12px14px16px18px

“Həmsədrlər özlərini Nalbandyanın tələbəsi kimi aparırlar”

00:21 / 19.03.2012
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ənənəvi növbəti “Qarabağ saatı”nı keçirib. Münaqişə ilə bağlı Avropanın mövqeyinə də toxunan M.Əhmədoğlu, hazırda Avro-Atlantik strukturlardan Ermənistana gələn dəstəkdən danışaraq bildirib ki, məsələdə ikili oyunlar mövcuddur. O bildirib ki, Azərbaycan NATO-da 5 parametrlə çıxış etdiyi halda, Ermənistana da onlar tərəfindən lazımi dəstək verilir. Halbuki Ermənistan NATO-da cəmi bircə parametrlə iştirak edir. Politoloq qeyd edib ki, əgər bu gün NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan prezidenti ilə görüşü zamanı dediyi dəstək sözlərini, Ermənistan prezidentinə də deyirsə o zaman münaqişənin həllində bizə dəstək verməyən Avropa hansı üzlə bizdən özünün atacağı siyasi addımlarda dəstək gözləyə bilər? Prezidentlərin Soçi görüşünə də toxunan politoloq vurğulayıb ki, ATƏT-in Minsk qrupu üzvləri bu görüşə ümumiyyətlə, reaksiya vermədilər. M.Əhmədoğlu qeyd edib ki, həmsədrlər özlərini tam olaraq E.Nalbandyanın tələbəsi kimi aparırlar. Politoloq düşünür ki, əgər həmsədrlər Soçi bəyannaməsini dəstəkləyəsi olsaydılar, ən azından regiona səfər zamanı Dağlıq Qarabağ icmasının üzvləri ilə görüşərdilər. M.Əhmədoğlu qeyd etdi ki, həmsədrlər 20 ildə nə ilə məşğul olublarsa, bu gün Qarabağ münaqişəsi sülhdən çox müharibəyə hazırdır. Ermənistanı yardıma möhtac, xəstə adlandıran politoloq vurğulayıb ki, Dağlıq Qarabağ ermənilərin təsir zonasında qaldıqca Ermənistan məhvə doğru gedəcək. O qeyd edib ki, 20 illik müddətdən sonra bu gün müharibə variantını gündəmə gətirməsi Azərbaycanın haqqıdır. “Azərbaycan istənilən zaman müharibə başlada bilər. Əgər Dağlıq Qarabağda müharibə başlasa Rusiya əlindən gələni edəcək ki, müharibə tezliklə bitsin. Çünki müharibə çox davam etsə Şimali Qafqaz tamamilə partlayacaq. Nəzəri cəhətdən isə bunun bir yolu var, güclü və qalib tərəfi dəstəkləmək”. İranın hazırkı vəziyyətinə toxunan M.Əhmədoğlu qeyd edib ki, bütün hallarda İran deyir ki, mən Ermənistandan əl çəkməyəcəm. İran ümumiyyətlə, reallığı dərk eləmək imkanından məhrumdur. Politoloq düşünür ki, ABŞ, Rusiya prezidentinin inaquasiya mərasiminə qədər çalışacaq ki, İrana qarşı olan bütün addımlardan istifadə etsin. AQİL


Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar