12px14px16px18px

Füzuli rayonunun qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə min ədəd ağac əkildi

01:51 / 15.03.2012
Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən “FINCA Azərbaycan” Kredit Təşkilatının maliyyə dəstəyi ilə “Füzuli rayonunun qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları Zobcuq yaşayış kompleksində yaşıllaşdırma məqsədilə bəzək ağaclarının əkilməsi” layihəsi çərçivəsində min ədəd ağacı əkildi. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “FINCA Azərbaycan”ın ölkə üzrə direktoru Maniş Sane, BAMF sədri Umud Rəhimoğlu və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Açılış nitqi ilə çıxış edən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı ərəfəsində belə bir nəcib aksiyaya görə, “FINCA Azərbaycan”ın ölkə üzrə direktoru Maniş Saneyə və BAMF sədri Umud Rəhimoğluna təşəkkür etdi. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında son illər Füzuli rayonunda aparılan abadlıq-quruculuq işləri, o cümlədən düşmənlə üzbəüz şəraitdə yaşayan füzulilərin vəziyyəti haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, 5 qəsəbədən ibarət Zobcuq yaşayış kompleksində 2100-dən çox ailə yaşayır. İndiyədək bu qəsəbələrdə rayon rəhbərliyinin təşəbbüsü ilə xeyli abadlıq və yaşıllaşdırma işləri görülüb. BAMF sədri U.Rəhimoğlu M.Saneyə və A.Alıyevə bu ideyanı dəstəklədiklərinə və yaxından köməklik göstərdiklərinə görə öz minnətdarlığını bildirdi. O bildirdi ki, layihəyə əsasən BAMF Tərtər rayonunda tədarük etdiyi 1000 ədəd bəzək ağacının Füzuli rayonunun Zobcuq yaşayış kompleksinə daşınmasını, ağacların əkilməsini və suvarılmasını təmin edəcək: “BAMF 2010-cu ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə yaratdığı Tərtər Regional Peşə və Təim Mərkəzində (PTM) müharibə qurbanlarına və onların ailə üzvlərinə peşə vərdişləri aşılamaqla bu insanlara özlərinin gəlir gətirən sahələrini yaratmaqda dəstək olur. Son iki ilə yaxın müddət ərzində PTM-də 80 nəfər müxtəlif peşə vərdişinə yiyələnib. Onlardan 16 nəfəri tingçiliklə məşğul olmağa üstünlük verib. Tingçilik peşəsinə yiyələndikdən sonra onların əksəriyyəti meyvə və bəzək ağaclarının yetişdirilməsi ilə məşğuldurlar. Bu layihəni həyata keçirməkdə də məqsəd müharibə qurbanlarının yetişdirdikləri bəzək ağaclarının satışında onlara yardımçı olmaq üçün becərdikləri və hazırda yaşıllaşdırma üçün tam yararlı olan bəzək ağaclarını tədarük edib Füzuli rayonu ərazisində qaçqın məcburi köçkünlərin məskunlaşdıqları Zobcuq yaşayış komleksində əkməkdən ibarətdir”. U.Rəhimoğlu onu da bildirdi ki, bu layihənin həyata keçirilməsi isə həm mina qurbanlarının yaşayış səviyyəsinin bir qədər yüksəlməsində,həm də qaçqın və məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə yaşıllığın artmasında və ekoloji mühitin daha da yaxşılaşmasında mühüm addım olacaq. Sonra “FINCA Azərbaycan”ın ölkə üzrə direktoru M.Sane çıxış edərək tədbirdə iştirak edən bütün insanları Novruz bayramı münasibəti ilə təbrik etdi. Və BAMF-ın təşəbbüsü ilə belə bir layihəyə dəstək vermələrindən məmnun qaldığını deyərək, rəhbərlik etdiyi qurumun bundan sonra da ölkəmizdə belə aksiyalara dəstək verəcəyini dedi. O bildirdi ki, “FINCA Azərbaycan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider mikro maliyyə təşkilatlarından biri kimi “FINCA Azərbaycan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 34 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azərbaycan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.




Bu yazı ( 149 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar