12px14px16px18px

Bakıda daha bir yeni yeraltı avtomobil dayanacağı tikilir

01:03 / 13.03.2012
Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırıqlara və Bakının Baş Planına uyğun olaraq Azərbaycan paytaxtının Füzuli, Səməd Vurğun, Mirzağa Əliyev və Şıxəli Qurbanov küçələrinin əhatə etdiyi (Akademik Milli Dram Teatrının qarşısındakı) ərazidə çox pis vəziyyətdə olan mənzillər və qeyri-yaşayış sahələri hər kvadrat metrinə 1500 manat ödənilməklə köçürülür. “APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, bu ərazidə ümumilikdə 2000-ə yaxın mənzil və qeyri-yaşayış sahələri olub ki, onların da 95 faizi köçürülüb: “Söküntü işləri gələn ayın sonuna qədər başa çatdırılacaq. Yenidənqurma işləri aparılan ərazidə kommunikasiya xətləri də dəyişdirilib”. H.Abutalıbov qeyd edib ki, ərazidə 4500 avtomobil tutumlu ikimərtəbəli yeraltı dayanacaq tikilir: “Onun üzərində isə yaşıl park salınacaq. Bu işlər 2013-cü ilin sonuna qədər yekunlaşmalıdır. Bununla da bu ərazidə olan yol kənarlarında və səkilərdə maşınların dayanması, tıxac problemi həll olunacaq. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakıda yol kənarlarında və səkilərdə maşınların dayanması qadağan olunacaq”. Azadlıq meydanında 2500 avtomobil tutumlu ikimərtəbəli yeraltı dayanacağın tikildiyini xatırladan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bununla da paytaxtın mərkəzində 7000-ə qədər avtomobilin dayanması üçün şərait yaradılacağını söyləyib: “Eyni zamanda Azərbaycan prospektində, Fəvvarələr meydanı ərazisində tutumu 250 avtomobil olan yeraltı və yerüstü avtomobil dayanacağı tikilir”. Hacıbala Abutalıbov onu da deyib ki, Hazırda Bakı şəhərinin Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş vermiş zonada əhali və binalar üçün heç bir təhlükə yoxdur. Onun sözlərinə görə, Əhmədli qəsəbəsində 61 və 63 saylı binaların yerləşdiyi zonada sürüşmənin baş verməsinə qar yağması, kanalizasiya və su xətlərində baş verən sızma səbəb olub: “Araşdırmalar zamanı həmin binalarda yaşayan əhalidən 1 həftəliyə köçmələri xahiş olunmuşdur və bu müddət ərzində 22 metrdən 28 metrədək quyular qazılıb. Hazırda sular çəkilir və demək olar ki, sızıntılar yoxdur. Əhalinin 1 həftəliyə köçürülməsinə baxmayaraq, 3 gündən sonra onlara evlərinə qayıtmalarına icazə verilib. Onlar bütün kommunal xidmətlərlə təmin olunub. Bu gün həmin zonada əhali və binalar üçün heç bir problem və təhlükə yoxdur”.


Bu yazı ( 151 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar