12px14px16px18px

Hərbi hissədə görüş

13:14 / 30.03.2012
Bu il hər yerdə olduğu kimi Gədəbəydə də yaz gəlməyə tələsmir, qış isə asanlıqla təslim olmaq istəmirdi. Hər yan ağ örpəyə bürünmüş, sərt şaxtalar sanki təbiəti dondurmuşdu. Həmişə bü yelərdə bitən bənövşənin, nərgizin, novruzgülünü elə bilki buz gülləri əvəzləmişdi. Havanın temperaturu mənfi 12-15 dərəcə təşkil edirdi. Lakin bu soyuq iqlim nə dağları, nə də onun sinəsində məskunlaşan əhalini qətiyyət qorxutmurdu.
Rayonun avtomobil yolları hər gün qardan təmizlənir, buzla örtülmüş yerlərə duz və çınqıl səpilirdi. İdarə və müəssisələr, məktəblər, xidmət sahələri öz ahəngi ilə işləyirdi. Rayon əhalisi bu çətinliklərə baxmayaraq, Bahar bayramına yüksək səviyyədə hazırlaşmışdılar.
Bayram günü onlar öncə Heydər Əliyev parkına toplaşdılar. Rayonun rəhbər işçiləri Ulu öndər Heydər Əliyevin heykəli qarşısına əklil və tər çiçək dəstələri düzdülər. Sonra isə tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadənin rəhbərliyi ilə əsgərlərlə bayram şənliyi keçirmək üçün Saratovka kəndində yerləşən “N” saylı hərbi hissəyə getdilər.
Həmişə olduğu kimi Gədəbəy Avtomobil Məktəbi bu tədbirdə xüsusilə fərqlənirdi. Məktəbin avtomobilləri bayramsayağı bəzədilmişdi. Əsgərlərə bayram sovqatı aparan maşın karvanı dağ yolları ilə qıvrılaraq Saratovka kəndinə doğru irəliləyirdi. Bu həm də çətin dağ və iqlim şəraitində gənc sürücü müdavimlər üçün bir imtahan idi. Çox çəkmədi ki, karvan mənzilə çatdı. Zabitlər və əsgərlər qonaqları çox səmimi qarşıladılar. Hərbçilər adından Asif Fərəcov tədbiri açaraq qonaqları salamladı və göstərdikləri diqqətə görə öz minnətdarlığını bildirdi. Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə zabit və əsgər heyətini Novruz bayramı münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Gədəbəy rayon prokuroru Allahverdi Səfərov, Rayon Polis Şöbəsinin rəisi Məhərrəm Quliyev, YAP rayon təşkilatının sədri Ramazan Muradov, Ağsaqqallar Şurasının sədri Səlim Quliyev, Avtomobil Məktəbinin direktoru Fərman Rzayev də çıxış edərək hərbçilərin Novruz bayramını təbrik etdilər. Fərman müəllim eyni zamanda AR KNVTİC-nin sədri, general-mayor Novruzəli Orucovun hərbçilərə təbrik məktubunu oxudu.
Rəsmi hissədən sonra rayon rəhbərliyi və Avtomobil Məktəbinin gətirdiyi bayram sovqatı və hədiyyələr əsgərlərə paylandı. Qonaqlar və əsgərlər mehriban bir ailə kimi bayram süfrəsi arxasında əyləşdilər, Novruz haqqında maraqlı söhbətlər etdilər. Ən maraqlı və yaddaqalan məqam isə tonqal üstündən atlanmaq və yumurta döyüşü idi. Qonaqlar və əsgərləri təbrikə gəlmiş məktəblilər onlarla xatirə şəkilləri çəkdirdilər. Daha sonra söz musiqiçilərə verildi. Müxtəlif rəqslər və Novruz oyunları tədbirə əlavə gözəllik qatdı. Musiqi sədaları dağlara yayılmışdı. Şaxtalı bir gündə uca dağlar qoynunda maraqlı və yaddaqalan bir gün yaşandı. Vətənin keşiyində duranlara sağlamlıq və igidlik arzulayıb, növbəti Dədə Qorqud tonqalını Şuşada, Laçında qalamaq diləyi ilə onlardan ayrıldıq.
Nəriman ZEYNALLI




Bu yazı ( 97 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar