12px14px16px18px

Xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm sərgisi keçirilib

14:14 / 08.03.2012
Dünən Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan) “Bakcell” şirkətinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların “8 martdır, anacan” adlı rəsm sərgisini təşkil edib. Beynəlxalq Qadınlar gününə həsr edilmiş sərgidə uşaqlar həmçinin canlı olaraq rəsm çəkib istedadlarını nümayiş etdiriblər.
Rəsm sərgisi “Bakcell”in Korporativ Sosial Proqamının dəstəyi ilə UAFA tətəfindən həyata keçirilən “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsinin komponentlərindən biridir. Layihə çərçivəsində ünsiyyət problemli uşaqlara rəsm, eyni zamanda rəqs, foto, tikiş, idman dərsləri keçilir, onlara öz fikir və təxəyyüllərini bu yolla ifadə etmək imkanı verilir.
UAFA İctimai Əsaslı Reabilitasiya Mərkəzinin meneceri Ülviyyə Mirzəyeva bildirib ki, artıq iki ildir bu dərnəklərə qatılan xüsusi qayğıya ehtiyacı olan uşaqların ünsiyyət bacarıqlarında ciddi inkişaf nəzərə çarpır: “Reabilitasiyaya ehtiyacı olan uşaqların valideyinləri özləri bizə müraciət edirlər. “Bakcell” şirkəti də 40-dan artıq üzvü olan rəsm dərnəyimizə hərtərərfli dəstək göstərir. Bu uşaqların ləvazimatlarla təminatından tutmuş, müəllimlərin əməkhaqqına qədər məsələləri əhatə edir”.
Rəsm müəllimi Aysel Əmirova müxtəlif əlilliyi olan bu uşaqların iki həftədir qadınlarımıza həsr olunmuş bu sərgiyə böyük həvəslə hazırlaşdıqlarını söyləyib. Onun sözlərinə görə, bu uşaqlarla əvvəllər işləmək çətin olsa da, sonradan onlara bağlanırsan və hər biri ailə üzvünə çevrilir”.
Yaponiyada keçirilən rəsm sərgisində birinci yeri tutmuş 14 yaşlı Şamxalın anası Zəhra Xələfova bildirib ki, oğlu autizmdən əziyyət çəkir. Onun sözlərinə görə, oğlu bu mərkəzin dərnəklərinə qatıldığı gündən daim buradakı uşaqları göstərilən diqqət və qayğının şahidi olub: “Bir valideyn olaraq Şamxalın bu dərnəklərdə fəaliyyəti üçün heç bir vəsait ödəmirik. Hər bir ləvazimat, uşaqların təhsili şirkət tərəfindən təmin olunur. Həmin diqqətin sayəsindədir ki, istedadlı uşaqlar müxtəlif yarışlarda ön yerləri tutur”.
Xatırladaq ki, ötən il layihənin bir ilinin yekununda “Bakcell Stars”ın dəstəyi və xüsusi qayğıya ehtiyaclı uşaqların iştirakı ilə “Əlvan arzularım” adlı möhtəşəm konsert proqramı təşkil edilib. Şirkətin keçirdiyi SMS kampaniya nəticəsində əldə olunan ianələr yenidən layihəyə yönəldilib. Bunun sayəsində ilk olaraq UAFA-nın Yasamal Ailə Dəstək Mərkəzində icra olunan layihə sonradan Xaçmaz və Gəncə icma əsaslı reabilitasiya mərkəzlərini də əhatə edib. Hazırda 200-ə yaxın əlilliyi olan uşaq bu proqramdan faydalanır. Dərnəklərə qatılan uşaqlar indiyə kimi bir neçə respublika səviyyəli müsabiqələrin qalibi olublar. Layihəyə cəlb olunan psixoloqlar, cəmiyyətdən təcrid olunmuş belə uşaqlara psixoloji yardım göstərir, həmçinin layihənin fəaliyyətində yaxından iştirak edən Valideyn Birliyi üzvlərinə dəstək olur. Artıq Ailə Dəstək Mərkəzinin xidmətlərindən istifadə edən hər bir xüsusi qayğıya ehtiyaclı uşağın psixoloji pasportu var.
BƏXTİYAR




Bu yazı ( 134 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar