12px14px16px18px

“Azərbaycan xalqı etnik təmizləməyə məruz qalıb”

OMBUDSMAN ELMİRA SÜLEYMANOVA: “BEYNƏLXALQ TƏŞKİLATLARI İKİLİ STANDARTLARA YOL VERMƏDƏN AZƏRBAYCANIN HAQLI MÖVQEYİNİ DƏSTƏKLƏMƏYƏ ÇAĞIRIRIQ”

13:19 / 30.03.2012 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Ombudsman Aparatından “525”ə verilən məlumata görə, bəyanatda erməni quldur dəstələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətindən xalqımız tarix boyu əziyyət çəkdiyi bildirilir. Erməni vəhşiliklərindən söz açılan bəyanatda bunlar yer alıb: “Artıq iki əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşir. Mərhələ-mərhələ aparılmış bu siyasət nəticəsində soydaşlarımız min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb. Mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilər XIX əsrin əvvəllərindən tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılıb. Habelə Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən on minlərlə erməni ailəsi köçürülüb. 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə Ermənistan ərazisindəki ata-baba yurdlarından deportasiya edilmiş soydaşlarımızın insan hüquqları kütləvi surətdə pozularaq, onlar qeyri-insani rəftara, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizləməyə məruz qalıblar. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə daha da genişlənərək, Azərbaycan xalqını yer üzündən silmək kimi iyrənc niyyətləri bütün çılpaqlığı ilə üzə çıxıb. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir”.
Bəyanatda bu olaylar zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndinin, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kəndin xarabalığa çevrildiyi yer alıb: “Soyqırım nəticəsində Azərbaycanda 700 minədək soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülərək, məscidlər, məktəb binaları yandırılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd dağıdılaraq, əhaliyə amansız divan tutulub. Bu faktlar erməni daşnakların azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir”.
Bəyanatda mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərni, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtdığı da yer alıb: “Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasəti bu gün Qarabağla bağlı məlum hadisələrdə də üzə çıxıb və bir daha onu göstərir ki, ermənilərin xalqımıza olan münasibəti dəyişməyib. İşğalçı Ermənistanın yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir”.
Bəyanatda ölkəmiz müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verildiyi və ilk dəfə olaraq azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları rəsmi surətdə bəyan edildiyi qeyd edilib. Dövlət başçısı İlham Əliyevin ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, soyqırımını həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacağımızı dəfələrlə bəyan etdiyi bildirilərək, artıq dünya ictimaiyyətinin Azərbaycan tərəfinin haqlı olduğunu qəbul etdiyi vurğulanıb.
Bəyanatda həmçinin bu soyqırıma hüqiqi qiymət verilməsinin zəruri olduğu bildirilib: “Ümidvarıq ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, insanlığa qarşı törədilən bu qatı cinayət genosid aktı kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq və cinayətkarlar cəzasız qalmayacaq. Biz beynəlxalq təşkilatları ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq”.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.
Aqil LƏTİFOV




Bu yazı ( 96 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar