12px14px16px18px

“Onlar ictimai rəyi aldadırlar”

ƏHMƏD ORUC: “BU, ÖZÜNÜ ƏSAS MÜXALİFƏT KİMİ SİYASİ GÜNDƏMDƏ SAXLAMAQDAN BAŞQA BİR ŞEY DEYİL”

13:18 / 30.03.2012 Məlum olduğu kimi, bir sıra müxalifət partiyalarının təmsil olunduğu İctimai Palatanın nümayəndələri aprel ayının 8-də mitinq keçirməyi planlaşdırırlar. Lakin buna baxmayaraq müxalif cəbhədə aksiya ilə bağlı heç də birmənalı fikirdə mövcud deyil. Belə ki, bir sıra müxalifət partiyaları bu cür aksiyalarla ciddi nəticələrin əldə edilməsinin mümkünsüz olduğunu düşünür və fərqli işlər görülməsinin zəruri olduğunu bildirirlər. Əksər müxalifət təmsilçiləri aksiya keçirməyi məqsədəmüvafiq hesab etməyərək, İctimai Palatanın nəzərdə tutulan mitinqinin hansısa effekti verəcəyinə inanmırlar.
Azadlıq Partiyasının sədri, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təmsilçisi olan Əhməd Oruc da bu fikirdədir. Onun sözlərinə görə, indiki mərhələdə keçirilən aksiyaların müsbət nəticələr verməsi mümkünsüzdür. Ə.Oruc İctimai Palatanın aksiya ilə bağlı onlara hansısa bir müraciət etmədiyini bildirib: “Təəssüf ki, İctimai Palatada toplaşan şəxslər bu məsələdə də ictimai rəyi aldadırlar. Onlar aksiya məsələləri ilə bağlı digər müxalifət partiyaları ilə müzakirələrin aparılıdğını bildirirlər. Bu, həqiqətə uyğun deyil. Aksiya ilə bağlı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına hər hansı bir müraciət edilməyib. Əgər müraciət edilsəydi, biz aksiyada iştirak edib-etməməyi müzakirə edə bilərdik. İctimai Palata nə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatın tədbirlərinə qatılır, nə də bizi öz tədbirlərinə dəvət edir. Lakin bunun yerinə cəmiyyətə bütün müxalifətin onlarla birlikdə olması barədə yalan informasiya sırıyırlar. Fikrimcə, bu, özünü əsas müxalifət kimi siyasi gündəmdə saxlamaqdan başqa bir şey deyil. Hamıya bəllidir ki, bu liderlərin aparıcı və ya öndə olduğu hərəkata cəmiyyətin böyük kəsimində inam yoxdur. Ona görə ki, 20 ildir ki, bu rəhbərlər belə boş-boş aksiyalar keçirməkdən, yalançı bəyanatlarla çıxış etməkdən başqa bir iş görməyiblər. Məhz bütün bunlar onların ciddi aksiyalar keçirə biləcəyi barədə cəmiyyətdə suallar yaradıb. Elə bu suallara görə də insanlar hər zaman bu liderlərin belə aksiyalarını uzaqdan seyr etməklə kifayətlənirlər. Bütün bunları nəzərə alaraq 8 aprelə planlaşdırılan aksiyanın yalnız İctimai Palatada təmsil edilən partiyaların öz funksionerlərindən ibarət olacağı qənaətindəyəm. Zənnimcə, İctimai Palatanın aksiyalarının heç bir perspektivi yoxdur”.
Azadlıq partiyasının sədri hesab edir ki, İctimai Palata müvazinətini itirmiş və kiçik bir qüvvələr mərkəzindən başqa bir şey deyil: “Əvəlcə onlar parlament edənlərin toplumu idi, sonra inqilab elədilər, daha sonra hakimiyyətlə dialoq istədiklərini bildirdilər. Daha sonra hakimiyyətə yol xəritəsi təqdim elədilər. İndi isə icazəli aksiyalar taktikasına üstünlük verdiklərini bildirir və ictimaiyyət adından bütün şüarları səsləndirirlər. Hesab edirəm ki, aksiyanın icazəli və ya icazəsiz olması önəm kəsb etmir. Önəm kəsb edən məqam aksiyada qaldırılan məsələ və bunu təşkil edənlərin cəmiyyət tərəfindən qəbul edilib-edilməməsi ilə bağlıdır. Bu məslədə də İctimai Palatada yığışan liderlərin böyük çatışmazlıqlarının olduğunu düşünürəm”.
Aksiyaların əleyhdarı olmadıqlarını diqqətə çatdıran Ə.Oruc dağınıq, uğur qazanması mümkünsüz olan, eləcə də cəmiyyətin açıq şəkildə dəstəkləmədiyi qüvvələr tərəfindən mitinqlərin təşkil edilməsinə tərəfdar olmadıqlarını bildirib. Ə.Oruca görə, bu tip aksiyaların təşkil edilməsi cəmiyyətdə inamsızlıq yaratmağa xidmət edir: “Hər bir partiyanın, onun rəhbərlərinin şəxsi maraqlarından deyil, cəmiyyətin mənafeyini, milli maraqları müdafiə edən aksiyalarda iştirak etmək olar. İctimai Palata rəhbərlərinin bacarıqsızlı aşkar şəkildə ortaya çıxıb, lakin onlar gözlərini yumaraq cəmiyyətin bunların arxasında durması ilə bağlı eyforiya formalaşdırıblar”.
Aqil LƏTİFOV



Bu yazı ( 83 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar