12px14px16px18px

Elmira Axundova:“Əfvolunma aktları cəmiyyətdə yalnız müsbət reaksiya doğura bilər”

10:25 / 28.03.2012
“Azərbaycan prezidenti özünün əfv səlahiyyətindən istifadə edərək, bu hüququnu tam ədalətli, obyektiv və təmkinlə həyata keçirir.Cəmiyyətə gəldikdə isə əhali tərəfindən əfv sərəncamları çox yaxşı qəbul olunur. Çünki əfv sərəncamı ilə bağışlanan şəxslər öz ailələrinə, yaxınlarının, doğmalarının yanına qayıdırlar”. Bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova dövlət başçısının bir qədər əvvəl imzaladığı əfv sərəncamına münasibət bildirərkən deyib. O bildirib ki, cəmiyyətdə məhbusların tez-tez əfv olunmasının məqsədəuyğunluğu barədə fikrilər səslənir: “Lakin ümumilikdə, bu aktlar cəmiyyətdə yalnız müsbət reaksiya doğura bilər. Axı islah olunma mərhələsində olan şəxslər əfv olunur. Belə əfv olunma aktları nəticəsində azadlığa islahedilməz cinayətkarlar, daha doğrusu, qatillər, soyğunçular yox, məhz təsadüfən səhvə yol verənlər, təsadüfən cinayət törədənlər, xüsusilə yol-nəqliyyat qəzalarını bilmədən törədən şəxslər və s. şəxslər bağışlanır. Buna görə də, bu qəbildən olan şəxslərin azadlığa buraxılması heç vaxt cəmiyyətdə kriminogen vəziyyətin gərginləşməsi ilə nəticələnə bilməz”.
Artıq 18 ildir ki, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü olduğunu deyən E.Axundova əlavə edib ki, prezident tərəfindən əfv olunan şəxslərin siyahısı əvvəlki əfv aktlarında olduğu kimi mənim və sözügedən komissiyanın üzvləri olan həmkarlarım tərəfindən hazırlanıb: “Buna görə də əfv olunmaq üçün tövsiyə olunan şəxslərə görə prezidentin daşıdığı məsuliyyəti bölüşərək bildirmək istəyirəm ki, bu siyahı bir çox vəziyyətlər nəzərə alınmaqla, olduqca ədalətlidir. Bir qayda olaraq, bu siyahılara adətən ağır cinayətlər törətməyən şəxslərin adları daxil edilir. Hətta əgər onların arasında ağır cinayətlər belə törədənlər varsa, o zaman bir sıra yüngülləşdirici hallar məhbusların bağışlanmasına imkan yarada bilir. Adətən, belə hallar məhbusun ağır ailə vəziyyəti, onun ağır xəstəliyə düçar olması, həmçinin səmimi peşmançılıq hissi duyması, daha doğrusu, onun həbsdən azad edilənədək nümunəvi davranış nümayiş etdirməsi ilə əlaqədar olur. Həmçinin, sonuncu hal, daha doğrusu, məhbusun həbsdən azad edilənədək nümunəvi davranış nümayiş etdirməsi onun ehtimal edilən əfv olunması imkanları nəzərdən keçirilərkən əsas götürülür. Və nəhayət, bu və ya digər məhbusun bağışlanması imkanının nəzərdən keçirilməsi səbəbi kimi onun müvafiq xahişlə əfv komissiyasına müraciət etməsi əsas götürülür”.
Millət vəkili bəzi təşkilatların siyasi məhbus siyahısına da toxunub: “ Biz “siyasi məhbus” anlayışının əleyhinəyik. Azərbaycanda da “siyasi məhbusların” olduğunu hesab etmirik. Çünki hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi qələmə verdikləri şəxslərin hər biri konkret cinayət törətməkdə ittiham olunurlar. Həmin şəxslərin əfv olunmasına gəldikdə isə bunu onların ölkə prezidentinə müvafiq müraciətləri olmadan həyata keçirmək qeyri-mümkündür. Axı əfv sərəncamı fərdi aktdır. Buna görə də, məhbusu onun iradəsinə və arzusuna zidd şəkildə əfv etmək olmaz. Qeyd etmək istəyirəm ki, hüquq müdafiəçiləri bəzən komissiyamızı cəza çəkməkdə olan bu və ya digər müxalifətçinin adının əfv olunanların siyahısına daxil edilməsi imkanlarını araşdırmamaqda ittiham edirlər. Lakin məsələ ondadır ki, həmin şəxslər əfv olunmaları ilə bağlı əfv komissiyasına müraciət etmirlər. Belə olan halda, ölkə prezidenti müvafiq müraciət olmadan onun azad olunması məsələsini nəzərdən keçirə bilər. Bu o deməkdir ki, məhbusun öz işinin məhkəmə qaydasında yenidən baxılmasına nail olmaq hüququ var.
Qeyd edirəm ki, əfv səmimi qəlbdən peşmançılıq, öz günahını boynuna almaq hissinin ifadəsidir. Buna görə də, hüquq müdafiəçiləri arasında müəyyən mənada müvafiq müraciət olmadan komissiyanın bu və ya digər məhbusun əfv olunması məsələsini nəzərdən keçirə bilməyəcəyi haqqında anlaşılmazlıq yaranır”.
Millət vəkili sonuncu əfv sərəncamına toxunub və deyib ki, bu siyahıya özləri, yaxud yaxınları əfv komissiyasına müraciət ünvanlayan məhbuslar düşüb. Komissiya da öz növbəsində məhbusun cinayət işini, onun cəzaçəkmə müddətində necə davranış nümayiş etdirməsi, onun ailə vəziyyəti, səhhəti barədə materialları nəzərdən keçirir.
Əfv olunan şəxslərin təkrar cinayət törətməsi ilə bağlı hallara gəlincə, millət vəkili deyib ki, komissiyanın 18 illik işi ərzində demək olar ki, çox az sayda şəxslər təkrar cinayət törədərək yenidən həbsxanaya düşüblər. Bu isə onu göstərir ki, komissiyanın üzvləri doğru seçim edirlər.
Beləliklə, vaxtından əvvəl azadlığa buraxdığımız insanlar qanun yolunda dayanırlar, cəmiyyətə inteqrasiya yolunu tuturlar və etdikləri səhvləri bir daha təkrarlamırlar. Qeyd edirəm ki, 1995-ci ildən bəri imzalanan 50-dən artıq əfv sərəncamı nəticəsində azad edilən məhbuslardan cəmi bir neçə nəfər təkrar cinayət törədiblər.
PƏRVANƏ





Bu yazı ( 93 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar