12px14px16px18px

Bakıda “Yujnıy Kavkaz” – “Güney Qafqaz” almanaxının təqdimatı keçirildi

11:42 / 16.03.2012
Dünən Bakıda “Yujnıy Kavkaz” almanaxının iki sayının təqdimatı olub. Almanaxın Azərbaycan üzrə koordinatoru, yazıçı-dramaturq Elçin Hüseynbəylinin idarə etdiyi mərasimə ədəbiyyat, mətbuat və QHT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, xarici qonaqlar qatılıblar. Layihə koordinatorları Culyet Skofild və Marina Naqay (İngiltərə) çıxış edərək Qafqazda baş verən hadisələrin nizamlanmasında ədəbiyyatın rolu haqqında danışıblar. C.Skofild qeyd edib ki, almanaxın nəşri özlüyündə elə münaqişədə olan tərəflər arasında dialoqun bir növüdür. “Layihənin məqsədi münaqişə təsirinə məruz qalan ölkələrlə işləmək, tərəflərin oxuculara bir-birinin hisslərini, problemlərini çatdırmasıdır”. Gürcüstanlı yazıçılar Dato Turaşvili, Quram Odişariya, Beso Xvedelidze də Bakı və almanax haqqında təəssüratlarını bölüşüblər. D.Turaşvili çıxışında Bakını Qafqazın paytaxtı adlandırıb. “Bizim qorxulu münaqişələrimiz var, amma münaqişədə olduğumuz millətlərin ədəbiyyatından imtina edə bilmərik”.
Təqdimatda çıxış edən yazıçı Günel Anarqızı Güney Qafqazda mədəniyyətlərarası dialoqun təqdim edilməsinin, ədəbiyyatların qarşılıqlı tanıdılmasının vacibliyini vurğulayıb. O, Gürcüstan və Azərbaycan arasında mədəni yaxınlığı və bu iki ölkə vətəndaşlarının bir-birinə rəğbətini qeyd edərək, Güney Qafqazda bu göstəricinin bir nümunə olduğunu bildirib.
Elçin Hüseynbəyli jurnalistlərin suallarını cavablandıraraq layihənin məqsədi haqqında daha geniş məlumat verib. “Bu almanaxın nəşri Avropa Birliyinin və Böyük Britaniya hökumətinin maliyyə dəstəyi ilə “Güney Qafqazda dialoq və psixoloji sədlərin keçilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Azərbaycan, Gürcüstan, Ermənistan, Abxaziya və Osetiya yazarlarının, rəssamlarının, fotoqraflarının əsərləri bu almanaxda rus dilində yer alır. Almanaxı ingiliscə və başqa dillərdə də çap etdirmək fikrindəyik. Hələlik isə, internet portalımız fəaliyyət göstərir. Almanaxı İngiltərənin “İnternational alyort” qeyri-hökumət təşkilatı maliyyələşdirir. Beynəlxalq təqdimatın isə iyunun 10-15-də Londonda keçirilməsi nəzərdə tutulub. Tədbirlə əlaqədər Bakıda olan gürcü yazarı Dato Turaşvili fürsətdən istifadə edərək paytaxtımız haqqında geniş məqalə hazırlayır. Bu səbəbdən tədbiri İçərişəhərdə keçirməklə, şəhərdə gedən abadlıq işləri ilə qədimliyin assosiativ təqdimatını ortaya qoymaq istədik”.
Pərviz SADIQOV



Bu yazı ( 159 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar