12px14px16px18px

Küçə reklamlarının pulu kimə çatmalıdır?

BƏLƏDİYYƏLƏR PULUN MERİYA TƏRƏFİNDƏN TOPLANMASINI QANUNSUZLUQ SAYIR

08:22 / 29.03.2012
Yerli hakimiyyət sayılan bələdiyyələrin maliyyəsi haradan gəlir? Heç də torpaq satışından deyil. Fəaliyyətinin əvvəlki illərində “torpaq satan” adı ilə beyinlərdə qalan bu qurum indi əsasən bir neçə vergi növünü yığmaqla dolanır. İndi bələdiyyələr üçün qeyri-vergi mənbələrindən biri də reklam ödənişləridir.
Şəhərdə hər addımbaşı küçə reklamlarının olduğunu nəzərə alsaq, düşünmək olar ki, bələdiyyələr bu ödənişləri yığmaqla büdcələrini kifayət qədər doldura bilirlər. Ancaq reallıqda bələdiyyə gəlirlərinin ən çoxu 0,5 faizi reklam ödənişlərindən ibarət olur. Məsələn, ötən il ərzində cəmi 14 bələdiyyə reklam ödənişi toplaya bilib.
Vəziyyətin bələdiyyələr üçün nə dərəcədə acınacaqlı olduğunu Avrasiya Əməkdaşlıq Fondunun Statoil və İsveç Beynəlxalq İnkişaf Agentliyinin (SİDA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə xidmətində şəffaflıq” Proqramı çərçivəsində Bələdiyyələrin İnkişaf indikatorlarının köməyilə də görmək olar.

YASAMAL BƏLƏDİYYƏSİ KONKRET İŞƏ KEÇİB

“Hər bir bələdiyyənin öz mülkiyyətində olan torpaqlarda, binalarda, qurğularda yerləşdirilən reklama görə ödəniş yığmağa haqqı çatır. Amma neçə illərdir ki, buna imkan verilmir”. Bunu iddia edən Yasamal bələdiyyəsinin üzvü Pərviz Muradov artıq konkret addımlar atmağa başladıqlarını açıqlayır.
Bələdiyyə üzvü bildirir ki, reklamın yerləşdirilməsinə icazəni yerli İcra Hakimiyyəti orqanları verir. Nazirlər Kabinetinin (NK) qərarına əsasən, icra hakimiyyətləri yalnız icazə üçün birdəfəlik məbləği – 70 manatı yığa bilər. İcazə verilərkən reklamın mətni, şriftin standartlara uyğunluğu, reklam edilən məhsulun qadağan olunub-olunmadığına diqqət yetirilir. Reklama icazə veriləndən sonra artıq reklam yayıcısı torpaq mülkiyyətçisi ilə müqavilə bağlayıb aybaay ödəniş etməlidir.

PƏRVİZ MURADOV: “MİLYONLARLA MANAT ŞƏXSİ HESABLARA  KÖÇÜR”

Pərviz Muradov deyir ki, qanunun tələblərinə zidd olaraq bir çox bələdiyyələr bu hüquqdan yararlana bilmirlər. Çünki adətən aylıq reklam ödənişlərini Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya Departamenti tərəfindən yığılır. Bələdiyyə üzvü bunu özbaşınalıq adlandırır: “Departament işçiləri qanuna zidd olaraq bələdiyyə torpaqlarında reklama görə ödəniş alır, reklam sahiblərinə heç bir qəbz vermirlər. Hətta elə məlumatlar var ki, departamentin işçiləri reklam yayıcıları ilə müqavilə bağlayır və ödənilən vəsaiti şəxsi hesablarına, öz şirkətlərin hesablarına köçürürlər”.
Bu cür faktları sübut etmək üçün əlində sənədlərin olduğunu deyən P.Muradov bildirir ki, bir neçə belə müqaviləni əldə edə biliblər: “Araşdırma aparmışıq, məlum olub ki, bir rayonda reklam pulunu toplayan bir şirkət başqa bir rayonda qeydiyyatdan keçib. Həm də vergi orqanlarına heç bir fəaliyyəti olmadığı haqda hesabat verir. Amma şəhərin digər rayonunda bu cür əməliyyatlar həyata keçirir. Bu, böyük bir cinayətdir. Burada söhbət yüzlərdən, minlərdən yox, milyon manatlarla yayınmadan gedir”.
Hələlik məhkəməyə müraciət etməyə hazırlaşmayan bələdiyyə üzvü bu şirkətlərin adlarını açıqlamaq istəmədi. Lakin onu da dedi ki, lap “Reklam haqqında” qanunun kənara qoysa belə, bir bələdiyyə nümayəndəsi kimi şəxsən onun özünün ictimai nəzarəti həyata keçirməyə ixtiyarı çatır: “Rəsmi olaraq bu ittihamları irəli sürmək üçün əlimdə kifayət qədər sənədlər də var”.
Yasamal bələdiyyəsi 2010-cu ildə rəsmi məktubla Bakı şəhər İH Reklam və İnformasiya Departamentinə müraciət etsə də, onlarla görüşən tapılmayıb. Buna görə də artıq Yasamal bələdiyyəsi konkret addımlara keçmək qərarına gəlib və reklam yayıcıları üçün xəbərdarlıq məktublarını yaymağa başlayıb.
Bildirişdə qeyd olunur ki, 5 gün müddətində reklam yayıcıları onlara verilən icazəni təqdim etməklə, Yasamal bələdiyyəsi ilə müqavilə bağlayıb müvafiq ödənişi həyata keçirməlidir: “Bildirişləri yaymağa başlayandan sonra hər gün bir neçə zəng alırıq, maraqlananlar çox olur. Hətta artıq iki müqavilə də imzalamışıq”. P.Muradov xəbərdarlığa məhəl qoymayıb müqavilə bağlamaq istəməyənlərin isə reklamlarını söküləcəyini bildirdi: “İnzibati Xətalar Məcəlləsində birbaşa göstərilib ki, ödəniş yerinə yetirilməsə, reklam yayıcısı ya cərimə olunur, ya da reklam sökülür”.

DİRİJABLDA REKLAM VERSƏN DƏ,PUL KÖÇÜRMƏLİSƏN

Yasamal bələdiyyəsi Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 92 saylı qərarı ilə təsdiq olunmuş “Küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarif zonalarının müəyyən edilməsi qaydaları”na uyğun öz reklam tariflərini müəyyən edib. Tarif cədvəlinə görə binaların fasadlarında, mağazaların girişində həmin obyektlərin mənsubiyyətini, adını, firma nişanının göstərən lövhələrə görə ayda minimum 4,5 AZN, mərkəzi zonalarda isə 9 və 17,5 manat ödənməlidir. Vitrin və pəncərələrdə yerləşdirilən afişalar, elanlar, plakatlar, ticarət nişanları və loqolara görə də ayda 3 manatdan 7,5 manata qədər pul ödənməlidir. Tarif cədvəlində çox nadir hallarda, bəlkə də hələ indiyə kimi rast gəlinməyən reklam növlərinə görə ödənişlər də yer alıb. Məsələn, damlarda hava şarları, hətta dirijabllar üstündəki reklamın da öz qiymətləri qoyulub.

BAKI ŞƏHƏR  İCRA HAKİMİYYƏTİNİN SƏRƏNCAMI

Bələdiyyələr reklam ödənişləri yığanda həm “Reklam haqqında” qanuna, həm də “Yerli vergilər və ödənişlər haqqında” qanuna istinad edirlər. “Reklam haqqında” qanunun 15-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamının yerləşdirilməsi, yayımı və reklam tarifi bələdiyyələr tərəfindən müəyyənləşdirilir. “Yerli vergilər və ödənişlər haqqında” qanunun 9.1.1-ci maddəsinə görə isə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş yerli ödənişin tərkibinə daxildir.
Lakin Bakı şəhər İcra Hakimiyyəti 2001-ci ildə sərəncam verib və bildirib ki, reklam ödənişlərini meriyanın strukturuna daxil olan Reklam və İnformasiya Departamenti yığmalıdır. Elə Bakı şəhər İH-nin saytında da həmin departamentin vəzifələri sırasına “Bakı şəhərində qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır” kimi funksiyalar salınıb. Beləliklə, qanun və normativ aktlar hər iki tərəfə reklam pulunu yığmağa imkan verir.
SUMQAYIT BƏLƏDİYYƏSİ 6 MİN MANAT YIĞA BİLİB

Yasamal bələdiyyəsindən fərqli olaraq, şəhərdən bir qədər kənarda bəzi bələdiyyələr reklam ödənişlərini toplaya bilir. Bunlardan biri də Sumqayıt bələdiyyəsidir. Qurumun yaydığı məlumatdan görünür ki, ötən ilin təkcə bir rübü ərzində 105 min manata yaxın vəsait toplanılıb. Bunun da 5900 manatını reklama görə ödənişlər təşkil edir.

ZAQATALADA İSƏ 3 MİN MANAT YIĞACAQLARINI PLANLAŞDIRIRLAR

Qeyd edək ki, Avrasiya Əməkdaşlıq Fondunun adıçəkilən “Bələdiyyə xidmətində şəffaflıq” Proqramı çərçivəsində bəzi rayon bələdiyyələri öz büdcələrini hazırlayıblar və ictimaiyyətə açıqlayıblar. Zaqatala bələdiyyəsinin sədri Nurəli Əhmədov bildirib ki, onlar 2012-ci il üçün büdcənin gəlirini təxminən 72 min manat civarında proqnozlaşdırıblar. Daxilolmalar cərgəsində reklam ödənişlərindən 3000 manat yığılacağı planlaşdırılır.
2007-ci ildə Bakıdakı 51 bələdiyyə tərəfindən cəmi 42.500 manat yığılıb. Bunun da yalnız 0,2 faizini reklam ödənişləri təşkil edir. Elə həmin il respublika üzrə bələdiyyələrin yığdığı məbləğin də 0,2 faizi reklamdandır. İllər keçdikcə, reklamdan yığılan gəlir o qədər də artmayıb. Məsələn, 2009-cu ildə 1718 bələdiyyənin 27 milyon manat gəliri olub. Bu məbləğin 126 min manatı (0,5 faizi) keçə reklamlarından gəlib.
Rayonlarda da oxşar vəziyyətdir. 2009-cu ilə baxsaq, Goranboyda 293 min manat gəlir olsa da, reklamdan heç bir manat da yığılmayıb. Eynilə, Naftalanda da 40 min büdcə gəlirinin reklama aidiyyəti olmayıb. Şabranda ümumi 191 min manat gəlirin 8 mini (0,4 faizi) reklamdan olub.

VÜQAR TOFİQLİ: “ƏVVƏLCƏ QANUNLARI SƏLİQƏYƏ SALMAQ  LAZIMDIR”

Əgər respublika üzrə reklam ödənişlərinin həcmi 0,5 faizi keçmirsə, deməli, “Reklam haqqında” qanunun bələdiyyələrə aid hissəsi işləmir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli bu qənaətə gəlib. Onun sözlərinə görə, qurumlar arasında bu anlaşılmazlıq qanundakı boşluqlardan irəli gəlir: “Qarışıqlıq yaradan məqam odur ki, indiyə kimi bələdiyyələrə hüquqi baxımdan torpaqlar verilməyib. Ona görə də onlar öz ərazilərində reklam topalamaqda çətinlik çəkirlər”.
Ekspertin sözlərinə görə, hazırda mövcud 1718 bələdiyyənin 45-50 faizinin mülkiyyətində olan torpaqlar rəsmi olaraq müəyyənləşdirilməyib. Bu torpaqlar bələdiyyəyə cizgilərlə verilib ki, bunun da hüquqi əsası yoxdur.
V.Tofiqli belə hesab edir ki, yığılan vəsaitin yerli büdcəyə aid edilməsi üçün konkret addımlar atılmalıdır. İlk olaraq qanunvericilik bazasını təkmilləşdirmək, dolaşıq maddələri düzəltmək, həm də qanunun icrası üçün işlər görmək lazımdır. 2009-cu ildə Prezidentin şəhər kadastrının hazırlanmasına dair fərmanı yerin yetirilməli, bələdiyyələrin fond torpaqları müəyyənləşdirilməlidir.
Ekspert hesab edir ki, Bakı şəhər İH yalnız dövlət siyasətini həyata keçirməlidir. Bələdiyyələrin maliyyəsinə nəzarəti isə Ədliyyə Nazirliyinin nəzdindəki Bələdiyyələrlə İş Mərkəzi həyata keçirməlidir.
Fərəh SABİRQIZI





Bu yazı ( 81 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar