12px14px16px18px

Folklor İnstitutunda Novruz bayramına həsr olunmuş elmi sessiya keçirilib

01:03 / 13.03.2012
Martın 9-da AMEA Folklor İnstitutunda “Azərbaycan mədəniyyətində Novruz” adlı elmi sessiya keçirildi. Tədbiri giriş sözüylə AMEA Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov açaraq sessiyanın keçirilməsi məqsədi haqqında bilgi verdi: “Sessiyanın məqsədi Azərbaycan xalqının qeyri-maddi, mədəni irsinin bərpası, qorunması, tədqiqi və təbliği sahəsində dövlət siyasətinin tərkib hissəsi kimi xalq bayramlarının, o cümlədən Novruzun tarixi, müasir mədəniyyətimizdə yeri və durumu, xalqımızın milli özünüdərkində əhəmiyyəti, onda daşınan dəyərlərin qorunması imkanları və s. mövzularda çağdaş elmi qənaətlərin ümumiləşdirilməsidir”. Daha sonra M.İmanov Novruzun böyük bir mədəniyyət hadisəsi olduğunu qeyd edərək bu bayramla bağlı aydın və habelə mübahisəli məsələlərin olduğunu bildirdi. Novruz çərşənbələrindən söz açan M.İmanov bu mövzuda bir çox araşdırmaçıların fərqli düşüncələrinin olduğunu bildirdi, çərşənbələrin sıralanmasının müxtəlifliyindən, çoxvariantlığından, bunun da folklor qanunauyğunluğu ilə bağlı olmasından bəhs etdi. Onu da ayrıca vurğuladı ki, folklora folklor mədəniyyəti hadisəsi kimi baxmaq, habelə Novruzla bağlı məsələlərə geniş yanaşmaq gərəkdir. AMEA Folklor İnstitutu “Müasir folklor” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat Novruz bayramı ilə bağlı müxtəlif qaynaqlarda məlumatların olmasından söz açdı, əcdadlarımızın fəhmən gecə-gündüz bərabərləşməsini duymasının, bilməsinin astronomik tərəflərinə diqqət çəkərək qeyd etdi ki, bayramın təməlində duran əsas məsələ “ölüb-dirilən” təbiətdir. F.Bayat Novruzla bağlı orta yüzilliklərə aid elmi-tarixi əsərlərdə bayramın mahiyyəti ilə bağlı müəyyən yanlış yozumların olduğunu da diqqətə çatdırdı. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru Güllü Yoloğlu çərşənbələr mövzusunda çıxış etdi. Azərbaycanın bölgələrində çərşənbələrin müxtəlifliyindən, fərqli şəkildə adlanmasından söz açdı. AMEA Folklor İnstitutu “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rafiq İmrani “Novruz və musiqi folkloru” mövzusunda çıxış etdi, xalqımızın Novruzla bağlı silsilə və kütləvi xarakterli musiqilərinin olduğunu bildirdi. Qeyd etdi ki, Novruz ənənəmizdə musiqi folklorumuzun bütün imkanları yaradıcı şəkildə ifadəsini tapıb. ADPU Folklor Mərkəzinin müdiri, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı SSRİ-nin ərəfəsində milli bayramların bərpası, o cümlədən Novruzla bağlı bayram mərasimlərinin keçirilməsinin yenidən təşkili ilə bağlı görülən işlərdən danışdı. Söylədi ki, o zaman bayramın mütəşəkkil şəkildə keçirilə bilməsi üçün respublika rəhbərliyi səviyyəsində bayramla bağlı vəsaitlərin hazırlanması sifariş olunub. O dövrün folklorçuları, o cümlədən onun özü də bu prosesdə iştirak edib. Əldə olan azsaylı tədqiqatlardan qısa bir zamanda Novruz bayramı ilə bağlı kitab hazırlanaraq təqdim edilib. AMEA Folklor İnstitutu “Mərasim folkloru” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil “Türk xalqlarının yaz bayramları və Novruz” mövzusunda məruzə etdi. Məruzəçi Novruzda qeyd olunan bir sıra mərasim komponentlərinin türk xalqlarının arxaik ritualları ilə bağlı olduğunu və onların yaz mövsümü ilə bağlı bayramlarında indiyədək qorunub qaldığını diqqətə çatdırdı. Onun müşahidələrinə görə, yaz mövsümü ilə bağlı bayramların əsasında günəş və od kultu ilə bağlı arxaik rituallar dayanmaqdadır. Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, institutun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev, “Mifologiya” şöbəsinin elmi işçisi Elçin Qaliboğlu və başqaları məruzələr ətrafında çıxışlar etdilər. Müzakirələri ümumiləşdirən M.İmanov bu cür elmi müzakirələrin əhəmiyyətini vurğuladı. Bildirdi ki, folklorda çoxvariantlığa təbii baxmaq lazımdır. Elmin hüdudu yoxdur. O, Novruzla bağlı araşdırmaların bundan sonra da aparılmasına ehtiyacın olduğunu bildirdi. Sonda qərara alındı ki, elmi sessiyada edilən məruzələrin mətni “Dədə Qorqud” jurnalında nəşr edilsin.


Bu yazı ( 236 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar