12px14px16px18px

“O, bunu inkar edə biləcəkmi?”

ELŞƏN MUSAYEV: “ƏLİ KƏRİMLİ 1993- cü İL MÜŞAVİRƏSİNDƏ DEDİKLƏRİNİ NƏ TEZ UNUDUB”

13:28 / 30.03.2012
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Rusiyanın ermənipərəst “Reqnum” agentliyinə verdiyi müsahibədə fikirləri ictimaiyyəti, xüsusilə gəncləri aldatmaq məqsədi daşıyır. Birincisi, Ə.Kərimli bilməmiş deyil ki, “Reqnum” ermənilərin maraqlarına çalışır və Azərbaycana qarşı kəskin mövqeyi ilə seçilən bir agentlikdir. AXCP sədrinin bu informasiya resursuna müsahibələrinin müntəzəm xarakter alması onun Azərbaycana düşmən qüvvələrlə işbirliyində olması barədə irəli sürülən ittihamların həqiqi olduğuna dəlalət edir”.
Bu fikirləri “Milli.az” saytına açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib. Onun sözlərinə görə, Ə.Kərimli öz siyasi keçmişini, əməllərini, çıxışlarını unudursa və ən üst qatında təmsil olunduğu hakimiyyətin Azərbaycan xalqının başına açdığı oyunları görməzdən gəlirsə, təbii ki, bunun cavabı veriləcək: “Baxın, “Azadlıq” qəzeti həmin agentliyə istinadən dərc etdiyi müsahibədən görün hansı yarımbaşlığı çıxarıb: ”Biz rüşvət və korrupsiya ilə məşğul olmadıq, hakimiyyətdən sui-istifadə etmədik, xalqla əlaqəni kəsmədik”. Bu fikir bizi 1993-cü il mayın 25-də keçirilmiş müşavirədə Əbülfəz Elçibəyin, İxtiyar Şirinovun, ən əsası isə, elə Əli Kərimlinin özünün çıxışını bir daha yaddaşlarda təzələməyə məcbur edir. Geniş məruzə ilə çıxış edərək o vaxtkı hakimiyyəti yıxıb-sürüyən, anarxiyanın, korrupsiyanın baş alıb getdiyini aqressiv bir tonla müşavirə iştirakçılarının nəzərinə çatdıran Əli Kərimli deyildimi? Liderim, öndərim dediyi mərhum Elçibəyin öz çıxışında söylədiyi “Barı alanda və oğurlayanda da insafınıza və nəfsinizə sahib çıxın” kəlməsini xatırlamayacaq qədərmi unutqan oldu Kərimli?! Həmin komandada Gömrük Komitəsinin sədri olan İbrahim Vəliyevə ünvanlanan cavabsız suallar, digər nazirliklərdə korrupsiya ilə bağlı sadalanan faktlar, hərbidə tüğyan edən maliyyə və kadr özbaşınalığı, torpaqların bir-bir təslim edilməsi və s. Görəsən AXCP sədri arxivdə qalan stenoqramları, çəkilişləri inkar edə biləcəkmi? Hər halda mən onun öz dilindən bir sitat gətirim, gerisi Kərimlinin vicdanın qalsın. Həmin müşavirədə Ə.Kərimli demişdi: “İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib. On milyonlarla dollar hələ də xaricdə, ayrı-ayrı adamların hesabında saxlanılır və biz yaddan çıxarmamalıyıq ki, bu, dövlət əmlakıdır və dövlət əmlakının mühafizəsi bizə tapşırılıb. Ona görə də bilavasitə bu dövlət əmlakının dağılmasında məsul şəxslər kimi özümüzü mənən iştirakçı saymalıyıq”.
E.Musayevin fikrincə, bu müsahibədə əsasən gənclərə çağırışlar edən Əli Kərimli elə bilir ki, Azərbaycan ictimaiyyəti AXC-Müsavat hakimiyyətinin cinayətlərini, dövlətin malının, mülkünün talanmasını, silsilə xəyanətləri unudub: “Ancaq belə deyil və martın 17-də Azərbaycan gəncləri kimin yanında olduqlarını əyani şəkildə nümayiş etdirdilər. Əli Kərimli isə utanmadan martın 17-də keçirilən mitinqdə guya “minlərlə” gəncin iştirak etdiyini bildirir və onu ölkənin siyasi həyatında son günlərin “ən vacıb hadisəsi” kimi qələmə verir. Absurd deyilmi? Kim var idi o mitinqdə? Öz qohum-əqrəbalarından və “Azadlıq” qəzetinin mitinqçi-köşə yazarlarından savayı heç kim! Bu ölkədə cəmiyyət içində azacıq hörməti olan biri, öz övladının toy məclisinə rahatca min nəfər toplaya biliyi halda, 20 ildir müxalifətçilik edən 50 təşkilat icazəli mitinqə cəmi 300-400 adam yığdı. Əslində İctimai Palatanın Bakı meriyasına 8 aprel aksiyası ilə bağlı müraciətdə tələb olunan yerlərin sıyahısından 20-ci sahənin çıxarılması da birbaşa dediklərimin sübutudur. Çünki, radikal müxalifət 17 mart biabırçılığından sonra üzləşə biləcəyi fiaskodan ehtiyat edir. Əslində həmin müraciət özündə hər hansı bir mitinq arzusunu deyil, açıq-aydın imitnasiyanı və hansısa beynəlxalq təşkilatdan qrant qamarlamaq siyasətini ehtiva edir. Siyavuş Novruzov demişkən, adamlar indidən yay istirahətləri üçün azuqə toplayırlar”.
AQİL




Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar