12px14px16px18px

“Meşəçiliyin inkişafı üçün ölkəmizdə ideal şərait var”

11:25 / 16.03.2012
 
Həsən Hüseyn oğlu Qabulov 1932-ci il martın 24-də Qax rayonunun Qax-Muğal kəndində anadan olub. 1949-cu ildə orta məktəbi bitirdikdən sonra Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşə təsərrüfatı fakültəsinə daxil olub. 1954-cü ildə institutu müvəffəqiyyətlə bitirən gənc mütəxəssis Ümummittifaq Meşə Layihəsi Birliyinin göndərişi ilə Zaqafqaziya meşə quruluşu müəssisəsində işləyir. 
H.Qabulov 1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin Yerüstü və Yeraltı Su Ehtiyat Mənbələri Komitəsinə meşəçi-mühəndis vəzifəsinə dəvət olunur, bir neçə aydan sonra MeşəTəsərrüfatı Nazirliyi kollegiyasının qərarı ilə Meşəquruluşu İdarəsinə böyük mühəndis vəzifəsinə qəbul edilir.
1967-ci ildə Meşə Təsərrüfatı Nazirliyinin meşə quruluşu və meşədən istifadə şöbəsinin rəisi, 1987-ci ildə meşə mənbələrinin hesaba alınması və istifadəsinin təşkili idarəsinin rəisi, daha sonra “Azərmeşə” İstehsalat Birliyinin meşə mənbələri və meşədən istifadə şöbəsinin rəisi vəzifələrində işləyir.
Respublika meşə təsərrüfatı sisteminin mərkəzi aparatında 40 ildən artıq bir müddətdə yüksək səviyyəli bir mütəxəssis kimi tanınan H.Qabulov 1978 və 1997-ci illərdə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin hazırlanması işinə cəlb olunub.
O, 1982, 1987-ci illərdə respublika hökumətinin müvafiq qərarının icrası ilə əlaqədar Abşeron, Astara, Daşkəsən, Qusar, Zaqatala, Kəlbəcər, Tovuz, Cəbrayıl və sair rayonlarda 40 min hektaradək sovxoz və kolxoz meşələrinin müəyyən olunmuş qaydada sənədləşdirilərək vahid dövlət meşə fondunun tərkibinə verilməsi işini təşkil edib.
Həsən Qabulov həmçinin respublika meşə təsərrüfatı üzrə baş planların hazırlanmasında yaxından iştirak edib. O, meşə təsərrüfatının müxtəlif aktual problemlərinə aid məqalələrlə respublika dövri mətbuatında vaxtaşırı çıxışlar edib. 
– Planetimiz, sözün həqiqi mənasında, ekoloji böhranın məngənəsindədir. Dünyanın hər yerində hava, su, torpaq öz əzəli tərkibini itirib, istifadə üçün yararsız hala düşüb, – deyə o, qeyd dəftərçəsindəki faktlara nəzər yetirir: – Mütəxəssislərin hesablamalarına görə, planetin hər üç sakinindən biri istifadə üçün yararsız, çirkli su içir və təkcə bu səbəbdən hər gün 25 mindən çox insan ölür. Hər dəqiqədə 20 hektar meşə, 44 hektar əkinə yararlı torpaq sahəsi sıradan çıxır. Hər il atmosferə yüz milyonlarla ton müxtəlif zərərli və zəhərli qazlar buraxılır ki, bu da planetdə iqlim dəyişikliyinə səbəb olur.
– Bəs bizdə vəziyyət necədir?
– Bəri başdan deyim ki,   ürəkaçan deyil. Hazırda Azərbaycan ərazisinin cəmi 10 faizə qədəri meşəlikdir. Halbuki, alimlər hər hansı bir ölkənin ümumi ərazisinin azı 25-30 faizinin meşə sahəsi ilə örtülməsini optimal vəziyyət hesab edirlər. Müqayisə üçün  deyim ki, qonşu Gürcüstanda bu göstərici 40 faizdir. Keçmiş SSRİ-də adambaşına orta hesabla 4,5 hektar meşə sahəsi düşdüyü halda, bizdə bu   rəqəm 0,2 hektara bərabərdir.  
– Bu nə ilə bağlıdır, bizim torpaqlarımız, təbiətimiz məgər meşəçilik üçün əlverişsizdir?
– Nə danışırsınız, meşəçiliyin inkişafı üçün ölkəmizdə ideal şərait var. Bir vaxtlar Azərbaycanın ərazisi – nəinki dağları, yamacları, hətta düzənlikləri belə başdan-başa sıx meşəliklərlə örtülü olub. Sadəcə, insanlar qədrini bilməyiblər, məhv eləyib, axırına çıxıblar. Ümumiyyətlə, dövri-qədimdən meşələrin, görünür, düz-əməlli sahibi olmayıb. Uzaq keçmiş bir yana qalsın, elə bizim şahidi olduğumuz dövrdə – keçən əsrin ortalarından bəri nə qədər meşələrimiz məhv edilib.    
Təkcə 1955-1970-ci illər arasında respublikamızda 200 min hektardan artıq meşə sahəsi və 100 min hektar kolluq sıradan çıxıb. Tədqiqatlar göstərir ki, keçən əsrdə Azərbaycan meşələrinin üçdə biri məhv edilib. Azərbaycan ərazisinin xeyli hissəsi, xüsusən Kür-Araz ovalığı quraq zonadır. Lakin Tanrının bizə bəxş etdiyi misilsiz nemət olan Kür və Araz çayları bu ərazidə yaşayan insanlar üçün əsl həyat mənbəyinə çevrilib, onların süfrələrinə bin-bərəkət gətirib. Onu da deyim ki, respublika kənd təsərrüfatının 80 faizə qədəri bu çayların vadisində yerləşir. 
Kür boyunca Xəzərədək uzanan bu yaşıl kəmərin təqribən 260 kilometri qalın və keçilməz Tuğay meşələri idi. Bəzi yerlərdə bu yaşıl zolağın eni 8-10 kilometrə çatırdı. Meşələrin kütləvi şəkildə qırılması, seyrəlməsi ilə onların da kökü kəsildi.
Yaşıllığa qarşı bu ogey münasibət təkcə Tuğay meşələrinə deyil, digərlərinə də, o cümlədən Bərdə rayonu ərazisindəki Sultanbud, Ağstafadakı Qarayazı meşələrinə, eləcə də   dağlıq ərazilərdəki Quba – Qusar – Xaçmaz, Lənkəran – Astara – Balakən, İsmayıllı – Quba – Oğuz meşələrinə, xüsusilə Dağlıq Qarabağ meşələrinə də sağalmaz yaralar vurdu.
– Nə əcəb meşələrə nəzarət edən qurumlar, alimlər, mütəxəssislər susur, buna etiraz etmirdilər? Elə siz özünüz də o vaxtlar respublika Nazirlər Sovetinin strukturunda, Meşə Təsərrüfatı Nazirliyində işləyərkən bilavasitə bu sahəyə nəzarət etmisiniz...
– Əvvəla, susmurduq, mübarizə   aparır, qarşısını almağa çalışırdıq. Lakin o dövrdə meşə   qanunvericiliyində olan boşluqlar, reallıqlar, digər obyektiv səbəblər bu mübarizədə arzuolunan səmərəyə imkan vermədi.
O dövrdə meşələrin qanunsuz şəkildə qırılmasına qarşı mübarizənin önündə respublika Təbiəti Mühafizə Cəmiyyətinin sədri, mərhum akademik Həsən Əliyev dururdu. O, ekoloji cinayətlərə qarşı   cəsarətlə haqq səsini ucaldır, vaxtaşırı qəzet və jurnallarda, radio və televiziyada əsl həyəcan təbili çalır, meşələri xilas etmək üçün müvafiq dövlət orqanları qarşısında həlli vacib məsələlər qaldırırdı. Həm də, bununla kifayətlənmir, respublikanın müxtəlif yerlərində yeni meşə massivlərinin salınması təşəbbüsünü qaldırır və şəxsən özü həmin işlərə rəhbərlik edirdi. Bu gün Dəvəçi, Siyəzən, Tovuz rayonunun ərazilərində, habelə Ağsu dolaylarında təqribən 45-50 il bundan əvvəl   salınmış əsrarəngiz meşə   massivlərini görənlər mərhum akademiki yada salır, ona rəhmət oxuyurlar.
Müsahibim əlindəki qovluğu açaraq, oradan bir dəstə sənəd, məktub, ekologiyaya dair qəzet və jurnalda dərc olunmuş məqalələrini çıxardı. Bu sənədlər onun meşələrin qorunub saxlanması uğrunda necə prinsipial mübarizə apardığını təsdiqləyirdi.
Sənədlərin biri Azərbaycan SSR Nazirlər Soveti Dövlət Meşə Təsərrüfatı Komitəsinin böyük mühəndisi Həsən Qabulovun 8 iyun 1966-cı il tarixli xüsusi rəyi idi. O, həmin sənədlə əlaqədar bildirdi ki, 1966-cı ildə Zaqatala Rayon Partiya Komitəsi (raykom katibi Nəzir Əhmədov idi) əkin sahələrinin genişləndirilməsi məqsədilə   Yeni Suvagil kəndinin – Lenin adına kolxozun (kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Minə Nəzirova idi) balansına qonşu, Qax rayonu ərazisində   yerləşən dövlət meşə fondundan 280 hektar torpaq sahəsinin ayrılması barədə Azərbaycan KP MK-ya və respublika Nazirlər Sovetinə məktubla müraciət etmişdi. Kolxoz sədri Minə xanım nüfuzundan istifadə edərək məktuba Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun dərkənar qoymasına da nail olmuşdu. Nazirlər Soveti sədrinin birinci müavini Əsgər Orucova göndərilən məktubun üzərinə yazılmışdı: “Baxın və 20 gün ərzində təkliflərinizi verin”. Əlaqədar qurumları təmsil edən mütəxəssislərdən ibarət dövlət komissiyası yaradıldı ki, ayrılacaq sahəyə baxış keçirsin və təklif versin.
Həsən müəllim bu məsələ barədə danışarkən dedi:
– Meşə Təsərrüfatı Komitəsinin nümayəndəsi kimi mən də komissiyaya daxil edildim. Zaqatala və Qax rayonlarında olarkən hiss etdim ki, məsələ artıq həll edilmək üzrədir. Həm dövlət orqanları, həm də komissiya üzvləri 280 hektar meşənin qırılmasına razılıq vermişdilər. Qabaqcadan hazırlanmış akta qol çəkməyimi təklif edəndə   razılıq vermədim: “Mənim öz rəyim olacaq”, – dedim. Raykom katibi kolxoz sədri və başqaları nə qədər çalışsalar da bir şey alınmadı. Təkliflərimi hazırlayıb respublika Nazirlər Sovetinə təqdim etdim. Orada qeyd etdim ki, meşə fondundan ayrılması nəzərdə tutulan 280 hektar sahə sıx ağaclardan ibarət I qrup meşə   kateqoriyasına aiddir, torpağı qoruma, münbitlik yaratma və ətraf mühitin iqlimini tənzimləmə əhəmiyyətinə malikdir. Bu meşələr torpağı eroziyadan, aşınmadan, sürüşmədən qoruyur, bir sözlə, ekoloji tarazlığı, eləcə də ərazidə   yüksək kənd təsərrüfatı məhsuldarlığını təmin edir. Bundan əlavə, həmin meşə sahəsi Qax rayounun ərazisinə aid olduğu üçün onun Zaqatala  rayonu təsərrüfatının istifadəsinə verilməsi, heç şübhəsiz,   yerli camaat arasında ciddi narazılığın yaranmasına səbəb olar. Gətirdiyim bu və digər arqumentlər elə əsaslandırılımışdı ki, respublika Nazirlər Soveti meşə fondunun torpağını kolxoza ayırmaqdan imtina etdi.
Fəaliyyətim ərzində dəfələrlə belə situasiyalarla   qarşılaşmışam. Hər dəfə gücüm və imkanım yetənədək mübarizə aparıb meşələrimizi qorumağa çalışmışam və çox vaxt buna nail olmuşam.
Ulu öndər Heydər Əliyev meşələrin qorunmasına, yeni meşə massivlərinin, yaşıllığın yaradılmasına xüsusi qayğı göstərirdi. Ağacların kəsilməsinə, meşələrin qırılmasına dözmürdü. Keçən əsrin 90-cı illərinin axırlarında keçirdiyi müşavirələrdən birində ümummilli liderimizin bu barədə dediyi sözlər indi də quraqlarımda səslənir: “Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsildiyini görərkən elə bilidim ki, məni yaralayıblar Mən dəfələrlə demişəm, bir də deyirəm: kim hansı bir sağlam ağacı kəsirsə,   hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”
– Həmin tarixi müşavirə mənim də yadımdadır. O da yadımdadır ki, bunun respublikanın digər yerlərini deyə bilmərəm,   amma Bakıda təsiri hiss olundu. Yolların kənarlarında ağaclar əkildi, yeni yaşıllıq massivləri, parklar, bağlar salındı...
– Şübhəsiz, çox təsiri oldu, respublikanın digər yerlərində də meşələrə qənim kəsilənlər özlərinə yığışdırdılar. Meşələrə, yaşıllığa qayğı artdı.
Bu münasibət sonrakı illərdə də davam etdirilib. Azərbaycan Respublikasının Prezidentinin 22 may 2003-cü il tarixli sərəncamı ilə   meşələrin bərpa olunmasına və artırılmasına dair Milli Proqram təsdiq olundu. Bu proqrama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən son vaxtlar orta hesabla ildə 8000-10000 hektar sahədə yeni meşələr salınır və meşə bərpa tədbirləri həyata keçirilir. Proqrama uyğun olaraq əkin materiallarının yerləşdirilməsi sahəsində də çox əhəmiyyətli işlər görülür.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə   son illərdə ekologiyamızın əsas tərkib hissəsi olan mövcud meşələrin qorunub saxlanılması, mühafizəsi onların yanacaq üçün qırılmasına yol verməmək məqsədi ilə, xüsusilə də ilk növbədə ucqar dağ rayonlarının qazlaşdırılması sahəsində   çox mühüm tədbirlər həyata keçirilib.
Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi, habelə Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Hərəmiz bir ağac əkək!” çağırışı nəticəsində respublikamızın   hər yerində yaşıllaşdırma sahəsində   çox böyük işlər görülüb.  Sevindirici haldır ki, bu iş kampaniya xarakteri daşımır, hər il davam etdirilir.
Ömrünü ana təbiətin, meşələrimizin mühafizəsi kimi nəcib bir işə həsr
etmiş Həsən Qabulovun qarşıdan
80 illik yubileyi gəlir. Bu münasibətlə
son günlər o, dost-tanışlardan, keçmiş iş yoldaşlarından, bütün təbiətsevərlərdən çoxsaylı təbriklər qəbul edir.
Biz də bu təbriklərə qoşulur, ona uzun ömür, cansağlığı və neçə belə
bahar təravəti arzulayırıq.
Qüdrət PİRİYEV
 
 



Bu yazı ( 161 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar