi siyasi təşkilat Çiçəklənən Ermənistan Partiyasıdır. Məhz hazırda Ermənistanda bu üç ssenarinin mübarizəsi gedir. Bütün bunlar oradakı seçkinin necə gərgin, mürəkkəb, habelə qanun pozuntuları içərisində keçəcəyinə bir işarədir. Başqa sözlə bu qüvvələr arasında gedən mübarizə Ermənistandakı seçkilərin saxtalaşdırılacağını labüd edir”.
Düşmən ölkədə saçkini saxtalaşldırma prosesinin artıq indidən start götürdüyünü diqqətə çatdıran M.Əhmədoğlu bu məqsədlə bir-birindən diqqətçəkici məqamlara əl atıldığını söyləyib. Onun sözlərinə görə, seçkinin qeyri-şəffaf keçirilməsi məqsədilə hətta seçicilərin sayının süni şəkildə şişirdilməsindən belə çəkinilmir: “Ermənistanda aparılan sonuncu rəy sorğusunda bu ölkədə yaşayan əhalsinin ümumi sayının 2 milyon 800 min olduğu bildirildi. Halbuki seçkidə iştirak üçün qeydiyyatdan keçmiş seçicilərin ümumi sayı 2 milyon 845 min nəfərdir. Belə çıxır ki, bu ölkənin seçicilərinn sayı əhalisinin sayından çoxdur. Miəgər bu boyda saxtakarlıq olar? Göründüyü kimi, Ermənistan hakimiyyəti seçkilərdə qələbə qazanmaq üçün ən müxtəlif yollara əl atır. Bu, şoudan başqa bir şey deyil. Deməli Ermənistan hakimiyyəti şou həyata keçirməkdən ötrü hər yolu sınaycaq. Digər bir saxtakarlıq nümunəsi isə keçmiş deputat, eləcə də Ter Petrosyanın adamı olan şəxslə bağlıdır. Bu varlı şəxs əvvəllər Serj Sərkisyanın tərəfdarı olub. Onun parlament seçkilərində iştirakına mane olmaq üçün son beş ilin əksər vaxtını Ermənistanda olmadığını iddia etdilər. Və onun parlament seçkilərində iştirakına mane oldular. Digər bir tərəfdən isə 5 ildir ki, axtarışda olan şəxsə parlament seçkilərində iştirak üçün icazə verdilər. Belə Ki, Ermənistanda Edvardo Muqusyan adlı bu şəxs Köçaryan və Serj Sərkisyana sui-qəsddə ittiham edilirək 5 il idi ki, axtarışda idi. Lakin deputat olmağa çalışan bu şəxs son anda Sərkisyanla barışdı və parlamentə düşmək üçün mübarizə üçün ona icazə verildi. İndi isə Yerevan polisi ona bu şəhərdə yaşaması barədə sənəd verməlidir. Halbuki həmin şəxs axtarışda olduğu üçün orada yaşmayıb. Təsəvvür edirsiniz, polis beş il ərzində axtardığı şəxsə filan küsədə, filan mənzildə yaşaması barədə sənəd verəcək. Yəni Ermənistanda seçki ilə bağlı bu dərəcədə kobud qanun pozuntularına yol verirlər. Sərkisyan fövqəlada vəziyyətlə bağlı da qanunu öz xeyrinə qəbul etdi. Əgər bir problem yaranarsa, o, ötən illərdə olduğu kimi, yenə də ordunu işə qataraq Ermənistanda qırğın törədə bilər. Bütün bunlar gərgin keçən seçki prosesinin daha böyük pozuntulara yol açacağını labüdləşdirir”.
Aqil LƏTİFOV




Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar