12px14px16px18px

Milli mərəzimizin çarəsi yoxmuş...

11:31 / 16.03.2012
Bu günlərdə qəzetlərin birində görkəmli yazıçılarımızdan biri barədə hədyan, böhtan, bədxahlıq, kin-küdurətlə dolu bir yazı oxudum. Hər sətrindən, hər sözündən ətrafa çirkab fışqıran məqalənin məzmunu, mahiyyəti və məğzindən başqa hər şey qaydasındadır: sözlər (çirkin, fitnə və qeybət qoxulu olsa da), cümlələr (qərəzə, yalana və iftiralara xidmət etsə də) dil qanunlarına uyğun, yerli-yerində. Belə səviyyəsiz yazılar oxuculara ara-sıra təqdim olunur. Hədəfdə kimlərdir? Bugünkü nəsrimizin ən parlaq simaları Elçin, Anar, Əkrəm...
Bu qəbildən olan təhqiramiz, könülbulandıran, qərəzli yazıların müəlliflərinin, qəzet müxbirlərinin (bundan sonra – müxriblərin) niyə belə işlərlə məşğul olduqları çoxlu suallar doğurur. Məqsəd, niyyət nədir? Bəlkə kiminsə, hansısa mərkəzin sifarişi yerinə yetirilir? İnanmaq istəməzdim. Bəlkə müxrib, qəzet dəbdə olan ifadə ilə desək, reytinq qazanmaq istəyir? Yenə inanmaq olmur ki, istedadsızlıq, savadsızlıq və tərbiyəsizlik, şərləmək yolu ilə ad-san çıxarmaq istəyəsən. Bəlkə qısqanclıqdandır? Axı, hədəfdəkilər həm də, mənsəb sahibidirlər: Baş nazirin müavini, Yazıçılar Birliyinin sədri, Milli Məclisin sabiq deputatı... Bu fikri də yaxın buraxmadım. Axı, o yazıçılar olmasa belə (onlar bu mənsəbə qədər özlərini təsdiq etmiş, tanınmış, əsərləri ilə adlarını Azərbaycan ədəbiyyatı tarixinə həkk etdirmiş yazıçılardır), kimsə başqa birisi həmin postda, mövqedə olmalıdır, ya yox? Qarayaxmanın müəllifi özünü yazıçı hesab edirsə və tənqid etdiyi yazıçını bəyənmirsə, qoy özü şedevrlər yaratsın və bu yolla özünü təsdiq etsin. Yox, peşəkar jurnalist, publisist, yaxud tənqidçi adı iddiasındadırsa, təhqirlərlə yox, təhlillərlə mövqeyini ortaya qoysun. Problem bu müxribin sərsəmləməsi ilə bitsəydi, nə vardı ki? Zülmət qatıdır, qalındır. O, yazıb. Bəs qəzetin redaktoru, onun müavini, əməkdaşları hara baxır?! O, yazıb. Bəs dostları, qohumları, tanışları onu niyə tənbeh etmir?! O, yazıb. Bəs vicdanlı qələm sahibləri niyə səsini çıxarmır? O, yazıb. Bəs oxucu onu niyə qınamır? O, yazıb. Bəs cəmiyyət niyə susur. Nə isə... Tanınmış ziyalılara qarşı düşmən münasibətin haradan qaynaqlandığı barədə götür-qoylarıma Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinin mümtaz nümayəndələri, həm də vaxtı ilə bu və bundan da kəskin hədyanlara, hücumlara, tənqidlərə məruz qalmış xadimlər xəyalən cavab verdi:
Azərbaycanın ilk generalı, ilk kartoqrafı, ilk publisisti İsmayıl bəy Qutqaşınlı:
– Qəm yeməyin. Bu mərəzdir. Xidmətlərimin müqabilində mənə verilən mükafatdırmı ki, əsərlərimi pərən-pərən saldılar, izini-tozunu itirdilər. Bunlar azmış kimi bircə fotom belə qorunub saxlanılmamışdır?!
Materialist filosof, bədii nəsrimizin, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə:
– Məgər poqonlarıma görəmi günlərlə nəşimi düzdə sahibsiz qoyur, dəfn etmirdilər?
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi:
– Bəs mənim günahım nə idi ki, məni gorbagor etdiniz? Qəbrimi nə az, nə çox 3 dəfə dəyişdiniz. Əbəs yerə demirdim ki, çağırıram eşitmir, deyirəm qanmır, göstərirəm görmür.
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Seyid Əzim Şirvani:
– Hansı pis əməlin sahibi idim ki, hətta dostumun “Əkinçi”sində mənə həcv yazırdılar?
Böyük satira ustası Mirzə Ələkbər Sabir:
– Bəlkə mən düşmən idim, millətimi sevmirdim? Məni məktəb, məscid yolunda daş-qalaq edirdilər.
Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli:
– Xidmətlərimə görə təmənna ummamışam. Amma “Zənbur”dakı karikatura və bu kimi iyrənc hərəkətlər qəlbimə toxunub, könlümü bulandırıb...
Türk dünyasının böyük ideoloqu Əhməd bəy Ağaoğlu:
– Günahım “Difai”ni yaratmaq idimi ki, məni Azərbaycandan didərgin saldılar?
“Molla Nəsrəddin” jurnalının naşiri, redaktoru Mirzə Cəlil:
– 40 illik mətbu xidmətimin mükafatı idimi ki, dərman pulu almaq üçün Əliheydər Qarayevə ərizə yazmağa məcbur edilmişdim?!
Xalq şairi Bəxtiyar Vahabzadə:
– Mənə də haqsız yerə çox daş-kəsək atıblar. Nə oldu? İndi kim onları yada salır, xatırlayır?! Bəxtiyar Vahabzadə isə yenə var, həmişə də olacaqdır. Siz də fikir verməyin, yazın, yaradın. Onlar gedəcək, siz qalacaqsınız!
37-ci il repressiyasının 60 nəfərdən çox qurbanı olan istedadlı qələm sahibləri adından İbrahim bəy Musabəyov:
– Bizə ölüm hökmü kəsənlər, onları icra edənlər məlumdur: rejim, ideologiya nökərləri. Bizdən donos yazanlardan, bizi mətbuatda ittiham edənlərdən soruşmaq istəyirəm: – Heç vicdan əzabı çəkdinizmi?
Burda dayandım. Deyəsən, axtardığımı tapmışdım. Əsassız ittihamların, böhtan və çirkabların səbəblərini yüz yerə yazmaq, yozmaq olar. İsmayıl bəy Qutqaşınlının söylədiyi “mərəz” kimi də qəbul etmək olar. Lakin qələmi zorlayaraq, onu əyri-üyrü yazmağa, təhqir etməyə, böhtan atmağa, şərləməyə vadar edənlər, əlbəttə, vicdan əzabı çəkə bilməzlər. Sadəcə, buna imkanları yoxdur. Görünür, bu milli mərəzin çarəsi də yoxdur...
Elçinin tərcümə etdiyi Jan Pol Sartrın “Yalnız həqiqət” pyesinə yazdığı essedəki ikicümləlik bir abzası xatırlamaq və dərindən düşünmək yerinə düşərdi. Elçin yazır: “Əsərdə böhtan, yalan və riya aurası altında olan mətbuat mühiti qələmə alınıb və baxın, o böhtan, yalan və riya bu gün bizdən çox uzaqdırmı, bir sıra mətbuat orqanlarımızın tanış böhtançılığı və yalanı deyilmi? Bu sualı təsdiq edən cavab, elə bilirəm ki, yuxarıda söylədiyim fikri – xislət naqisliyinin həmişəyaşar olduğunu da bir daha təsdiq edir”.
Qorxmaz HAQQARAR



Bu yazı ( 181 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar