12px14px16px18px

“Bu soyqırım əsrlərdir davam edir”

AYDIN MİRZƏZADƏ: “TÜRKMƏNÇAY VƏ GÜLÜSTAN MÜQAVİLƏLƏRİNDƏN SONRA AZƏRBAYCAN XALQINA QARŞI SOYQIRIM DAHA DA GÜCLƏNİB”

13:39 / 31.03.2012
“Bu gün soyqırım dedikdə təkcə XX əsr tariximizi araşdırmağımız düzgün deyil. Əslində bu soyqırım əsrlərdir davam edir”.
Bu fikirləri millət vəkili Aydın Mirzəzadə dilə gətirib.
SİA-ya açıqlama verən millət vəkili bildirib ki, XIX əsrdə Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycan xalqına qarşı soyqırım daha da güclənib. Azərbaycan xalqının öz tarixi torpağında vaxtaşırı etnik təmizləmələrə və soyqırımlarına məruz qaldığını deyən millət vəkili son dövrlərdə xarici ölkələrin kitabxanalarında və arxivlərində saxlanılan Azərbaycanla bağlı materialların ölkəyə gətirilməsi və onların dərindən araşdırılmasının XIX əsrdə Azərbaycan xalqının başına gətirilən soyqırımların dərindən öyrənilməsinə imkan verəcəyini qeyd edib: “Ermənilərin torpaq iddiası, azərbaycanlıları dədə-baba yurdlarından didərgin salmaq siyasətində vacib məqamlardan biri də ideoloji mübarizədir. Bu, mənfur qonşularımız üçün saxta tarixi ortaya qoymaq mübarizəsi idi. Bir tarixi faktı deyim ki, hələ 1919-cu ildə dünyada uydurma “erməni soyqırımı”na dair yalan və miflərdən ibarət 900 kitab çap olunub. Bu kampaniya hazırda da davam edir”.
A.Mirzəzadə dünyanın nüfuzlu universitetlərində Azərbaycan hökumətinin dəstəyi ilə azərbaycanşünaslıq ixtisası üzrə tədris proqramlarının yaradılması təklif edib: “Həmin proqramlar üzrə xarici ölkələr özləri Azərbaycan dili, Azərbaycan tarixi, bugünkü Azərbaycan ilə bağlı mütəxəssislər yetişdirsin. Bir tərəfdən, biz bu qəbildən kitabları xarici dillərə tərcümə etməklə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilərik. Digər tərəfdən isə, həmin ölkələrdə azərbaycanşünaslar yetişdirməklə vətənimizi dünyaya tanıda bilərik”.
Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Azərbaycan xalqının başına gələn bəlaların əsas səbəblərindən birinin də unutqanlıq olduğunu bildirib. O, tarix vaxtilə azərbaycanlılara zorla unutdurulduğunu, habelə faciələrin səbəbləri və nəticələri ilə məşğul olmağa imkan verilmədiyini deyib.
Millət vəkilinin sözlərinə görə, müstəqilliyin bərpa edilməsi tarixin qaranlıq səhifələrinə də işıq tutmağa imkan yaradıb. Bu istiqamətdə hazırlanan kitabların xarici dillərə tərcümə olunmasının böyük əhəmiyyətə malik olduğunu deyən Y.Mahmudov sözügedən istiqamətdə əsərlərin ilk növbədə Azərbaycan dilində nəşr edilməsini faydalı hesab edib: “Ulu öndər Heydər Əliyev bizdən həmişə Azərbaycanın XIX-XX əsrlər tarixini yenidən yazmağı tələb edib. Ümummilli lider böyük tarixçi olaraq yaxşı bilirdi ki, XIX-XX əsrlərdə xalqımızın bütün faciələri Azərbaycanın iki yerə bölünməsinin səbəbləri qəsdən gizlədilib. Ona görə də ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə yenidən qayıdandan sonra elmi qüvvələri bu istiqamətdə geniş araşdırma işlərinə cəlb edib. Ümummilli liderin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı bu məsələlərlə əlaqədar tarix elmimizdə yeni bir dönüş yaradıb”
Y.Mahmudov vurğulayıb ki, tariximizin tədqiqi və öyrənilməsi baxımından görülən bütün müsbət işlərin başında Prezident İlham Əliyev dayanır: “İrəvan, Naxçıvan xanlıqlarının tarixinin yazılması, müxtəlif dillərə tərcümə olunması, dünyada yayılması tarixçilərlə yanaşı, həm də prezidentin səyi və dəstəyi ilə reallaşıb. Bundan əlavə, Qarabağın tarixinin yazılaraq altı dildə çap edilməsi də bilavasitə Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə mümkün olub. Biz artıq ermənilərə informasiya müharibəsində qalib gəlmişik. İndi ermənilər Cənubi Qafqazın ən qədim əhalisi olması fikrindən daşınırlar. İndi onlar etiraf edirlər ki, doğrudur, erməni dövləti İrəvan xanlığının ərazisində yaranıb. Bu, informasiya müharibəsində bizim böyük qələbəmizdir”.
AQİL




Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar