12px14px16px18px

Prezident bölgələrdə səfərdə oldu

02:02 / 14.03.2012  
Dünən Azərbaycan prezidenti İlham Əliyev Astara rayonuna səfər edib. APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Astara şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Məlumat verilib ki, abidənin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.İlham Əliyev martın 13-də Astara Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşüb. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və ən müasir tibbi avadanlıqla təchiz edilib. Xəstəxanada qəbul, mama-ginekologiya, cərrahiyyə, reanimasiya, intensiv terapiya şöbələri, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, palatalar, əməliyyat blokları, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir. Dövlət başçısı xəstəxananın kollektivi ilə görüşüb.İlham Əliyev martın 13-də YAP Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Qeyd edilib ki, hazırda YAP Astara rayon təşkilatının üzvlərinin sayı 5 min 831 nəfərdir. Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib. Azərbaycan Prezidenti İlham Əliyev Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında da iştirak edib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Bildirilib ki, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunub. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir. Qəsəbənin girişində Bayraq Meydanı tikilib, dirəyinin hündürlüyü 25 metr olan dövlət bayrağı ucaldılıb. Ərazidə istirahət parkı da salınıb. Qəsəbəyə gedən yol genişləndirilib, yol boyu abadlıq işləri görülüb. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına qəsəbədə kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarının təmirinə başlanıb və hazırda işlər davam etdirilir. Anbarın tutumu 6,3 milyon kubmetr, dərinliyi 17 metrdir. Burada yerləşən 4 aqreqatlı nasos stansiyasının köməyi ilə 1250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Prezident kənd sakinləri ilə görüşüb. İlham Əliyev dünən Masallı rayonuna da səfəri edib. O, Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, ümummilli liderin adını daşıyan park yenidən qurulub. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılıb. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait var. Azərbaycan Prezidenti Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxıb. Bildirilib ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməyib. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanıb. Qeyd edilib ki, 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur. Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan prezident müvafiq tapşırıq və tövsiyələrini verib. Daha sonra prezidentin iştirakı ilə Masallıda Gənclər Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanıb.Binada Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısını əks etdirən fotoguşələr, 3D formatlı 120 tamaşaçı yeri olan kino zalı, sərgi salonu, elektron və pnevmatik tir otaqları, pleysteyşn otağı, rəsm qalereyası, 30 nəfərlik konfrans zalı, xarici dil kursu, 15 nəfərlik kompyuter kursu, elektron və multimedia kitabxana, karaoke otağı və kafe fəaliyyət göstərir. Prezident İlham Əliyev Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonundan olan gənclərlə görüşüb.


Bu yazı ( 152 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar