12px14px16px18px

Millət vəkili ön cəbhədə olub

QƏNİRƏ PAŞAYEVA: “TORPAQLARIMIZIN AZAD EDİLƏCƏYİ GÜN UZAQDA DEYİL”

14:41 / 20.03.2012
Millət vəkili Qənirə Paşayeva Novruz bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib. Əsgərlər və zabitlər qarşısında çıxış edən millət vəkili onları Novruz bayramı münasibətilə təbrik edib. Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramını torpaqlarımızın işğal altında olması səbəbindən böyük sevinclə qeyd edə bilmədiyimizi qeyd edən millət vəkili Q. Paşayeva bildirib: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah gələn Novruz bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik.” Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib. Daha sonra millət vəkili və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr veriblər. Q. Paşayeva və digər qonaqlar Novruz bayramı münasibətilə hərbi hissəyə bayram sovqatı təqdim ediblər. Sonra hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Hərbi hissə rəhbərliyi tərəfindən millət vəkilinə hərbi hissənin şəxsi heyətinin mənəvi, psixoloji vəziyyətinin yüksəldilməsində göstərdiyi yüksək fəaliyyətinə, diqqətinə və qayğıkeşliyinə görə mükafat təqdim edilib.Daha sonra kəşfiyyatçılar öz nömrələrini nümayiş etdiriblər. Q. Paşayeva, Tovuz rayon icra başçısı Tofiq Zeynalov və digər qonaqlar əsgərlər ilə nahar edərək onlarla söhbət ediblər. Sonda tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Kamil HƏMZƏOĞLU


Bu yazı ( 386 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar