12px14px16px18px

“Yol qəzalarının qarşısının alınması üçün ictimai nəzarətin gücləndirilməsi vacibdir”

11:41 / 16.03.2012
“Təhlükəsiz Yol” Alyansının üzvləri ilə Baş Dövlət və Bakı şəhər Yol Polisi İdarəsi rəsmiləri arasında görüşü keçirilib. Bu barədə “525”ə Alyansdan məlumat verilib. Məlumata görə, görüşün keçirilməsində məqsəd ölkəmizdə böyük bir bəlaya çevrilmiş yol qəzalarının qarşısının alınması, bu sahədə preventiv işlərin aparılması istiqamətində dövlət və ictimai sektorların əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi olub. Görüş zamanı Alyans tərəfindən irəli sürülən təkliflər geniş müzakirələrə səbəb olaraq, bir sıra yekun qərarlar verilib. Görüşdə qeyd edilib ki, ölkəmizdə günü-gündən artmaqda olan yol qəzalarının qarşısının alınması üçün dövlət qurumlarına ictimai dəstəyin verilməsi, bu sahədə ictimai nəzarətin gücləndirilməsi vacibdir. Avtomobil qəzalarının başvermə səbəbləri sırasında avtomobillərin texniki nasazlığı və sürücü təcrübəsizliyi faktorları öndə durduğu qeyd edilib. Bu səbəbdən sözügedən sahədə şəffaflığın artırılması məqsədilə avtomobillərin texniki baxışının keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi üçün nəzəri və praktiki imtahan proseslərinin mütəmadi monitorinq edilməsi, bundan başqa ağır iş rejimi ilə çalışan yol patrul əməkdaşlarının psixoloji dözümlülüyünün artırılması, xüsusən gənc yol polisi əməkdaşlarının beynəlxalq etik davranış normaları ilə tanış edilməsi, yol nişanlarının durumu ilə bağlı birgə araşdırmaların aparılması və sair zəruri layihələr “Təhlükəsiz Yol” Alyansı tərəfindən təklif edilmiş və müzakirə edilib. Görüşün yekunu olaraq “Təhlükəsiz Yol” Alyansı və BDYPİ-nin birgə fəaliyyətə dair memorandumunun və fəaliyyət proqramının hazırlanması barədə qərar verilib.
Görüşün təşəbbüskarı olan “Təhlükəsiz Yol” Alyansı eyni təşəbbüslə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə də müraciət edib. Nəzərə alsaq ki, yol qəzalarının baş verməsinin əsas səbəblərindən olan yol infrastrukturundakı mövcud problemlərin aradan qaldırılmasına məsul olan qurum Nəqliyyat Nazirliyidir, bu sahədə bu Nazirliyinin də əməli işləri olmalı və bu proseslərə cəlb olunmalıdır. Lakin buna baxmayaraq Nəqliyyat Nazirliyi Alyansın təşəbbüsünə hələki heç bir reaksiya verməyib.
AQİL




Bu yazı ( 162 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar