12px14px16px18px

Ağdam Rayon Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi niyə əmək haqqı ala bilmir?

MƏRKƏZİN DİREKTORU MURAD RZAYEV: “ÜMİDVARAM Kİ, AİDİYYATI QURUMLAR PROBLEMİ HƏLL EDƏCƏK”

08:21 / 29.03.2012
Bu günlərdə redaksiyamıza Ağdam Rayon Uşaq Yaradıcılıq Mərkəzinin pedaqoji kollektivi adından Mərkəzin direktoru Murad Rzayev tərəfindən müraciət məktubu ünvanlanıb. Məktubda Mərkəzin üzləşdiyi problemdən söz açılır. Məktubda Mərkəzin işçilərinin üç aya yaxındır ki, əmək haqqı ala bilmədiyi qeyd edilib. Müraciətdə daha sonra bunlar yer alıb: “Ağdam Rayon Uşaq Yaradıcılıq Mərkəzinin pedaqoji kollektivi adından yazıb sizə bildirirəm ki, Uşaq Yaradıcılıq Mərkəzi 1945-ci ildən başlayaraq fəaliyyət göstərir. Mərkəz bu günə qədər neçə-neçə tanınmış sənət adamları yetişdirib və yetişdirməkdə davam edir. Hələ Sovet dövründə Ağdam rayon Pioner və Məktəblilər evi (Uşaq Yaradıcılıq Mərkəzi) respublikada qabaqcıl müəssisələrdən biri olub. Bu haqda 1993-cü ildən Təhsil Nazirliyinin Kollegiyasında həyata keçirdiyimiz müsbət işlər müzakirə olunaraq, əmr “Azərbaycan müəllimi” qəzetində bütövlükdə dərc edilib. Ancaq Ağdam rayonu işğal olunduqdan sonra müəssisəmiz Bakı şəhər Nərimanov rayon Dəmirçizadə küçəsi 16-da müvəqqəti məskunlaşıb. İşimizdə bir sıra çətinliklər olsa da, biz bu çətinliklərə baxmayaraq, fəaliyyətimizi uğurla davam etdiririk. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllimlərin maddi rifah halının yaxşılaşdırılması barədə verdiyi fərman başqa pedaqoji kollektivlər kimi, bizim kollektivimizi də çox sevindirir. Hər zaman cənab prezidentin bu diqqət və qayğısını bizə göstərilən atalıq qayğısı kimi hiss etmişik. Lakin bütün bunlara, eləcə də fəaliyyətdə olduğumuz müddət ərzində qazandığımız uğurlara baxmayaraq, müəssisəmizdə qərəzli yoxlama aparılıb. Belə ki, tədris ili hələ başa çatmamış, tədris ilinin ortasında Azərbaycan respublikası Təhsil Qanununun müddəalarını pozaraq aparılan bu yoxlama zamanı uzun illər boyu qazandığımız nailiyyətləri qəti nəzərə alınmayıb. Əvvəllər mərkəzdə 87 qrup var idi ki, daha sonra isə heç bir əsas olmadan bu qrupların 29-u ləğv edildi. Aparılan yoxlamanın nəticəsində isə hazırda müəssisədə mövcud olan 58 qrup və 12 ştatdan, yalnız 22 qrup və 5 ştat saxlanılıb. Bunun nəticəsi olaraq 43 ailənin çörəyi kəsilib. Halbuki hələ vaxtı ilə Ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarında heç bir əsası olmadan lüzumsuz yoxlamaların yığışdırılmasını tövsiyə edirdi. Biz analar, Şəhid və Qarabağ müharibə əlillərinin ailələri sizə müraciət edərək əmək hüquqlarımızı müdafiə etməyimizi xahiş edir və sizdən kömək istəyirik. Çünki yanvar ayından bu günə qədər əmək haqlarımızı ala bilməmişik, həmçinin 8 Mart Beynəlxalq Qadınlar və milli Novruz bayramımızı maddi çətinliklərlə keçirmişik”.
Ağdam Rayon Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, SSRİ maarif xadimi, beynəlxalq festivallar laureatı Murad Rzayev bizimlə söhbətdə müraciətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikası maliyyə naziri cənab Samir Şərifova ünvanlandığını bildirib. O, 1971-ci ildən etibarən mərkəzin direktoru vəzifəsində çalışdığını deyib. M.Rzayev aparılan yoxlamanın qərəzli olduğunu, məhz buna görə də müəssisənin işçilərinin ixtisar edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müəssisənin uğurlarını nəzərə alaraq, aidiyyatı qurumlar mövcud problemin həllinə çalışmalıdırlar. O, aparılan yoxlamada heç bir nümayəndələrinin iştirak etmədiyini söyləyib. Əmək haqqı ilə bağlı işçilərin hər gün özünə müraciət etdiyini qeyd edən M.Rzayev həll ediləcəyinə ümid etdiyini bildirib: “İndiyədək etdiyimiz müraciətlərin hələ ki, bir nəticəsi yoxdur. Amma biz aiddiyatı qurumlardan qarşılaşdığımız bu problemin həllini xahiş edirik. Ümidvaram ki, qeyri-qanuni olan bu yoxlama nəticəsində yaradılmış bu problem öz müsbət həllini tapacaq”.
Aqil LƏTİFOV



Bu yazı ( 72 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar