12px14px16px18px

Börüçala- Borçalı...

01:47 / 15.03.2012
 
(Üç səfər, bir xatirə)
Nəymiş Allah bu Borçalı deyilən? Nə möcüzəli, nə sirli- sehirliymiş bu yerlər. Baxdıqca göz sevinən, düşündükcə ruh təzələnən bu diyarı gəzib-gördükcə, oxuyub-öyrəndikcə bildim ki, uca Yaradan öz qüdrətindən nəqş eləyib Borçalını. Eli-ulusu da elə Borçalının təbiəti kimi safdır, gözəldir. Vüqarı dağlardan, saflığı bulaqlardan, təmizliyi havadan, ruzini torpaqdan alıb Borçalıda yaşayan Qarapapaq Türkləri. Azərbaycandan ayrı düşsə də dil içində dil, din içində din bəsləyir Ulu Borçalı.
Düşünüb-daşınıb qərara aldım ki, artıq ürəyimdə bəslənib sinəmə sığmayan Borçalı məhəbbətimi, Borçalıda yaşamasa da hər an ürəyi Borçalı eşqi , Borçalı qayğısı ilə döyünən qeyrətli oğulların Vətən üçün gördüyü işlərin bir qismini qələmə alım, sizlərnən paylaşım əziz oxucu. Qərara aldım, ancaq bilmirəm harda nədən başlayım...
Bu yazını əyrilərə əyilməyən Əyriqardan başlayıb “Sınıq körpü”də (indiki Qırmızı körpü) bitirəcəyəm. Söyünçaydan bir az yuxarı, Salamməlik kəndindəki Karvansaranın uçuq divarları hələdə durur. Deyilənə görə Sınıq körpüdən Türkiyəyə yol alan karvanın son dayanacağı bu Karvansara olub. “Yemlikli”dən keçib “Qır dağı”na qalxıram. “Qır dağı”ndan “Sənəyuçan”a boylanıram. Yayın şaqqarrama istisində “Dəlidağı”n başının üstünə bir əlçim bulud kölgə salır, “Şamdüyə”nin sinəsini gün yandırır. “Lök” dağında Soyuqbulaq ağlıyır. “Yel” dağından haray qopur:
Eheheeey... Armudduda Elatdı!!!...
Bu səsə qayalardan kəkliklər uçuşur, turaclar hürküşür. Dağların həsrətdən çatlayan dərə bağrı körüklənir. Sofdərə dərindən bir ah çəkir. Yamacların çiçəyi çırtdıyır. “Leyləkuçan” meşəsinin ağacları müdrik qocalar kimi başını yırğalayır. Yarpaqlar bir-biriynən pıçıldaşır. Şindi pirində mələklər sevincdən qucaqlaşır... Bulaqların gözü dolub qaynayır. Dağ çayları kükrəyib-daşır. Armuddu gölünün gözü gülür, xırçın-xırçın ləpənir... Sən demə yaman qəribsəyibmiş bu yerlər elat sözündən, elatın özündən ötrü. Təbiətin özünü diksindirdi., mürgülü duyğuları oyatdı, Armuddu yaylağındakı Elat bayramı...
Bu bayram, bu təntənə birbaşa “Borçalı” İctimai Cəmiyyətinin və cəmiyyətin sədri Zəlimxan Məmmədlinin adı ilə bağlıdır.
Düşünürəm ki, sısqa bulaqlar olmasa, böyük dəryalar yaranmaz. Vaxtında Göyçə dərdinə yansaydıq, indi Göyçəsiz qalmazdıq. Qarabağ savaşını ciddiyə alsaydıq, indi məğlub durumunda olmazdıq... Təbrizdən, Dəmirqapı Dərbənddən ötrü göyüm-göyüm göynəməzdik. Bir söznən tarixin tərs şilləsi qızartmazdı üzümüzü...
Bəlkə də elə laqeydliyimizin acı nəticəsindən doğan zərurətdən yaranıb “Borçalı” Cəmiyyəti. 1989-cu ilin May ayında bir qrup ziyalı düşünüb-daşınıb Borçalı xəcaləti də çəkməsinlər deyə yaradıblar bu cəmiyyəti. Vətəndaşlıq borcunu, ziyalılıq borcunu, insanlıq borcunu yerinə yetirmək üçün yığışıblar bir yerə. 1989-cu ildən 2009-cu ilə qədər bu cəmiyyət nələr edib, hansı yolu keçib deyə bilmərəm. 2009-cu ildən bu cəmiyyətin fəal üzvü olduğuma görə, cəmiyyətin gördüyü işlərin birbaşa iştirakçısı olduğum üçün tam məsuliyyətimlə deyə bilərəm ki, bu üç ildə (12.04.2009 – 27.02.2012) Zəlimxan Məmmədlinin sədrliyi ilə 97 dəfə irili-xırdalı tədbir   keçirilib.
Zəlimxan bəy bütövlük arzusunu hələ orta əsrlərdə bütöv Azərbaycan sərhədlərini bəlli edən, Azərbaycanın böyük şair və sərkərdəsi Şah İsmayıl Xətainin heykəlində heykəlləşdirdi. Bu heykəlin qoyulmasının ilk təşəbbüskarı Zəlimxan bəy olmuşdu.
İlk dəfə Borçalını da mən 26.07.2009-cu ildə “Borçalı” Cəmiyyətinin xətti ilə Azərbaycan və Gürcüstan respublikalarının birgə keçirdiyi “Elat” bayramında gördüm. Dmanisinin Armuddu yaylasına minlərlə adam toplaşmışdı. Hər iki dövlətin rəsmilərinin, sayılıb-seçilən söz adamlarının, iş adamlarının, mədəniyyət və incəsənət xadimlərinin, tarixçilərin və tərcümanların, onlarca telekanalların da qatıldığı bu izdihamlı tədbirdə mən də var idim. Heyrətdən üzü dağlara tərəf donub qalmışdım. Qarşımda bu yerlərin şair qızı Səadət Butanı gördüm. Qolunu boynuma salıb mənə şeirnən xoş gəldin eləyirdi:
Yolları salmayaq uzağa, Sənəm,
Borçalı yaxındı Qazağa, Sənəm,
Sən bizim dağlara səfa gətirdin,
Canım dost yolunda sadağa, Sənəm.
Mən Ağstafa rayonunun Yuxarı Göycəli kəndinnənəm. Səadət bu yaxınlığa işarə vururdu.
Tribunadan Borçalının dəyərli ziyalısı, filoloq alim Elxan Məmmədlinin gur, oturuşmuş səsi eşidildi. O, tədbirin rəsmi hissəsini açıq elan edirdi.
Minlərlə adama qucağını açan Armuddu yaylasında bir çal-cağır, bir hay-haray başladı ki, gəl görəsən. Bir yanda aşıxlar,bir yanda qara zurna, bir yanda müğənnilər və rəqqaslar, bir yanda idmançıların hünər meydanı, bir yanda çaparların cıdırı. Bir sözlə hər iki ölkə öz incəsənətini, mədəniyyətini yığıb tökmüşdü Armudduya. Yüzlərlə çadırlar qurulmuşdu. Bir az aralıda iri-iri mis qazanlar qaynıyır, samavarlar tüstülənirdi. Bir başqa tərəfdə isə Borçalı qızları-gəlinləri qara sac asıb, nazik yuxa yayırdılar.
Bu vaxt Elxan Məmmədlinin gur səsini eşitdim:
— İndi isə tribunaya şairə Sənəm Səbayeli dəvət edirəm.
Mən səhnədən xeyli aralı olduğuma görə, demək olar ki, qaça-qaça qalxdım tribunaya. Sözə, sənətə çox dəyər verir Borçalı eli. Mən birinci dəfə idi bu boyda izdihamın qarşısında çıxış edirdim. Bu boyda həyəcanın içində teleoperatorların əlimə qarşı daha diqqətli olduqlarını hiss etdim. Qeyri-ixtiyari əlimə baxdım. Sən demə əlimdə çiyələk və kəkotu dəstəsi ilə çıxmışam səhnəyə. Bəlkə də daha çox alqışlanmağımı həmin çiyələk və kəkotu dəstəsinə borcluymuşam. Çıxışımı:
— Baş qarışıb el hayına,
Çatmıram dağ harayına,
Gələcəyəm bal ayına,
Dağlar inciməsin mənnən-
misralarımla tamamladım. Səhnədən yenicə aşağı düşmüşdüm ki, birdən göyün üzünü bulud aldı, gürşad yağış yağmağa başladı. Hamı çadırlara qaçışdı. Təkcə televiziya işçiləri tələm-tələsik aparaturaları yığışdırırdılar. Mən də yavaş-yavaş çadıra doğru gedirdim. Yağış damcıları məni döyəcləyə-döyəcləyə düşünürdüm ki, ruhu şad olmuş Nəbi Xəzri şeirlərinin birində deyib:
“Ömür istiyirəm gürşad yağışlı”.
Heç bir dəqiqə keçməmiş əynimdəki uzun ətəkli paltarımın ətəyindən su süzülürdü. Yağış qəfil başladığı kimi, qısa müddətə qəfil də dayandı. Buludun altından günəş gülümsədi. Şər qarışırdı. Elat karvanı geriyə, Bakıya doğru yol aldı. Borçalının folukulyor nümunəsi sayılan (bu mənim subyektiv fikrimdi) Osman Dərviş və bir qrup Borçalıda yaşayan borçalılar bizi dövlət sərhəddinə qədər yola salırdılar. “Sınıq körpü” (“Qırmızı körpü”) deyilən sərhəd məntəqəsinə çatdıq. Hamımız maşınlardan yerə endik. Vidalaşırdıq. Osman Dərviş bir təpənin üstə çıxıb əlini bizlərə tərəf uzadıb uca səsnən deyirdi:
–- Ayə a camahat, sizə qurvan olom, gedersiniz, gedin. Yolunuz açıx olsun. Ancax eli-ovanı unutmuyun ha!... Gözdüyəjik sizi ... Unutsanız unudulajaxsınız!...
19-21 mart 2010-cu il. Biz yenə “Borçalı” İB-nin xətti ilə Borçalıya Novruz bayramı keçirməyə gəldik. Gəldik ki, el-el, oba-oba gəzib soydaşlarımıza bayramınız mübarək deyək. Biz varıq, sizin yanınızdayıq deyək. Elin adətinə uyğun olaraq bayram payı ilə, Novruz xonçaları ilə gəlmişdik, Borçalılarnan bayramlaşmağa. Allahın verdiyindən, gücümüz çatandan sovqat gətirmişdik. Gecəni Zəlimxan bəyin ata ocağında səhər eliyib, bizə görə xüsusi hazırlıq görən, gəlişimizdən insan övladının sevinə biləcəyi həddə qədər sevinc hissi yaşayan adamlarnan xudahafizləşib üz tutduq Şida Kartili və Kvemo Kartili bölgələrinə. Kənd-kənd gəzib bayram şənlikləri təşkil etdik. Hansı kəndə girirdiksə (bizimçün fərqi yox idi getdiyimiz kənd gürcü kəndidir,ya türk kəndi) maşın karvanımız xüsusi təntənə ilə qarşılanırdı. Gürcülər də bizə qarışıb Novruz bayramı keçirirdilər. Məscidin həyətində Tanrıya şükranlıqla qurban kəsdik və üz tutduq Faxralıya. Faxralı Borçalı ulusunun tərəkəmə həyatı keçirən ağırtaxta ellərindəndi. Bu kəndin mərd oğulları, şairləri, aşıxları həmişə elin adını uca tutub. Faxralının Güllər Pərisi, Sarvan Bayramı,Doşanqulu uşağı, şair Nəbisi ziyalı mühitinə öz dəyərli töhvəsini verib. Biz də elə Faxralı elinə öz sevgi töhvəmizi verməyə gəldik.
Kənddə böyük təmtəraqlı bayram şənliyi təşkil olunmuşdu. Başqa televiziyalarla birgə Xəzər TV-nin “Səyyah” proqramı şənliyi lentə alırdı. Bizim gəlişimiz bu bayrama bir daha bayram sevinci qatdı. Çıxışlar, mahnılar, rəqslər tamamlananda artıq şər qarışmışdı. Təpələrin üstündə tonqallar alovlanırdı. Cavanlar əllərində məşəl cıdır meydanına yığışmışdılar. Meydana seçmə cıdır atları, atların üstündə seçilmiş el igidləri gəldilər. Cıdır başlandı. Bir tərəfdə də cavanlar “Dirədöymə” oynayırdılar. Belə qədim mərasimlərin keçirilməsi insanın xəyalını tarixin keçmiş qatlarına “Dədə Qorqud” zamanına aparır. Sizcə “Dirədöymə” və “Cıdır” yarışı gənclərin gələcək igidliklərinə bir hazırlıq deyilmi? Məncə belədir!
21 Mart 2010-cu il. Həmin gün Borçalının mərkəzi sayılan Marneuliyə gəldik. Burda, mərkəzi meydanda böyük bir izdiham var idi. İzdihamın üzərində Azərbaycan və Gürcüstan bayraqları yellənirdi. Ən yadda qalanı isə Gürcüstan prezidenti Mixail Saakaşvilinin bizləri Azərbaycan türkcəsində təbrik etməsi və Novruz bayramını bu gündən etibarən Gürcüstanın da dövlət bayramı kimi qeyd etməsi barədə verdiyi sərəncam oldu. Biz növbəti tədbirimizi keçirmək üçün Ağtəhləyə gəldik. Kənd camaatı meydana toplaşıb bizi gözləyirdilər. Tədbirdən sonra Aydın bəy bizi dədə-baba ocağında ağırladı. Aydın Bakıda yaşayan və işləyən Borçalılardandır. Biz dörd qadın Bakıdan onun maşınında gəlmişik. Yolboyu çox əziyyətimizi çəkib, nazımıznan oynayıb Aydın bəy. Mərd, təmkinli və tərbiyəli adamdı. Səhəri gün səfərimiz Kəpənəkçiyə idi.
Kəpənəkçi. Təkcə bu sözdə kodlaşan Borçalının tarixi deyilmi? Bu söz bu yurdun ən qədim Türk yurdu olduğunu sübut edir. Kəpənək – Ço! Yəni yapıncılı kişi! Məncə toponimlər tarixi faktdır. Borçalının neçə yüz illik poeziya tarixində saf çeşmə kimi qaynayan bulaqlardan biri də Kəpənəkçi Alxas ağa Hacallının adıdı. Mən heç Kəpənəkçidə olmamışam. Amma bilirəm ki, ilk və ən çox vəsait xərclənən məscid Kəpənəkçidədir. Bu məscid geniş imkanları, həm də milli qeyrəti olan bir Kəpənəkçi balasının vəsaiti ilə tikilib. Bəzən qeyrəti olanın pulu, pulu olanın qeyrəti olmur. Xoş o elin halına ki, həm pulu, həm də qeyrəti olan oğulları var. Yaxşılar yaxşı ki var...
Mən Kəpənəkçini ziyarət eliyə bilmədim. Çünki Bakıda bir çox problemlər qoyub gəlmişdim. Qayıtmalıydım. Qayıtdım da. Ancaq növbəti səfərlərin birində o cənnətməkan diyarı gəzib-görmək, Kəpənəkçinin qeyrətli, qüdrətli, el arxası, dəyərli ziyalısı olan, “Kəpənəkçi” Cəmiyyətinin sədri, mənim mənəvi qardaşım Rəşid müəllimin evində qonaq olmaq boynumun borcu olsun.
Borçalıya üçüncü səfərim 26.05.2010-cu ildə oldu. Bu gün Gürcüstanın müstəqillik günüdür. Biz “Borçalı” Cəmiyyətinin Bakıdakı üzvləri və Gürcüstanda yaşayan bir qrup Azərbaycanlılar Tiflisə yürüş etdik. Azərbaycanın və Gürcüstanın bayraqları və dostluq şüarları ilə birlikdə Tiflisin mərkəzi küçələri ilə addımlayırdıq. Tiflis bizi bağrına basmışdı. Gürcülər bizi sevinclə alqışlayır, telekanallar yayımlayırdı. Tiflisdə ümummilli lider Heydər Əliyevin heykəli önünə əklil qoymaqla səfərimizi başa çatdırdıq.
Borçalıda bu cür tədbirlər vaxtaşırı keçirilir və gələcəkdə keçirilməsi də gündəmdədir. Sizləri də növbəti Elat mədəniyyəti günlərində Borçalıda görmək arzusu ilə Allaha ismarlayıram əziz oxucu.
Sənəm SƏBAYEL
 
 



Bu yazı ( 182 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar