12px14px16px18px

Yazıçı-publisist Faiq İsmayılovun evinə basqın edilib

01:47 / 15.03.2012
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri, yazıçı-publisist Faiq İsmayılovun evinə basqın edilib. Bu barədə “525”ə F.İsmayılov özü məlumat verib. O, 13 mart 2012-ci il tarixdə gündüz saat 3 radələrində 15 nəfər gəncin evin hasarından aşaraq həyətə daxil olduğunu bildirib. F.İsmayılov özlərini mühafizə xidmətinin işçiləri kimi təqdim edən bu insanların hücum çəkərək heç bir rəsmi sənəd təqdim etmədən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək evini sökməyə başladıqlarını deyib. Bu zaman özünun işdə olduğunu deyən F.İsmayılov oğlunun, yoldaşının və baldızının bu cinayətkarlara mane olmağa çalışdığını söyləyib: “Bu zaman həmin şəxslər ailə üzvlərimin üzərlərinə hücum çəkərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, nalayiq küçə söyüşləri ilə söyərək onları təhqir ediblər”. F.İsmayılov bu şəxslərin məsuliyyətə cəlb edilməsi üçün lazımi addımlar atacağını diqqətə çatdırıb: “Onlar evimin qabaq hissəsini yarıya qədər söküblər, su xəttimizi və elektrik xəttimizi sıradan çıxararaq mənə xeyli miqdarda maddi, mənəvi ziyan vurublar. Məlumat üçün onların bir neçəsinin telefonla çəkilmiş şəkillərini və istifadə etdikləri minik avtomobillərinin ikisinin nömrəsini sizə bildirirəm: 90 AU 293, 10 JM 668. Mən 20 ildən artıqdır ki, yaşadığım öz şəxsi evimdə ailəmin ləyaqət və şərəfini alçaldan bu şəxslərin müəyyən edilərək, məsuliyyətə cəlb edilməsi üçün qanuna müvafiq tədbirlər görülməsini xahiş edirəm. Məhz buna görə də qısa müddət ərzində Respublika Daxili İşlər Nazirliyinə və Xəzər rayon Prokurorluğuna müraciət etmək fikrindəyəm. Ümidvaram ki, aidiyyatı qurumlar məsələyə lazımi diqqəti ayıraraq cinayətkarları cəzalandıracaq”. Qeyd edək ki, F.İsmayılov, uzun illərdir ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərdəki Mədəni dəyərlərinin qorunması, müdafiəsi, eləcə də Azərbaycanın Mədəni dəyərlərinin məhvinə yönəlmiş antihumanist hərəkətlərin ifşa edilməsinə və Azərbaycanın Mənəvi Dəyərlərinin qorunması və təbliği üçün çalışır. O, bu istiqamətdə 4 kitab və 50-dən çox məqalənin müəllifidir. Azərbaycanın mətbuat və informasiya orqanlarında öz dəst-xətti ilə tanınan F.İsmayılov Qarabağın mədəniyyəti, tarixi, abidələri və erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı 4 layihə həyata keçirib. O, 2011-ci ildə İşğal olunmuş ərazilərdəki tarix və mədəniyyət abidələrinin dağıdılması ilə bağlı Ermənistana qarşı Avropa Məhkəməsində 8 məhkəmə iddiası qaldırıb.
AQİL


Bu yazı ( 127 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar