12px14px16px18px

Qubaya yeni icra başçısı təyin olundu

11:41 / 16.03.2012
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Alı oğlu Ağayev Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Quba Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dünən Mübariz Ağayev rayon ictimaiyyətinə təqdim olunub. Yeni icra başçısını Prezident Administrasiyası şöbə müdiri Zeynal Nağdəliyev təqdim edib.
Qeyd edək ki, bu təyinata qədər M. Ağayev Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Ağayev Mübariz Alı oğlu 1 sentyabr 1953-cü ildə Ucar rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illlərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995 ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək ASC idarə heyətinin sədri vəzifələrində çalışıb.
2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2007-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Son təyinatına qədər də orda çalışıb.




Bu yazı ( 166 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar