12px14px16px18px

“İnsanların beynindəki polis zorakılığı mifini dağıtmaq istəyirik”

00:51 / 13.03.2012
“Gənclərin Hüquqlarını Müdafiə Komitəsi”nin (GHMK) martın 17-də mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə “525”ə Komitənin və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının üzvü Samir Əsədli məlumat verib. Bu məqsədlə martın 5-də meriyaya müraciət etdiklərini bildirən S.Əsədli yaxın günlərdə onlara cavab veriləcəyini deyib: “Qanunvericiliyə görə, martın 14-də bizə cavab verilməlidir. Biz komitə olaraq hazırlıqlarımızı davam etdiririk. Belə ki, biz mitinq öncəsi bir sıra təbliğat-təşviqat işləri görürük. Sosial şəbəkələrdə mitinqə hazırlıq üçün təbliğat aparılır, gəncləri mitinqə çağırırıq. Bundan əlavə, video-roliklər, müxtəlif formada şəkillər hazırlanıb, onlar sosial şəbəkələrdə yayımlanır və bu kimi digər vasitələrlə insanları mitinqə dəvət edirik. Hazırkı mərhələdə bunları həyata keçiririk”. S.Əsədlinin sözlərinə görə, bu kimi vasitələrdən gənclər arasında siyasi fəallığı artırmaq və nikbin əhval-ruhiyyə yaratmaq məqsədi ilə istifadə edirlər: “İstəyirik ki, heç bir təşkilatlara qoşulmayan gənclər də aksiyalara qoşulub haqqlarını tələb etsinlər. Və bu yolla cəmiyyətdə olan passivliyi və ətaləti aradan qaldıraq. Həmçinin bu aksiyaları keçirməklə polis xofunu aradan qaldırmağı düşünürük. İcazəli aksiyalarla polislə qarşıdurma yaratmamaq, insanların beynindəki polis zorakılığı mifini dağıtmaq istəyirik. Sosial şəbəkələrdə aparılan təbliğatdan aydın olur ki, gənclər arasında əhval-ruhiyyə yüksəkdir və müstəqil gənclərdə bizə dəstək olacaqlar”. S.Əsədli sosial şəbəkələrdə mitinq yeri göstərilmədiyini də qeyd edib: “Biz, müraciətdə Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunu və Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı göstərmişik. Aksiyada “Qarabağ!” və başqa şuarları səsləndiriləcək. Hesab edirik ki, şəhərə yaxın yerlərdən hansı meydan verilsə, mitinq orda olacaq. Ona görə də, mitinq keçiriləcək məkan konkretləşəndən sonra, təbliğat daha konkret yerə görə intensiv formada davam etdiriləcək. 4 mart mitinqinə icazə vermədilər və biz icazəsiz aksiyaya getmədik. Konkret olaraq meriyanı məhkəməyə verəcəyik, artıq məhkəməyə müraciət üçün sənədlər hazırdır. Bu dəfə mitinq keçirmək üçün yer ayırılmasa biz, “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi” olaraq martın 17-i şəhərin mərkəzində “Sərbəst toplaşma azadlığı təmin edilsin” şüarı ilə yürüş keçirəcəyik”. Qeyd edək ki, “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi”ndə 9 təşkilat – VHP, Müsavat, ADP və AXCP-nin gənclər təşkilatları, həmçinin “Azad gənclik”, “Nida”, “Dalğa”, “Müsbət Dəyişiklik”, “İnsan Haqları” təmsil olunur”.
AQİL


Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar