12px14px16px18px

“Quranın yandırılmasına İranın susması heç cür izah oluna bilmir”

MÜBARİZ ƏHMƏDOĞLU: “İRAN RƏHBƏRLİYİ GÖRƏSƏN, DAHA ÇOX ABŞ-dan, İSRAİLDƏN, YOXSA ÖZ XALQINDAN QORXUR?”

01:44 / 14.03.2012
Hər zaman xarici dövlətlərin daxili işinə qarışmaqda maraqlı olan İran rejimi bu dövlətləri insan azadlığının, hüquqlarının təmin olunmamasında günahlandırır. Fars rejiminin belə yanaşmasını ölkəmizin daxili işinə qarışaraq, absurd fikirlər səsləndirməsini bir neçə dəfə müşahidə etmişik. Amma bütün bunlara rəğmən İran hakimiyyəti öz xalqının hüquqlarını kəskin şəkildə pozur. Habelə islam dininə, müsəlmanlara qarşı baş verən olaylara heç bir müsbət reaksiya vermir. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu İranda və onun ətrafında baş verən proseslərin əksəriyyətinin başa düşülməsinin çətin olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün İran mentalitetinə mümkün olan qədər bələd olmaqla yanaşı, cari prosesləri də izləmək vacibdir. Onun fikrincə, uzun müddət Qərb İran mentalitetini bilmədiyi halda, yalnız cari prosesləri izləməklə nəticələr çıxarıb: “Nəticədə Qərb İranı hədsiz güclü dövlət kimi təsəvvür edirdi. Qərbli mütəxəssis İranın hər hansısa bir rəsmisinin fikirlərini götürür, şişirtməni nəzərə alır, yenə də İranın gücü barədə çox iri təsəvvür əldə edirdi. Amma son dövrlərdə qərbli mütəxəssislər İranı tanımağa, bu ölkədə ritorika ilə reallıq arasında böyük uçurumun olduğunu görməyə başlamışlar. Bu vaxta kimi görməyənlər və başa düşməyənlər də bundan sonra çox şeyin mahiyyətini başa düşəcəklər. Misal üçün, şiə dövləti Aşura mərasimindən sonrakı gecəni qeyd etməyə qoymur. “Şami Qəriban gecəsi” adlanan bu gecə artıq Kərbəlada şəhid olmuşlara onun yaxınları tərəfindən yas tutulması deməkdir. İranda bu mərasim əsrlər boyu icra edilsə də, hakimiyyətdə olan dindarlar indi bu mərasimin keçirilməsinə icazə vermirlər. Əfqanıstanda ABŞ hərbçilərinin Quranı yandırmasına İranın susması heç cür izah oluna bilmir. Sanki amerikalılar Əfqanıstanda əfqanlara məxsus Quranı yandırıblar və burada yandırılan Quranın İran İslam Respublikasına heç bir aidiyyəti yoxdur. İslam dinini basıb-yeyən, onun vasitəsilə bütün dünyaya hədə-qorxu gələn, özlərinin, balalarının gün-güzəranını Qurani-Kərimlə quran ayətullahlar və digər dindarlar Əfqanıstanda Quranın yandırılmasına bir dənə də olsun etiraz bildirmədilər. Azərbaycanda 20-30 körpə qız məktəblinin məktəbə hicabsız getməsinə münasibət bildirmək üçün növbəyə duran ayətullahlar indi susublar. İranın heç bir şəhərində, heç bir müəssisəsində Quranı yandıran ABŞ hərbçilərinə qarşı etiraz aksiyası keçirilmədi. Əlbəttə, kimsə fikirləşə bilər ki, dini və rəsmi Tehran bununla ABŞ-a xoş mesaj verir: “səndən ötrü din nədir, canımın yarısından keçərəm”. Politoloq İranın rəhbərliyinin axır çərşənbənin bayram kimi qeyd edilməsinə qadağa qoyulduğunu da xatırladıb: “Axır çərşənbənin mənşəyi barədə çoxlu fikirlər var: bu bayramın kökünü atəşpərəstliyə bağlayan alimlər də mövcuddur; sonradan İran teosofları bunu İslam dininə bağlaya bildilər. “Muxtarnamə” filmi haqqında ağız dolusu danışan iranlılar Muxtarın əsas atributunun qeyd olunmasından qorxurlar, çünki əhali evindən bayıra çıxa, şənlənə, bayram edə, bir yerə toplaşa bilər. Bu üç hadisədə, yəni “Şami Qəriban gecəsi”nin, axır çərşənbənin qeyd olunmasına və Əfqanıstanda ABŞ hərbçilərinin Quran yandırmasına kütləvi etirazlara icazənin verilməməsinin bircə səbəbi var: İranın indiki rəhbərləri öz əhalisindən qorxurlar. Rəsmi və dini Tehran bilir ki, əhalinin əlinə imkan düşən kimi, başqa sözlə, özlərinin termini ilə desək, İran xalqı səhnəyə gələn kimi İranın rəhbərləri heç pərdənin arxasında da qala bilməyəcəklər. Ortaya maraqlı sual çıxır: İran rəhbərliyi görəsən, daha çox ABŞ-dan, İsraildən, yoxsa öz xalqından qorxur? Mənim üçün bu sualın cavabı aydındır. Dildə ABŞ-ı, Qərbi söyən İran ABŞ və Qərblə hər cürə münasibətlərə getməyə hazırdır. Ötən il ABŞ-la İran arasındakı ticarət mübadiləsi göstəricilərinin artmasını İran mətbuatı düz bir ay qeyd etdi (ABŞ İrandan bir az artıq məhsul almış və texniki-texnoloji məhsulların İrana bir az artıq satılmasına icazə vermişdi)”. M.Əhmədoğluna görə, rəsmi və dini Tehran öz xalqlarını tərifləsə də, əslində, ona zülm etməklə məşğuldur. O bildirib ki, son illərdə İranın ümumi sosial-iqtisadi inkişaf göstəriciləri aşağı düşməklə yanaşı, əhalinin də vəziyyəti xeyli çətinləşib: “Bir azdan siz də bu qənaətdə olacaqsınız ki, məntiqlə rəsmi və dini Tehran öz xalqından daha çox qorxur, nəinki ABŞ-dan. İranın hakimiyyətində arada “məntiq axtarma yarışı” keçirilir. Görünür, bu məntiqə hələ gəlib çatmayıblar. İranın rəhbərlərinin son iki qadağası – Əfqanıstanda Qurani-Kərimin yandırılmasına etiraz nümayişlərinin və axır çərşənbə şənliklərinin qadağan olunması İranda parlament seçkilərindən sonraya düşür. Parlament seçkilərində xalqın iştirakını tərifləməsinə baxmayaraq dini və rəsmi Tehran xalqın parlament seçkilərində iştirak ilə bağlı real vəziyyətin nədən ibarət olduğunu bilir və məhz bu vəziyyətə uyğun addımlar atır”.
Aqil LƏTİFOV


Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar