12px14px16px18px

10 gündə 7-ci zəlzələ

01:55 / 15.03.2012
Azərbaycanda daha bir zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ martın 14-də saat 11:28-də Şamaxı şəhərindən 18 km cənubda qeydə alınıb. Episentrdə dərinliyi 4 km, maqnitudası 3,40 olan zəlzələ hiss edilməyib. Şamaxıda bir gündə ikinci zəlzələ saat 12.13-də, şəhərdən 14 km cənubda qeydə alınıb. Zəlzələnin maqnitudası 3.40, dərinliyi 3 km olub. Zəlzələ hiss olunmayıb. Qeyd edək ki, bu, son 10 gündə Azərbaycan ərazisində baş verən 7-ci zəlzələdir. Şamaxı rayonunda zəlzələlərin aktivləşməsinin səbəbi açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, xeyli vaxtdır, həmin ərazidə dağ suxurlarının sıxılması prosesi gedir: “Biz bu proses üzərində müşahidələr aparırırq. Dağ suxurlarının sıxılması nəticəsində belə yeraltı təkanlar meydana gəlir. Məhz buna görə Şamaxı-İsmayılı zonası Azərbaycanın seysmik cəhətdən ən aktiv bölgəsi hesab edilir”. Q. Yetirmişli zəlzələlərin aktivləşməsinin hava şəraiti ilə əlaqədar olması versiyasını inkar edib: “Planetlərin düzülüşü, maqnit sahəsinin dəyişməsi yeraltı təkanlara müəyyən təsirlər göstərir. Amma bunun hava ilə əlaqəsi yoxdur”. Baş direktor deyib ki, ümumiyyətlə gün ərzində Azərbaycan ərazisində 5-8 təkan olur: “Onlardan əksəriyyəti maqnitudası lap az olan zəlzələdir. Mərkəzin stansiyaları hətta 0,1 maqnitudada olan zəlzələləri de qeydə ala bilir. Mərkəzin saytına isə adətən, maqnitudası 3 baldan yuxarı zəlzələlər haqqında məlumatlar yerləşdirilir. Ümumiyyətlə, burada qorxulu heç nə yoxdur. Enerji boşalması prosesi daha daha güclü zəlzələlərin olmasının qarşısını alır”.


Bu yazı ( 201 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar